Tramp İranla müharibədə uduzmağa məhkumdurmu?- ÖZƏL
11:20 Siyasət2026-cı ilin fevralında başladılan "Epic Fury" əməliyyatı- ABŞ-İsrail birgə hərbi kampaniyası - Yaxın Şərqdə gərginliyin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu. Ötən həftələrdə zərbələrin arxasındakı qərarvermə prosesi ilə bağlı mürəkkəb bir mənzərə ortaya çıxdı. Bu mənzərə Prezident Donald Trampın özünü siyasi cəhətdən qeyri-mümkün bir vəziyyətə düşə biləcəyini göstərir. Əldə olunan sübutlar, İsrailin, xüsusilə də Baş Nazir Binyamin Netanyahunun ABŞ-ı İranla müharibəyə cəlb etmək üçün davamlı şəkildə lobbiçilik etdiyinə işarə edir. Lakin Netanyahunun arzuladığı hərbi əməliyyatı təmin etməsinə baxmayaraq, o, Trampı daxil olduğu bu vəziyyətdən asan çıxış yolu olmayan bir vəziyyətə sala bilər. Əgər kampaniya öz məqsədlərinə çatmaqda uğursuz olarsa, Trampın özünü münaqişəyə sürükləyən müttəfiqlər tərəfindən günahlandırılması ehtimalı var.
İsrailin Trampı müharibəyə sövq etdiyi iddiası elə Amerikadan səsləndirilən ciddi ciddi faktlarla dəstəklənir. The New York Times qəzetinə görə, Netanyahu ABŞ prezidentini İranla mübarizəyə yönəltməkdə "əsas rol" oynayıb. O, şəxsən aylarla bu istiqamətdə lobbiçilik edib və diplomatik danışıqların hərbi hücum planlarını pozmaması üçün əlindən gələni edib. Kampaniyanın təməlinin, guya, Netanyahunun 2025-ci ilin dekabrında Trampın Mar-a-Laqo malikanəsinə etdiyi səfər zamanı qoyulduğu, həmin görüşdə İsrail Baş Nazirinin ilk dəfə İranın raket obyektlərinə zərbə endirmək ehtimalını gündəmə gətirdiyi bildirilir.
Netanyahu yanvar ayında İsrailin raketdən müdafiə sistemlərini və hava hücumundan müdafiəni gücləndirmək üçün daha çox vaxta ehtiyacı olduğunu müəyyən etdikdə, Trampa zəng edərək nəzərdə tutulan zərbəni təxirə salmağı xahiş etdi və Tramp buna razı oldu. Sonrakı həftələrdə yüksək rütbəli İsrail hərbi və kəşfiyyat rəsmiləri Vaşinqtona səfər etdi və İsrail ordusunun Baş Qərargah rəisi, ABŞ Mərkəzi Komandanlığının rəhbərləri ilə müntəzəm əlaqə saxladı. Omanın vasitəçiliyi ilə üç raund nüvə danışıqları aparılmasına baxmayaraq - sonuncu raund zərbələrdən cəmi iki gün əvvəl başa çatıb - məlumatlara görə, "heç vaxt bütün tərəfləri qane edə biləcək bir saziş üçün real imkan olmadı".
Ən maraqlısı isə, "The New York Times" Trampın mühafizəkar şərhçi Takker Karlsonsa İsrailin atacağı zərbəyə qoşulmaqdan başqa "seçiminin olmadığını" söylədiyini bildirib. Əgər bu məlumat doğrudursa, Trampın İsrailin gözləntiləri qarşısında sıxışdırıldığını hiss etdiyi versiyasına ciddi çəki qazandırır.
Təəccüblü deyil ki, həm Tramp, həm də Netanyahu bu iddianı rədd etdilər. Netanyahu "Fox News"a müsahibəsində İsrailin ABŞ-ı müharibəyə sürüklədiyi iddialarını "gülünc" adlandıraraq, Trampın "Amerika üçün nəyin doğru olduğunu düşünərək hərəkət etdiyini" və İran mövzusunda heç bir təşviqə ehtiyacı olmadığını vurğuladı. Tramp özü də İsrailin ondan hərəkət tələb etdiyini inkar edərək fərqli bir əsaslandırma təqdim etdi: "Mənim fikrimcə, onlar (iranlılar) birinci hücum edəcəkdi"
Dövlət katibi Marko Rubio da bu mesajı gücləndirərək, Trampın "biz birinci hücum edəcəyik" qərarını verdiyini və "onlar bizə hücum edə bilməzdən əvvəl bizim onlara hücum etmə riskini gözə almadığını" bildirdi. Pro-İsrail təşkilatları da əks hücuma keçib. "Facts and Logic About the Middle East"(FLAME) təşkilatı "Amerikanın İrana qarşı düşmənçiliyinin İsraildən qat-qat dərin köklərə malik olduğunu" və Trampın hərəkətlərinin onilliklərə söykənən ABŞ-İran gərginliyinin əksi olduğunu iddia edən geniş bir təkzibnamə yayımladı.
Lakin bu inkarçılıq, Netanyahunun lobbiçilik səylərinin təfərrüatlı xronologiyası və Trampın özünün özəl etirafları ilə üst-üstə düşmür. Ortaya çıxan mənzərə onu göstərir ki, Trampın İrana qarşı öz düşmənçiliyi ola bilər, lakin əməliyyatın zamanlaması və miqyası İsrailin təkidinə əhəmiyyətli dərəcədə bağlı olub.
İsrailin lobbiçilik səylü incə deyildi - məlumata görə, Netanyahu dekabrdan etibarən Trampla müzakirələrinin mərkəzinə İranı qoymuşdu. İsrail hərbi və kəşfiyyat rəsmilərinin planlaşdırma prosesinə dərindən inteqrasiya etdiyi bir şəraitdə, Qüdsdə gözləntilər aydın şəkildə Amerikanın iştirakı istiqamətində formalaşmışdı.
Əgər Tramp İsrailin zərbələrinə qoşulmaqdan imtina etsəydi və ya Netanyahunun qarşısını almağa çalışsaydı, Amerikanın Yaxın Şərqdəki ən yaxın müttəfiqini müdafiəsiz buraxmaq ittihamları ilə üzləşəcəkdi. Bu zaman ABŞ-da həm evangelist xristianlar, həm də Respublikaçılar Partiyasının donor bazası daxilindəki pro-İsrail seçki dairələrinin reaksiyası sərt olardı. Uzun illərdir İranla müharibəyə çağırış edən şahin respublikaçı və Tramp müttəfiqi Senator Lindsi Qrem, Trampın öz siyasi koalisiyasından üzləşdiyi təzyiqin bariz nümunəsidir.
Üstəlik, Trampın ilk dönəmində İrana qarşı sərt siyasəti - nüvə sazişindən çıxmaq, Qasım Süleymanini öldürmək - qarşısında sərt olmaq gözləntisi yaratmışdı. İllərdir davam edən qızışdırıcı ritorikadan sonra münaqişədən geri çəkilmək həm siyasi rəqiblər, həm də müttəfiqlər tərəfindən zəiflik əlaməti kimi şərh oluna bilərdi.
Lakin hücuma başladıqdan sonra Tramp indi əks risklə üzləşir. Hərbi kampaniya sadə bir ssenari üzrə getməyib. Açılış zərbələrində İranın Ali Rəhbəri Əli Xameneinin öldürülməsinə və çoxsaylı hərbi obyektlərin hədəf alınmasına baxmayaraq, İslam Respublikası çökməyib. Əksinə, İran rəhbərliyi möhkəmlənib, Xameneinin oğlu Müctəba qısa müddətdə varis təyin edilib. Bu, Vaşinqtonun İran daxildə parçalanma ümidlərinə birbaşa zərbədir.
İran Körfəz ölkələri, ABŞ hərbi bazaları və İsrail hədəflərinə qarşı pilotsuz uçan aparat və raket hücumları ilə cavab verib, eyni zamanda Hörmüz boğazından neft daşımalarını pozmağa çalışır. Münaqişə ilkin olaraq düşünülən sürətli və qətiyyətli əməliyyat çərçivəsindən çıxaraq genişlənib, qlobal neft qiymətləri kəskin yüksəlib və Amerika itkiləri artıb - ən azı səkkiz ABŞ hərbçisi həyatını itirib.
Müharibəyə ictimai dəstək olduqca zəifdir. "Quinnipiac" sorğusu göstərib ki, amerikalıların 53 faizi İrana qarşı hərbi əməliyyatlara qarşıdır - bu, müharibənin ilk günlərində "diqqətçəkən müxalifət səviyyəsi" kimi qiymətləndirilir. Amerikalıların yalnız üçdə biri döyüşü dəstəkləyir, halbuki 2001-ci ildə Əfqanıstana hücumu 90 faiz dəstəkləmişdi. Seçicilərin artan benzin qiymətlərinə həssas olduğu bir vaxtda münaqişənin iqtisadi nəticələri Tramp üçün birbaşa siyasi risklər yaradır.
Məhz bu nöqtədə Con Boltonun xəbərdarlığı aktuallaşır. Trampın keçmiş milli təhlükəsizlik müşaviri açıq şəkildə bildirib: "Əgər işlər pis gedərsə, Trampın buna görə Netanyahunu günahlandıracağına tam zəmanət verirəm. Çünki Trampın chr("39")qaliblər və uduzanlarchr("39") dünyasında o, həmişə qalibdir, uduzan deyil. Buna görə də, əgər İrana qarşı bu əməliyyat uğursuz olarsa, günah başqasının üzərinə atılacaq".
Artıq ABŞ və İsrail yanaşmaları arasında gərginlik üzə çıxıb. Məlumata görə, Tramp administrasiyası İsraildən İranda enerji obyektlərinə əlavə hücumlar etməməyi xahiş edib və bu cür zərbələrin mülki əhaliyə zərər verə biləcəyi və regional qisas dalğasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Bu xahiş yüksək siyasi səviyyədə və birbaşa İsrail Baş Qərargah rəisi Eyal Zamirə çatdırılıb və münaqişə başlayandan bəri ABŞ-ın İsraildən İran aktivlərini hədəf almamağı istədiyi ilk haldır.
Tramp administrasiyası enerji hücumlarının "adi iranlılara qeyri-mütənasib zərər verdiyi" və Trampın "müharibədən sonra İranın neft sektoru ilə əməkdaşlıq imkanı istədiyi" üçün narahatlıqlarını dilə gətirib. ABŞ rəsmiləri qorxurlar ki, İranın neft obyektlərinə zərbələr Körfəz ölkələrində genişmiqyaslı qisas hücumlarına səbəb ola bilər və qlobal enerji qiymətlərini əhəmiyyətli dərəcədə artıra bilər. Bildirilir ki, Tramp özü bu cür zərbələrə yalnız son çarə kimi istifadə edilməli "qiyamət günü variantı" kimi baxır.
Bu narahatlıqlar kökündən fərqli prioritetləri əks etdirir. Bir təhlildə qeyd edildiyi kimi, "İsrail İranın chr("39")daimi zəiflədilməsinichr("39") istəyir ki, bu da İsrailin regionda izlədiyi strategiyadır". ABŞ-nin isə "uzunmüddətli münaqişəyə həvəsi o qədər də çox olmaya bilər, xüsusən də digər bölgələrdə prioritetləri olduğuna görə". Bu fərqli yanaşma müharibə uzanması və ya genişlənməsi halında qarşılıqlı ittihamlar üçün geniş imkan yarada bilər.
Əgər münaqişə və qarşıdurma qəti qələbə mümkün olmadıqda əlavə xərclər tələb olunduqda baş verəcək. Bu zaman Trampın inandırıcı şəkildə İsrailin verdiyi vədlərlə aldadıldığını, Netanyahunun onu uduzmağa məhkum bir vəziyyətə sürüklədiyini və ya İsrailin hərəkətlərinin (neft obyektlərinə zərbələr kimi) lazımsız təxribata yol açdığını iddia bəyan etməkdən başqa çıxış yolu qalmayacaq.
Netanyahunun özü də öz siyasi hesablamaları ilə üz-üzə qalıb. İsraildə seçkilər yaxınlaşarkən, Baş Nazir İrana qarşı uzun müddətdir davam edən mübarizəsinin haqlı olduğunu nümayiş etdirməlidir. İran rejiminin devrilməsi Netanyahunun özünün dediyi kimi " 40 ildir" prioriteti olub və o, "bu fürsəti səbirsizliklə gözləyirdi".
Lakin əgər münaqişə öz məqsədlərinə çatmadan İsrail və ABŞ-də davamlı itkilərə səbəb olarsa yəni, əgər İranın yeni seçilən Ali Dini rəhbərini aradan götürmək mümkün olmazsa, əvvəlki hərbi potensialı bərpa olunarsa və İran regionda əvvəlki fəaliyyətini davam etdirərsə, Netanyahu, İsrailin niyə ABŞ-ı uduzmağa məhkum bir müharibəyə sürüklədiyini izah etmək təzyiqi altında qalacaq. Bu ssenaridə, hər hansı uğursuzluğa görə Trampı qabaqlayıcı şəkildə günahlandırmaq (kifayət qədər öhdəlik götürməmək, vaxtından əvvəl sakitləşmək, məqsədləri dəyişdirmək) siyasi cəhətdən Bibinin ən cəlbedici bir variantına çevrilir.
Tanınmış ABŞ politoloqu Aaron Devid Millerin qeyd etdiyi kimi, "Donald Tramp "dayan" dedikdə, İsraillilər missiyanın tamamlayıb tamamlamadıqlarından asılı olmayaraq dayanacaqlar, çünki Trampın Netanyahu üzərindəki təsir gücü var". Bu eyni zamanda o deməkdir ki, müharibə plana uyğun getməsə, Tramp onu bitirmək səlahiyyətindən istifadə edəcək və ya yarımçıq qalmış işləri İsrailin problemi kimi təqdim edəcək.
Tramp, görünür, bu müharibəyə qismən İsrailin təzyiqi altında, əsas müttəfiqini və öz daxili koalisiyasını məmnun etmək üçün siyasi riskləri qəbul edərək başlayıb. Lakin bu qərarın özü yeni problemlər ortaya çıxarıb. Əgər kampaniya uğursuz olarsa, Tramp İsrail və Yəhudi lobbisinin tənqidinə məruz qalacaq və çox güman ki, bu tənqidə günahı Netanyahunun üzərinə atmaqla cavab verəcək.
Hər iki liderin bu müharibədə uğur qazanmasına ehtiyacı var: Tramp qərarını doğrultmaq və siyasi itkilərdən qaçmaq üçün, Netanyahu isə İranı zərərsizləşdirmək kimi ömürlük məqsədinə çatmaq üçün. Lakin uğur qazanmaq təminat altında deyil və uğursuzluq, ABŞ-İsrail münasibətlərini illərlə zəhərləyə biləcək bir prosesi başladacaq.
Sonda Tramp həqiqətən də özünü uduzmağa məhkum bir vəziyyətdə tapa bilər. Müharibə uğurlu olsa, qələbə iki lider bölüşüləcək və Netanyahu illərlə İrana qarşı apardığı mübarizənin bəhrəsini toplayacaq. Müharibə uğursuz olsa, Tramp Amerika itkilərinin və iqtisadi çətinliklərin yükünü daşıyacaq.
Əlimusa İbrahimov
Politoloq