Susan Moskva, narazı Azərbaycan: Region balansı necə dəyişir? - ÖZƏL
14:39 SiyasətPrezident İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulmasını faciəvi səhv adlandırıb və pilotların peşəkarlığı sayəsində təyyarənin Qazaxıstanda eniş edə bildiyini bildirib. O xatırladıb ki, 2020-ci ildə Azərbaycan səhvən rus helikopterini vuranda dərhal üzrxahlıq etmiş və məsul şəxsləri cəzalandırmışdı, lakin bu dəfə Moskva oxşar addımlar atmayıb. Hadisə Azərbaycan cəmiyyətində narazılıq yaradıb və Rusiyada azərbaycanlılara qarşı hücumlar müşahidə olunub. İlham Əliyev qeyd edib ki, Azərbaycan münasibətləri gərginləşdirmək istəmir, amma hörmətsizliyə dözməyəcək. Rusiya tərəfinin passivliyi region balansını gərginləşdirə bilər.
Azərbaycanın göstərdiyi konstruktiv mövqeyə baxmayaraq, Rusiya tərəfinin passiv reaksiyası regiondakı balansı necə dəyişə bilər?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Hər bir dövlətin idarə etmə metodları, idarə etmə psixologiyası tam fərqli çalarlar üzərində qurulur. Bu nöqtədə biz Rusiyanın həm tarixdən gələn, həm də bu günkü idarə etmə formasına baxanda görürük ki, Rusiya heç vaxt qarşılıqlı hörmət, əməkdaşlıq, dinc yaşayış qonşuluq və ya qonşuluqdan asılı olmayaraq digər dövlətlərin haqlarına, hüquqlarına hörmət göstərmək əzmində olmayıb. Əksinə, Moskvanın həmişə anladığı bir dil olub - gücə dayalı hərəkət, gücə dayalı danışma. Yəni, Rusiya özündən zəif olanları həmişə əzib, onların haqlarını və hüquqlarını önəmsəməyib, özündən güclülər tərəfindən isə əzilib. Rusiyanın, məsələn, təyyarənin vurulması ilə bağlı yanaşmasını da məhz bu nöqtədən dəyərləndirməliyik. Rusiya Azərbaycanı özündən zəif görür və Azərbaycandan rəsmi üzr istəmək, təzminat ödəmək kimi hərəkətləri öz gücünə yaraşmayan addım kimi qəbul edir. Yəni, Rusiyanın Azərbaycana qarşı yanaşması məhz bu psixologiyadan irəli gəlir və özünə bu cür davranışı uyğun görmür. Azərbaycandan üzr istəmək və onun haqlarını təmin etmək məsələsində problemlərimiz də buradan qaynaqlanır. Belə olan halda Azərbaycan nə etməlidir? Azərbaycan tərəfi sərhədlərindəki və ya sərhədlərində olmasından asılı olmayaraq digər dövlətlərlə münasibətlərini tamamilə eynilik prinsipi üzərində qurmalıdır. Məsələn, hər hansı bir dövlət bizə dost kimi yanaşırsa, biz də etnik, tarixi, milli, dini və kimlik fərqlərinə baxmayaraq onunla eynilik prinsipinə əsaslanaraq münasibətlərimizi yaxşı xətlər üzərində tamamlamalıyıq. Yox, əgər başda Rusiya olmaqla hər hansı digər dövlətlər bizə qarşı nankor addımlar atmağa davam edir və ya haqlarımızı, hüquqlarımızı görməzdən gələrək imperiya maraqlarına xidmət edirlərsə, o halda Azərbaycan da həmin tərəflərə qarşı eynilik prinsipi əsasında münasibət qurmalıdır. Onların əməkdaşlıq məsələləri və ya Azərbaycanla faydalı münasibətləri varsa, biz artıq bunları da görməzdən gəlməliyik.
Onlar bizə nə vaxta qədər hörmət etməyəcəklərsə, biz də eyni şəkildə onlara cavab verəcəyik. Bu baxımdan Azərbaycan artıq Rusiya siyasətində daha sərt davranmağa ehtiyac duyur. Bu, bəzilərin iddia etdiyi kimi Rusiyaya qarşı Ukraynanı və ya başqa hər hansı bir dairəni silahlandırmaq demək deyil. Məsələni hərbi müstəviyə keçirmək və ya əlaqələri düşmən mövqeyinə çevirmək deyil. Azərbaycan eyni zamanda Rusiyanın iqtisadi, enerji və siyasi maraqlarını görməzdən gəlməyə başlamalıdır. Ona qarşı öz üstünlüklərini istifadə etməli, Rusiya tərəfi Azərbaycan üçün nə qədər önəmli bir ölkə olduğunu və, xüsusən düşdüyü çətin vəziyyətdə əməkdaşlığın və ən başda Azərbaycanla əməkdaşlığın nə qədər faydalı olduğunu anlamalıdır".
Zeynəb Mustafazadə