Bakıdan sonra Tiflis də AŞ PA-dakı mikrofonunu söndürüb

Azərbaycanla problemləri həll etməmiş, Cənubi Qafqazın daha bir ölkəsini səsvermə hüququndan məhrum etmək istəyi hansı dairələrin sifarişidir?

Qərbdə anti-Azərbaycan şəbəkəyə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qoşulması artıq heç kimə sirr deyil. "Yeni Müsavat" xatırladır ki, təşkilatın 2024-cü il qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Erməni lobbisinin təsiri altında olan alman deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib. İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırılıb. Bundan sonra Azərbaycan nümayəndə heyəti AŞ PA-nı tərk edib.

Hazırda Azərbaycanla əməkdaşlığın dayandırılmasından daha çox AŞ PA özü zərər görür. Proseslər isə AŞ PA-nın eyni səhvi Gürcüstana münasibətdə də təkrarladığını göstərir. Belə ki, qurumda Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif olunub. Hətta hökumətin avtoritarlığına görə respublikanı Avropa Şurasından çıxarmaq da gündəmə gəlib. Ölkənin baş naziri İrakli Kobaxidze vəziyyəti absurd adlandırıb, çünki Tiflis hələ yanvar ayında AŞ PA-ya üzvlüyünü dayandırıb. 

Yada salaq ki, Avropa Şurasından çıxarılma ilk növbədə Gürcüstanın Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) yurisdiksiyasından çıxmasına gətirib çıxaracaq. Müvafiq olaraq, gürcülər daha ora apelyasiya şikayəti verə bilməyəcək və "Gürcü arzusu" Avropa Məhkəməsinin qərarlarını icra etmək zərurətindən xilas olacaq. Bundan əvvəl 2024-cü ilin yanvarında Azərbaycan hakimiyyəti bu qurumun Bakıya münasibətinə yenidən baxmasa, Avropa Şurasını tərk edəcəyi ilə hədələyib. 

İndi AŞ PA-dakı vəziyyətə baxmayaraq, Kobaxidze əmin edir ki, onun hökumətinin xarici siyasətinin prioritetləri Avropa İttifaqı ilə inteqrasiya və strateji tərəfdaş kimi ABŞ-la əlaqələrin inkişafı olaraq qalır. Onun sözlərinə görə, AŞ PA-ya "dil verən" Avropa Birliyi Gürcüstan hakimiyyəti ilə sağlam müzakirədən yayınır. 

Sadəcə, Azərbaycanla problemləri həll etməmiş, bu dəfə Cənubi Qafqazın daha bir ölkəsini qurumdan uzaqlaşdırmaq yolunda fəaliyyətin mənası nədir? AŞ PA kimlərin əlində təzyiq alətinə çevrilib?

Çingiz Qənizadə: "Vətəndaşın məsuliyyətli olması əsas şərtdir" | Modern.az

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin bildirdiyinə görə, AŞ PA getdikcə marionet bir təsisata çevrilməkdədir. Hüquq müdafiəçisi Qərbin bu qurumdan "Domokl qılıncı" kimi istifadə etdiyini fikirləşir. Onun fikrincə, Cənubi Qafqazın artıq iki ölkəsini itirən AŞ PA-ya bu "cəza" siyasəti heç nə qazandırmır: "Avropa Şurası ölkələrlə bu formada danışmamalıdır. Hər bir respublikada insan haqları ilə bağlı narazılıqlar ola bilər. Amma bundan sui-istifadə edərək sanksiyalar tətbiq etməyin özü avtoritar davranışdır. Azərbaycandan sonra Gürcüstana qarşı bu addımlar Qərbin regionda nüfuzuna mənfi təsirləri artıracaq. Avropa Cənubi Qafqazda güclənmək, Rusiyanın bölgədən çıxmasını istəyirsə sanksiya siyasətinə son qoymalıdır. Əfsus ki, Avropa Şurası qərəzli hərəkətlərindən əl çəkmir. Bu da qurumun anti-Azərbaycan dairələrin təsiri altında olduğunu sübut edir. Ondan bir təzyiq aləti kimi istifadə edilməkdədir. Gürcüstana göstərilən münasibət də bundan qaynaqlanır". 

Həmsöhbətimiz hesab edir ki, AŞ PA həm Azərbaycanı, həm Gürcüstanı itirmək istəmirsə, tezliklə öz siyasətinə düzəliş etməlidir. Onun sözlərinə görə, Azərbaycan qurumdan çıxmağı hələ ki düşünmür, amma danışıqların aparılması yaxşı olardı: "Gürcüstan da Avropa yolunda irəliləmək istəyən bir kiçik ölkədir. Ona belə hücumlar və təzyiqlər Tiflisi Moskvaya daha da yaxınlaşdıra bilər. Qərb artıq bu siyasətindən imtina etməlidir. İnsan haqlarının vəziyyətini müzakirə etməklə yaxşılaşdırmaq mümkündür. Bu cür cəza metodları heç də ölkələrin, hakimiyyətlərin geri çəkilməsinə səbəb olmur".  

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

 Xəzər Teyyublu 

Hüquq müdafiəçisi Xəzər Teyyublu isə Avropa Şurasını artıq nüfuzunu itirmiş bir platforma adlandırır. Onun sözlərinə görə, Gürcüstan Avropa İttifaqına üzvlük üçün namizədlik statusu qazanıb, amma digər qolu ona hücuma keçib: "Bu da hər zaman deyilən fikrin - Qərbin ikili standartlarla yanaşmasının nəticəsidir. Təbii ki, Avropaya inteqrasiya həvəsində olan ölkələr bu qərəzli münasibəti görəndə məyus olurlar. Onlar Avroatlantik məkana inteqrasiyaya nicat və inkişaf kimi baxırlar. Amma belə qərarlar görəndə peşman olurlar. Çünki Qərb heç də həmişə ədalətli olmur. Xüsusən Avropa Şurasına gəldikdə, bu qurumun addımları Avropa Parlamentindən fərqlənmir. Avropa Parlamenti də Azərbaycana qarşı qətnamələr qəbul edir, bizi etnik təmizləmədə günahlandırır, Qarabağa guya hücum etdiyimizi bildirir. Şübhəsiz ki, bu qurumların hamısı Avropa İttifaqına bağlıdır, əsasən də Fransadan təsirlənirlər".

X.Teyyublu Avropa Şurasından çıxmağı fəlakət saymır, amma buna zərurət də görmür: "Azərbaycan üzv ölkə olaraq əməkdaşlıqda maraqlıdır. Biz orada fəaliyyətimizi davam etdirməyə hazırıq. Dəfələrlə bəyan edilib ki, səsvermə hüququna qoyulmuş veto aradan qaldırılsın, nümayəndə heyətimiz sessiyalarda iştirak edəcək. Azərbaycanın Avropa Şurasında işini dayandırmasına səbəb qarşı tərəfdir. Bizim səsvermə haqqımız əlimizdən alınıbsa, iclaslarda iştirakın mənası nədir? İndi də Gürcüstana həmlələr edilir. Bu da ədalətsiz yanaşmadır. Qərb təsisatları Cənubi Qafqazda hansı proseslərin cərəyan etdiyini nəzərə almalıdırlar".

Qeyd edək ki, iyulun 15-də Avropa Birliyinin (AB) Xarici İşlər Nazirləri Şurası Gürcüstanla bağlı vizasız gediş-gəliş məsələsini müzakirə edib. AB Xarici İşlər Nazirləri Şurası hər hansı bir qərar qəbul edə bilməyib. AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Nazirləri Şurasının toplantısından sonra bildirib ki, nazirlər Gürcüstanla bağlı vizasız rejimin, assosiasiya haqqında sazişin dayandırılması və sanksiyalar daxil olmaqla, müxtəlif variantları müzakirə ediblər. Bildirilib ki, AB Gürcüstan hakimiyyətinə verilən tövsiyələrin yerinə yetirilməsi üçün cari il avqustun 31-dək vaxt verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31