“Ermənistan parlamentinin bu addımı mənasızdır”

Səməd Seyidov: “Ermənistan dünya qarşısında özünü birbaşa işğalçı dövlət kimi təqdim edəcək”

"Ermənistan parlamentində "Dağlıq Qarabağ Respublikasını tanıması haqqında" qanun layihəsinin müzakirəyə çıxarılmasının heç bir mənası və nəticəsi ola bilməz. Çünki tanınmaq prosesi başlasa, Ermənistan dünya qarşısında özünü birbaşa işğalçı dövlət kimi təqdim edəcək". Bunu deyən millət vəkili, Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə,
 Ermənistan danışıqlar prosesinə ən böyük zərbə vuran tərəf kimi qiymətləndiriləcək: "Ermənistan dünya ictimaiyyəti qarşısında üzərinə götürdüyü öhdəliklərin tam formada pozulmasını biruzə verəcək. Yəni, bu, Ermənistan parlamentində yalnız və yalnız populist və hansısa dairələrin sifarişini yerinə yetirməkdən başqa bir şey deyil". S.Seyidovun sözlərinə görə, Bakı Ermənistan tərəfində və dünya güclərinə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və beynəlxalq qanun çərçivəsində həllinə hazır olmasını çatdırıb: "Ancaq Ermənistan parlamenti bu cür qərarları gündəmə gətirməklə danışıqlar aparmaq və sülh yolu ilə getmək iqtidarında olmadığını ifşa edir. Bütün bunlara görə də hesab edirəm ki, bunun heç bir nəticəsi olmayacaq. Hətta, hər hansı nəticə olsa belə, bu ancaq Ermənistanın özünə mənfi təsir göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00