Avropa Parlamentində Azərbaycandaki dini azliqlar müzakirə olunub

Ölkəmizin təcrübəsi müsbət qiymətləndirilib

Avropa Parlamentinin  Brüsseldəki mənzil-qərargahında "Sərhədsiz İnsan Hüquqları" beynəlxalq təşkilatı tərəfindən hazırlanmış "Azərbaycanda dini azlıqlar: tarixdən müstəqilliyə doğru" adlı hesabatın təqdimatı keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə,  təqdimatı giriş sözü ilə açan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Corc Şöpflin sənədə əsasən Azərbaycanda dini azlıqların qarşılıqlı hörmət əsasında dinc yanaşı yaşadığını və bunun yüksək dəyər olduğunu vurğulayıb. Sonra "Sərhədsiz İnsan Hüquqları" təşkilatının sədri Villi Futre rəhbərlik etdiyi təşkilatın hazırladığı hesabatı diqqətə çatdırıb. Bildirib ki, hesabat son altı ay ərzində  SİH üzvlərinin  Azərbaycana bir neçə dəfə həyata keçirilmiş səfərləri zamanı sahə tədqiqatları əsasında hazırlanıb. Hesabatda qeyd edilir ki, Azərbaycanda dövlətin dini məsələlərə münasibətdə balanslaşdırılmış siyasəti sosial ədalətə və ayrı-seçkiliyin qarşısının alınmasına verilən mühüm töhfədir. Hesabatın nəticələrinə əsasən Avropa İttifaqına Azərbaycanla strateji əlaqələri möhkəmləndirmək, Azərbaycanın tolerantlıq modelini region ölkələri, dini konfliktlərdən əziyyət çəkən ölkələr, həmçinin digər müsəlman ölkələri ilə paylaşmasına yardım etmək tövsiyyə edib. Hesabatın təqdimat mərasiminə xüsusi qonaq qismində dəvət edilmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov təqdim edilən tədqiqatın Azərbaycanda dini tolerantlığı və dövlət-din münasibətlərin əks etdirən və Avropa təşkilatları tərəfindən hazırlanmış ilk sənəd olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Bu hesabat ölkəmiz barədə Avropa Parlamentində səslənmiş obyektiv reallığa söykənməyən bəzi hesabatlardan fərqli olaraq Azərbaycanda dinlərarası tolerantlığın yüksək səviyyəsini obyektiv şəkildə əks etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00