“Yeni Müsavat” Müsavat Partiyasından güclüdür

Bunu abunə kampaniyası bir daha sübut etdi

Ölkənin aparıcı müxalifət qəzeti olan "Yeni Müsavat" qəzeti maliyyə çətinliyindən xilas olmaq üçün abunə kampaniyasına başlayıb.  Qəzetin yazdığına görə, ölkənin siyasi, ictimai, QHT, media nümayəndələrindən və inanclı cameədən "Yeni Müsavat"a möhtəşəm dəstək gəlib, kampaniyanın ilk günü 1100 nəfər qəzetə abunə olub. Kampaniyaya professor Rafiq Əliyev, şair Ramiz Rövşən, millət vəkili Çingiz Qənizadə, Pənah Hüseyn, Ümid Partiyasının funksionerləri, media kapitanları və sayt rəhbərləri, DEVAM sədri Molla İlqar, politoloqlar Zəfər Quliyev, Ərəstun Oruclu, sabiq daxili işlər naziri İsgəndər Həmidov, KXCP üzvü Zəlimxan Məmmədli və digər şəxslər qatılıblar. Rauf Arifoğlu bu kampaniya ilə siyasi piar işini yaxşı bildiyini sərgiləmiş oldu. Bir günə 1100 abunə "Yeni Müsavat" qəzetinin, onun baş redaktorunun uğurudur. "Yeni Müsavat" qəzeti müxtəlif cameədən olan 1100 adamı ətrafına toplaya bilibsə, bu ciddi nəticədir. Qəzetçiliyin ciddi şəkildə böhran keçirdiyi, elektron KİV-in təşəbbüsü ələ aldığı bir zamanda "Yeni Müsavat"ın bu uğuru heç şübhəsiz ki, Rauf Arifoğlunun və onun komandasının adına yazılmalıdır. AXCP-nin "Pravda"sı adını almış "Azadlıq" qəzeti bu addımı təkrarlaya bilməz. Əvvəla, qəzet tamamilə siyasiləşib, partiya qəzetinə çevrilib, müstəqil media prinsiplərindən uzaqlaşıb. İkincisi, qəzet AXCP sədrinin "döyüş vərəqi"nə çevrilib. Və nəhayət, bu qəzetin rəhbərini Rauf Arifoğli ilə müqayisə etmək mümkün deyil. Rauf Arifoğlu ona baxanda daha peşəkardı, qat-qat güclü menecerdi. 

"Yeni Müsavat"ın abunə kampaniyası qəzetin bir partiyadan qat-qat güclü olduğunu göstərdi. Rauf Arifoğlunun qəzetinin siyasi proseslərə, ictimai rəyə təsiri Müsavat Partiyasından və AXCP-dən artıqdır. Baş yazarın təkcə yaydakı fəaliyyəti  bu adamın İsa Qəmbər və Əli Kərimlidən daha cəsarətli olduğunu göstərdi. İsa Qəmbər Milli Şuranın yaranmasına dirəniş göstərdi, amma cəsarətli addım atıb son sözü deyə bilmədi. Arif Hacılı, Pənah Hüseyn kuluarlarda, məclislərdə, əyalət müxalifətçiləri ilə söhbətdə dedikləri "Milli Şura rus projesidir" fikrini siyasətdə açıq deyə bilmədilər. İsa Qəmbər qəbul etmədiyi Rüstəm İbrahimbəyova qarşı çıxmaq cəsarətini özündə tapa bilmədi. Amma bir neçə partiyanın, bir neçə iriçaplı siyasətçinin edə bilmədiyini Rauf Arifoğlu etdi. Fikrini ürəyində saxlamadı, açıq dedi. Siyasi proseslərin axarını və Milli Şuranın vahid namizədini dəyişdi. Bu gün abunə kampaniyasına gəlib şəkil çəkdirən siyasilər sanki Arifoğluna vəfa borcunu verirlər. Onları Milli Şura əzabından qurtardığına görə.

Bu kampaniya həm də Rauf Arifoğlunun böyük siyasətdə növbəti addımı sayıla bilər. Baş yazar artıq siyasi lider səviyyəsinə yüksəlib. Rauf Arifoğlu siyasi təşkilat yaradası olsa, abunə kampaniyasına gəlmiş ünlülər və sadə insanların çoxu ona dəstək verəcək. İctimai rəy ənənəvi müxalifət liderlərindən yorulub, usanıb. Arifoğlu yorulmuş ənənəvi müxalifətin "ikinci nəfəsi" kimi ortaya çıxa bilər.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00