Soçi olimpiadasından sonra Qarabağda müharibə başlayacaqmı? - AÇIQLAMA
Elxan Şahinoğlu: “Dağlıq Qarabağda başlayacaq müharibənin miqyası əvvəlkindən daha geniş olacaq”
13 Noyabr 2013 13:33 Siyasət"Rusiya Soçi olimpiadası ərəfəsində yaxın bölgədə müharibənin olmasını istəmir. Amma bu o demək deyil ki, olimpiada başa çatdıqdan sonra Dağlıq Qarabağda müharibə ehtimalı artacaq. Çünki müharibənin başlaması tərəflərin heç birinin xeyrinə deyil" - "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu Rusiyanın Soçi şəhərində keçiriləcək qış olimpiada oyunlarından sonra Dağlıq Qarabağda müharibənin başlanacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. E.Şahinoğlu bildirib ki, Azərbaycanın özü də 2015-cü ildə Avropa Olmipiada, 2017-ci ildə İslam Həmrəylik oyunlarına ev sahibliyi edəcək. Bu və digər səbəblərə görə Azərbaycan bölgədə sabitliyin hökm sürməsində maraqlıdır. Politoloq hesab edir ki, II Qarabağ müharibəsinin miqyası əvvəlkindən daha geniş ola bilər: "Məsələyə İran, Rusiya qarışa bilər. Həmçinin Azərbaycanın regionda reallaşdırdığı beynəlxalq enerji layihələri təhlükə altında qalacaq. Lakin bütün bunlara baxmayaraq Azərbaycan Dağlıq Qarabağla bağlı mövcud status-kvo ilə barışmır. Azərbaycan hakimiyyəti də məsələ ilə bağlı tamam fərqli siyasət xətti götürüb. Dövlətin qarşısında duran əsas məqsəd Ermənistanı tamam taqətdən salmaqdır. Azərbaycanın iqtisadi imkanları genişləndikcə Ermənistan bizimlə yarışa girməkdən çəkinir. Bu gün Ermənistanın vəziyyəti sırf Azərbaycanın iqtisadi potensialına görə gərginlik altındadır. Belə hesab edirəm ki, yaxın gələckdə müharibənin başlanması ehtimalı sıfırın altındadır". ("OLAYLAR" İA)