ABŞ Cənubi Koreyada bazaların torpaq hüquqlarını tələb etməyib - ÖZƏL
14:05 DünyaCənubi Koreya Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ rəsmi şəkildə ölkədəki hərbi bazaların yerləşdiyi torpaqların mülkiyyət hüququnu tələb etməyib. Olaylar.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, nazirlik bununla bağlı rəsmi sorğunun olmadığını açıqlayıb.
"Torpaq mülkiyyətinin ötürülməsi ilə bağlı heç bir sorğu daxil olmayıb. Biz ABŞ hərbi kontingentinin Cənubi Koreyada stabilliyinin təmin edilməsi məqsədilə birbaşa və dolayı yolla dəstək göstəririk, torpaqların pulsuz istifadə üçün verilməsi isə bu səylərin bir hissəsidir", - nazirlikdən bildirilib.
ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya Prezidenti Li Çje Myon ilə Vaşinqtonda görüşündə "böyük bir ABŞ qalası" yerləşən torpaqların mülkiyyətinin müzakirə olunmasını istədiyi açıqlanmışdı. Mütəxəssislər hesab edirlər ki, Trampın sözügedən məsələni gündəmə gətirməsi sadəcə danışıqlar taktikası ola bilər. Cənubi Koreya Milli Təhlükəsizlik müşaviri Vi Son Lak isə bildirib ki, iki ölkə arasında razılaşmalara əsasən, ABŞ-nin bazalarının yerləşdiyi torpaqlar pulsuz istifadəyə verilir, icarəyə götürülmür. Tramp həmçinin sammit zamanı Cənubi Koreyada 40 min ABŞ hərbçisinin yerləşdiyini iddia etsə də, əslində onların sayı 28,5 min təşkil edir. Prezident Li isə bu mövzuda mübahisəyə girməyib.