“Azərbaycanın NATO-ya üzv olması üçün münbit şərait yaranıb” - AÇIQLAMA
Zəlimxan Məmmədli: “Azərbaycan və Gürcüstanı “Avro-atlantika” bölgəsinə inteqrasiyası Qərb və ABŞ-ın Mərkəzi Asiyaya açılan açarıdır”
13 Noyabr 2013 12:35 SiyasətErmənistanın Gömrük İttifaqına üzv olmasından sonra beynəlxalq qüvvələrin bu ölkəyə qarşı atacaqları addım məsələsini dəyərləndirən politoloq Zəlimxan Məmmədli bildirib ki, ABŞ və Qərb üçün Ermənistan əhəmiyyət daşıyan nöqtə deyil. Ermənistan sadəcə olaraq Rusiya üçün Cənubi Qafqazı imperiya siyasətinə daxil etmək üçün alətdir. Z.Məmmədli hesab edir ki, Ermənistanın Gömrük İttifaqına qoşulması təəccüblü qarşılanmamalıdır ki, çünki bu ölkə KTMT-nin üzvüdür: "Digər tərəfdən burada Rusiyanın kifayət qədər hərbi bazaları var. Ermənistanı dövlət kimi ayaqda saxlayan Rusiyanın hərb maşınıdır. Bu da sadəcə olaraq onun siyasi orientasiyasına işarədir". Z.Məmmədli bildirdi ki, Ermənistandan fərqli olaraq Gürcüstan və Azərbaycan Rusiyaya deyil, Qərbə inteqrasiya siyasətində maraqlıdır: "Qərb və ABŞ üçün Cənubi Qafaqazda xüsusi əhəmiyyət daşıyan nöqtələr Azərbaycan və Gürcüstandır. Azərbaycan və Gürcüstanı "Avro-atlantika" bölgəsinə inteqrasiyası Qərb və ABŞ-ın Mərkəzi Asiyaya açılan açarıdır. Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə səfərindən bir daha bəlli oldu ki, Azərbaycan Qərbə inteqrasiyasını davam etdirir. Çünki Türkiyə Qərb və Azərbaycan arasında körpü rolunu oynayan dövlətdir. Bu faktor Azərbaycan və Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyasına təkan verəcək. Əlaqələrin üzvlük məsələsinə qədər inkişafı üçün münbit şərait yaranıb". ("OLAYLAR" İA)