Separatçıların 34-cü il bəyanatı: Regional sülhə maneə yaratmaq cəhdi – ÖZƏL
2 Sentyabr 16:12 Siyasət2 sentyabr 2025-ci ildə qondarma "Dağlıq Qarabağ Respublikası"nın elanının 34 ili tamam olur. Bununla bağlı özünü "Arsax Milli Məclisi" adlandıran qondarma qurum bəyanat yayıb. Bəyanatda iddia olunur ki, "Arsax xalqı" dövlətçilik hüququna sahib olub, lakin 2020-ci il müharibəsi və 2023-cü ilin sentyabr əməliyyatları nəticəsində "soyqırıma məruz qalıb" və didərgin düşüb. Sənəddə ATƏT-in Minsk Qrupunun ləğvi yolverilməz sayılır və vurğulanır ki, "Qarabağ problemi həll olunmayıb, məsələ bağlanmayıb".
Maraqlıdır, separatçıların bu bəyanatı hazırkı regional və beynəlxalq siyasi gündəmdə hansı məqsədə xidmət edir?
Bu kimi çıxışların gələcək danışıqlara və Ermənistan-Azərbaycan münasibətlərinə təsiri ola bilərmi?
"Bildiyiniz kimi, Ermənistan 30 ildir ki, Azərbaycan ərazisini işğal etmişdi. Bu işğalla əlaqədar BMT-nin 4 qətnaməsi var idi. Bu qətnamələrdə açıq şəkildə qeyd edilirdi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Ermənistan dövləti isə nə bu BMT qətnamələrinə məhəl qoydu, nə də ATƏT-in Minsk qrupu bu qətnamələrin icrasını təmin etdi. Nəticədə 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycan həm de-fakto, həm də de-yure öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, artıq Ermənistanın baş naziri də açıq şəkildə bəyan edir ki, Ermənistan-Azərbaycan arasında münaqişə bitib və sülh sazişinin imzalanması üçün mətn hazırdır. Təbii ki, Ermənistan tərəfi bu sənədi imzalamaq üçün mütləq şəkildə Konstitusiyasında dəyişiklik etməlidir. Yəni, rəsmi şəkildə Konstitusiyasında Azərbaycanın ərazisinə iddiasından imtina etməlidir. Azərbaycan isə bu sənədi Paşinyanla deyil, erməni xalqı ilə imzalamaq istəyir. Erməni xalqı referendum keçirərək rəsmi şəkildə Konstitusiyasında bu müddəanın çıxarılmasına səs verməlidir. Bu qərar qəbul edildiyi halda, Azərbaycan tərəfi sülh sazişini imzalayaraq Ermənistan-Azərbaycan arasında problemin həm de-fakto, həm də de-yure həll olunduğunu təsdiqləmiş olacaq.
Siyasi şərhçi qeyd edib ki, hələlik Ermənistan tərəfi referendum keçirməyib və Konstitusiyasında bu dəyişiklikləri etməyib. Paşinyan da hələ erməni xalqının bu sənədə səs verəcəyinə əmin deyil. Eyni zamanda məlumdur ki, 2026-cı ildə Ermənistanda seçkilər keçiriləcək və ehtimal ki, həmin seçkilərdən sonra bu referendum baş tuta bilər. Çünki seçki ərəfəsində belə bir addım atmaq Paşinyanın siyasi reytinqinə zərər verə bilər. Buna baxmayaraq, Paşinyanın indiki mərhələdə referendum keçirməməsi göstərir ki, erməni xalqı hələ də Konstitusiyasında bu dəyişiklikləri etmək fikrində deyil. Yəni, erməni şüurunda "dənizdən dənizə Böyük Ermənistan" xülyəsi hələ də qalmaqdadır. Eyni zamanda, Ermənistanda fəaliyyət göstərən, Qarabağdan köçmüş bəzi erməni qruplarının separatçı bəyanatları da göstərir ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürmək niyyəti olan təşkilatlar mövcuddur. Ermənistanın siyasi hakimiyyəti isə bu kimi separatçı bəyanatlara reaksiya verməlidir. Çünki Ermənistan dövləti bu separatçılara şərait yaradır və onların fəaliyyətinə göz yumur.
A. Məsiyevin sözlərinə görə, Ermənistanın siyasi hakimiyyətinin sözlə verdiyi bəyanatlarla əməlləri arasında fərqlər var. Əgər Ermənistan qonşularla dinc yanaşı yaşamaq prinsipinə əməl etmək istəyirsə, separatçıların Ermənistan ərazisində fəaliyyətinə icazə verməməlidir. Əgər Qarabağdan köçmüş separatçı qruplar belə bəyanatlar verir və Ermənistanın baş nazirinin siyasətinə qarşı fəaliyyət göstərirlərsə, Ermənistan dövləti buna adekvat cavab verməlidir. Əgər Ermənistanın siyasi hakimiyyəti ATƏT-in Minsk qrupunun ləğvinə qərar verirsə, amma separatçılar bu ləğvi qəbul etmirsə, bu, artıq separatçıların Ermənistan dövlətinin siyasi xəttinə qarşı çıxması deməkdir. Buna görə də Ermənistan dövləti həmin separatçıların fəaliyyətinə məhdudiyyət qoymalı, onları qadağan etməli və Azərbaycanın daxili işlərinə qarşı yönəlmiş bütün fəaliyyətlərin qarşısını almalıdır. Əks təqdirdə, Ermənistan separatçıların fəaliyyətinə göz yumarsa, bu, dolayısı ilə Ermənistan dövlətinin Azərbaycanın daxili işlərinə qarışması kimi qiymətləndirilməlidir ki, bu da gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane ola bilər.
Sevda Dəniz