Ermənistan ehtiyat edir

Zahid Oruc: “Dövlətimizin güclənməsi, yeni müdafiə nazirinin təyinatı və Ali Baş Komandanın təhlükəsizlik sisteminə son baxışları region dövlətlərinin həssaslıqlığını, əks planlarını və müqavimətini üzə çıxarıb”

Son vaxtlar Ermənistan hərbi sahədə özününümayiş hərəkətlərinə daha çox üstünlük verməkdədir. Bir müddət əvvəl cəbhə xəttində keçirilən hərbi təlimlərin ardından ölkənin Müdafiə Nazirliyi rəhbərliyinin müxtəlif hərbi birləşmələrə baş çəkərək onların döyüş hazırlığı vəziyyətini yoxlaması işğalçı ölkənin yeni bir məkrli plan üzərində işləməsindən xəbər verir. Bu arada rus generalın   "Əgər müharibə başlayarsa, Ermənistanı müdafiə edəcəyik" bəyanatı da təsadüfi sayıla bilməz. Bəs görəsən, Ermənistan və onun havadarı sayılan Rusiyanın belə bir mövqe nümayiş etdirməsi nədən xəbər verir? Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, millət vəkili Zahid Oruc hesab edir ki, Ermənistanın narahatçılığına səbəb və hərbi sahəyə diqqəti artırması son günlər ölkəmizin Silahlı Qüvvələr sistemində baş verən köklü dəyişikliklərlə bağlıdır. Millət vəkilinin sözlərinə görə, ölkəmizin hər bir hərbi addımı nəinki işğalçı ölkənin elitası, eləcə də Rusiya canişinləri tərəfindən xüsusi niyyətlərlə izlənməkdədir: "Səfər Əbiyevin yeni bir şəxslə əvəzlənməsi rəsmi Kremlin Cənubi Qafqaz üzrə siyasətinə cavabdehlik daşıyanlarda müəyyən qıcıq doğurub və onları hərəkətə gətirib. Söhbət təkcə ənənəvi əlaqələrə-külli miqdarda silah-sursat alınması sahəsindəki dövlətlərarası müqavilələrə deyil, eləcə də keçmiş sovet dövründən qalan bir sıra məxfi münasibətlərə xələl gələ biləcəyindən narahat olan rus hərbi-sənaye kompleksinin maraqlarından gedir". Zahid Oruc deyir ki, dövlət sirrlərinə çıxışımız olsaydı qonşu dövlətlərin yuxarı eşalonlarında Azərbaycanın son addımlarına həqiqi reaksiyaların nədən ibarət olduğunu dəqiq söyləmək olardı: "Lakin kəşfiyyat məlumatları olmadan belə görmək olar ki, dövlətimizin güclənməsi, yeni müdafiə nazirinin təyinatı və Ali Baş Komandanın təhlükəsizlik sisteminə son baxışları region dövlətlərinin həssaslıqlığını, əks planlarını və müqavimətini üzə çıxarıb. Bu baxımdan işğalçı bir ölkədə qərarlaşan hərbi baza komandirinin özbaşına hərəkət etmədiyi də məlumdur". Zahid Oruc bildirib ki, Abxaziya və Cənubi Osetiyanın tam ələ keçirilməsi ilə böyük bir coğragiyada rus tanklarından ibarət antiQərb ordusu Cənubi Qafqaz regionunu öz təsir dairəsində saxlamaqda davam edir ki, bu da Rusiya üçün əlverişli deyil: "Kollektiv Təhlükəsizlik siyasəti burada effektli işləmir və başqa cür də ola bilməzdi. Çünki NATO-dan fərqli olaraq vahid geosiyasi hədəfləri olmayan dövlətləri bir çətir altına yığan Rusiya xarici təcavüzə məruz qalsa, hərbi müttəfiq saydığı ölkələrin maksimum ikisindən belə yardım ala bilərdi. Bunun rolu isə güclü Avroatlantik Alyansı qarşısında son dərəcə kiçikdir". Millət vəkilinin qənaətincə Ermənistanın qorxduğu gün kimi aydındır: "Vəziyyət o qədər dramatikdir ki, müdafiə naziri Seyran Ohanyanın funksiyasını 102-ci hərbi bazanın rəhbəri Andrey Ruzinskinin üzərinə qoyublar. Birinci Qarabağ savaşının dalğasında hakimiyyəti zəbt edən səhra komandirləri o qədər korrupsiyalaşıb və gözdən düşüb ki, sadə xalq onların təskinləşdirici bəyanatlarına inanmır. Lakin informasiya savaşında qabağa verilən adam Azərbaycandan daha çox öz ölkəsinə və düşmənə zərbə vurub". Millət vəkilinin sözlərinə görə, rus komandir bu açıqlaması ilə Ermənistanı daha çox öz suverenliyindən imtinaya dəvət edir: "Azərbaycanın hədələri qonşu ölkənin müstəqilliyini tamam itirməsinə və kənar qüvvə vasitəsilə öz xilasını axtarmasına səbəb olur. İndi tam miqyası ilə görmək mümkündür ki, Qafqaz bötövlükdə Rusiyanın tapdağı altındadır. Qarabağ, Ermənistan və Abxaziya-Osetiya torpaqlarını tutan vahid bir dövlətin ordusudur. Qərbsə demokratiyanın son qalası saydığı Gürcüstanda məğlubiyyəti ilə tam barışmış kimi görünür. Saakaşvilini qurban verən Amerika Qafqazlara hərbi qüvvə yeritmək fikrinin olmadğını qətiyyətlə bəyan edir. Bu şəraitdə siyasi müstəqilliyini rəşadətlə qoruyan ölkələrin təhlükəsizliyini Vilnüs sammiti ilə təmin etmək və 102-ci hərbi bazanın hədələrinə qarşı hansı müttəfiqlərlə döyüşmək məsələsi yaxın dövrün cavablandıracağı suallardır. Lakin aydın olan budur ki, rusların təhdidi regionu ələ keçirmək istəyənlərə və üzünü Rusiyadan kənara çevirənlərə böyük əsaslar verir. Hamı rus dilini öyrənə bilər. Lakin dünya ilə silah dilində danışmağa çalışan rusun dilini özlərindən başqa heç kəs anlamır. Özü kölə olan millət başqasını əsarətdə saxlamaqdan zövq alır".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00