“İran keçid məntəqələrini Rusiyanın əlilə bağlayıb”

Cümşüd Nuriyev: “İslam Respublikası azərbaycanlı sərhədçiləri təxribata çəkib”

"İran tərəfindən gömrük məntəqəsinin bağlanması təsadüfi deyildi. İran dəfələrlə Naxçıvan istiqamətində Azərbaycanla sərhəddə gərginlik yaradıb və sərhədi pozub. Eyni zamanda neytral zonalarda Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq İran tərəfi qanunsuz işlərini davam etdirib. Azərbaycan tərəfi sadəcə olaraq məsələnin qarşısını almaq üçün havaya atəş açıb. Sadəcə olaraq sərhədçilər öz vəfifələrini icra ediblər" - politoloq Cümşüd Nuriyev İran tərəfinin Azərbaycanla sərhədindəki Culfa və Biləsuvar keçid məntəqələrini bağlanması məsələsinə münasibət bildirərkən belə deyib. C.Nuriyev hesab edir ki, İran tərəfi bununla sadəcə olaraq azərbaycanlı sərhədçiləri təxribata çəkib. Əks təqdirdə İran bu məsələdən istədikləri kimi yararlana bilməzdi. Politoloq qeyd etdi ki, İran tərəfi də bundan istifadə edərək əsasən də Naxçıvana zərbə vurmağa çalışır: "1993-cü ildə mərhum prezident Heydər Əliyev İranla aparılan danışıqlarda razılıq əldə etdi ki, Naxçıvana gedən yol İran üzərindən tranzit olaraq istifadə edilsin. Bu günə qədər də həmin razılaşma qüvvədə qalır. İran dəfələrlə bu razılaşmanı pozmaqla Azərbaycanı təhdid edir. İranın təhdidlərinin arxasında Ermənistanın maraqları dayanır. Məsələdə Rusiyanın da əli var. Çünki Həsən Ruhani hakimiyyətə gəldikdən sonra İran nüvə proqramına dair məsələlərdə dünyaya açılmağa başlayıb. Ona görə də İran daha çox Rusiyanın tapşırıqlarını icra edir. Bu mənada da İran sərhəddə baş vermiş kiçik məsələni Azərbaycanın əleyhinə istifadə etməyə çalışdı. Ən azından müsəlman dövləti kimi İran Azərbaycanla münasibətlərinə diqqət etməlidir. İran bu təxribatlara son qoysa yaxşıdır. Ermənistana görə Azərbaycanla münasibətləri qırılma həddinə gətirmək İrana başucalığı gətirməyəcək. İranı 1300 ildir ayaqda saxlayan Azərbaycan türkləridir. Ermənistandan başqa bütün hallarda Azərbaycanın heç bir qonşusu ilə problemi yoxdur. Yaxın gələcəkdə ortada olan kiçik anlaşılmamazlıqlar aradan qaldırılacaq. Amma İran həmin kiçik nüanslardan istifadə etməsə daha yaxşı olar". ("OLAYLAR" İA)   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00