İranda 43 min qeyri-hərbi obyekt hücuma məruz qalıb – Hökumət sözçüsü

28 fevraldan etibarən İranda təxminən 43 min qeyri-hərbi obyekt hücuma məruz qalıb.

Trend-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sözügedən qeyri-hərbi obyektlərdən 36,5 mini vətəndaşlara məxsus mənzillər olub. Həmin mənzillərin 10 mini Tehran vilayətinə məxsusdur.

Mohacerani bildirib ki, ölkədə 6,2 min ticarət obyektinə ziyan dəyib. Eyni zamanda 32 təcili yardım maşını, 35 müalicə mərkəzi və 152 səhiyyə müəssisəsinə ziyan dəyib.

Hökumət sözçüsü qeyd edib ki, ölkədə 223 qadın ölüb, 2,73 min qadın isə yaralanıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31