“Rusiya nüfuzdan düşüb, Kreml narahatdır”

Razi Nurullayev: “Nə Putin, nə də ki, Medvedyev Rusiyanın yalnız ruslar üçün ölkəyə çevrilməsində maraqlı deyillər”

 "Hesab etmirəm ki, skinhedlərə qarşı yumşaq siyasət və millətçilərin aqressivliyinin qarşısının alınmaması Kremlin dövlət siyasətidir. Rəsmi Moskva hərdən skinhedlərə qarşı sərt tədbirlər görür. Amma Rusiya siyasətində Kremlin qərarlarına təsir edə biləcək digər güclər də var" - AXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini, politoloq Razi Nurullayev Rusiyada qeyri-millətlərə qarşı aparılan siyasətdə rus hakimiyyətinin iştirakı olub-olmaması məsələsinə münasibət bildirərkən belə deyib. R.Nurullayev hesab edir ki, həmin qüvvələr millətçi qruplaşmaların və qeyri-millətlərə qarşı aqressiv olan rusların arxasında dayanır. İdeologiyanın inkişaf etməsində yardımçı olurlar. Politoloq bildirdi ki, nə Putin, nə də ki, Medvedyev Rusiyanın yalnız ruslar üçün ölkəyə çevrilməsində maraqlı deyillər. Çünki bu amil rus investorlarının sərmayələrini ciddi şəkildə azalda bilər: "Rusiyanın təkmillətli dövlətə çevrilməsi federasiyanın dünyadakı nüfuzuna ciddi şəkildə zərbə vuracaq. Bu amil Rusiyanın iqtisadi imkanlarını da məhdudlaşdıra bilər, onun dünyada qlobal güc olmasına maneçilik törədəcək. Amma Rusiyanın dövlət dairələri skinhedlərin gedişlərindən özlərinin siyasi məqsədlərinin həyata keçirilməsi üçün istifadə edirlər. Millətçilərin qeyri-millətçilərə qarşı aqressivliyi Kremlin dövlət siyasətilə uzlaşır, ona görə də skinhedlər hakimiyyət tərəfindən müdafiə olunurlar. Amma Rusiyanın beynəlxalq imicinə ciddi şəkildə ziyan dəyib. Federasiyaya gəlib orada yaşamaq istəyənlərin sayı sürətlə azalır. Bununla yanaşı Rusiyaya yatırılan sərmayələrin də sayı aşağı düşür. Kreml artıq məsələ barədə narahatdır. Məsələ barədə ciddi tədbirlərin görülməsi Moskvanın planına daxildir. Jirinovskinin Qafqazda doğuşların nəzarətə götürülməsi və Rusiyanın qafqazlılardan təmizlənməsi barədə faşist açıqlaması Putin tərəfindən qınanıldı. Jirinovksi də sonrakı açıqlamasında fikirlərin onun şəxsinə aid olmasını dilə gətirdi. Demə ki, Rusiya hakimiyyəti və cəmiyyətində məsələ barədə ciddi narahatlıqlar var. Rusiya hakimiyyəti problemi həll etməsə federasiyada etniklərarası münaqişə qızışacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00