Revanşistlərə “od vuran” yanğınlar - ermənilər yenə “havaya” girdilər
1 Avqust 10:04 SiyasətHaylar indi də təbiət hadisəsindən Azərbaycana iftira yağdırmaq üçün istifadə etməyə çalışırlar
Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar, yaxud təbiət hadisəsi ermənilərə gülünc bəhanə verib. Erməni KİV-lər yanğınlarla bağlı "narahat" olub, "artsax" dərdi çəkməyə başlayıblar.
Misal üçün, nyus.az yazıb ki, guya son bir həftə ərzində mifik "artsax respublikası"nın "şərq sərhəd zonası"nda baş vermiş yanğınlar nəticəsində 100-ə yaxın tarix və mədəniyyət abidəsi təhlükə altındadır. Qaçıb İrəvanda oturasan, Qarabağdakı "abidə"lərin təəssübünü çəkəsən, buna ancaq absurd bir tamaşa demək olar.
Saytın yaydığı dezinformasiyada, üstəlik, utanmazcasına Bakıdan "beynəlxalq hüquq və mədəni irsin qorunmasına dair konvensiyalar" əsasında tələblər irəli sürülür. "Beynəlxalq strukturlar və ixtisaslaşmış təşkilatlar öz mandatı çərçivəsində mövcud vəziyyəti düzgün qiymətləndirməli və artsaxın mədəni irsinin qorunması üçün təsirli addımlar atmalıdırlar", - sırtıqcasına bildirilir.
Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, erməni mediası niyə onlara aid olmayan ərazilər haqda bu cür cəfəng şeylər yazır, gündəmə gətirir, "artsax-artsax" deyə car çəkirlər?
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov hesab edir ki, ermənilər hələ də Qarabağda heç bir hüquqlarının olmadığını anlamırlar: "Son günlər Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında baş verən təbii yanğınlar Ermənistan mətbuatında yenidən əsassız və manipulyativ kampaniyaların alətinə çevrilib. Halbuki yanğınların əksəriyyəti mürəkkəb relyefli, uzun illər mina və silah qalıqları ilə çirklənmiş, 30 ilə yaxın nəzarətsiz qalmış ərazilərdə baş verib. Lakin erməni KİV-ləri bu hadisələri bilərəkdən siyasiləşdirərək, "mədəni irsin məhv edilməsi", "artsax sərhədləri" və saxta "erməni abidələri" haqqında uydurmalar yaymağa başlayıblar.
Maraqlıdır, kimə və nəyə əsaslanaraq bu cür əsassız tələblər irəli sürülür? Ermənilər hələ də anlamırlar ki, nə Qarabağda, nə də onun bir qarışında onlara aid heç bir suverenlik və ya mədəni irs hüququ yoxdur. Bu torpaqlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və artıq ölkəmiz tərəfindən tam nəzarət altına alınıb. Ermənistanın öz baş nazirinin - Paşinyan hökumətinin - Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bir vaxtda, erməni cəmiyyətində revanşist dairələrin hələ də "artsax" xülyalarına qapılması nə ilə izah oluna bilər?
Ən təəccüblüsü isə budur ki, bu gün Azərbaycanı "erməni irsini dağıtmaqda" ittiham edən həmin çevrələr, dünən Qərbi Azərbaycanda və Qarabağda yüzlərlə azərbaycanlı məscidini, qəbiristanlığını, tarixi abidəsini yerlə-yeksan edən qüvvələrdir. İrəvandan tutmuş Göyçə və Zəngəzura qədər olan ərazilərdə azərbaycanlılara məxsus yaşayış məntəqələri ya tamamilə yox edilib, ya da izləri silinib. Yalnız Şuşada ermənilər tərəfindən donuz saxlanılan məscid faktı belə onların "mədəni irsə hörmət" haqqında danışmağa heç bir haqqının olmadığını açıq göstərir. Hərbi cinayətlər və vandalizm aktları ilə dolu bir keçmişə malik toplumun hansısa "beynəlxalq konvensiyalara" istinad edərək tələblər irəli sürməsi absurddur və əslində beynəlxalq ictimaiyyətin gözündə etibarsızlıq yaradır.
Əgər doğrudan da Ermənistan rəhbərliyi sülhə meyillidirsə və bölgədə sabitlik istəyirsə, ilk növbədə daxildə revanşist düşüncə tərzinin kökünü kəsməlidir. Çünki hazırkı vəziyyətdə Ermənistan daxilində güclü şəkildə fəallaşan revanşist qüvvələr ictimai rəyə demaqoji mesajlar verərək sülh deyil, qarşıdurma üçün zəmin hazırlayırlar. Bu dairələr hələ də Azərbaycanın hüquqi və ərazi üstünlüyünü qəbul etmək istəmir, keçmiş işğal dövründəki ayrıcalıqlara qayıtmaq xülyası ilə yaşayırlar. Halbuki reallıq tamamilə fərqlidir: Azərbaycan 2020-ci ildə suverenliyini bərpa edib və istənilən provokativ ritorika yalnız Ermənistanın özünə zərər vuracaq. Ermənistan cəmiyyətində "yanğın", "mədəni irs" və "artsax sərhədləri" kimi yalanlar ətrafında aparılan təbliğat heç bir hüquqi və mənəvi əsas daşımır. Əgər bu ölkə regionda sülh və əməkdaşlıq istəyirsə, o zaman həm öz revanşistlərini susdurmalı, həm də tarixi reallıqları qəbul etməlidir. Azərbaycanın isə öz torpağında baş verən hər bir hadisəyə reaksiya vermək və təbiət hadisələrini idarə etmək hüququ suveren bir dövlət kimi danılmazdır. Ermənilər bu reallığı nə qədər tez dərk etsələr, region bir o qədər tez normallaşar".
Məhəmməd Əsədullazadə
Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bu yanğınları təbii bir proses kimi qəbul edir: "Son günlər Qarabağın müxtəlif bölgələrində lokal yanğınlar müşahidə olunub. Bu, nəinki Azərbaycanda, həm də Türkiyə və Yunanıstan kimi ölkələrdə baş verən genişmiqyaslı meşə yanğınları fonunda təbii proses kimi qiymətləndirilə bilər. Lakin erməni revanşist dairələri bu hadisələri öz çirkin məqsədləri üçün istifadə edərək guya "qədim erməni irsinin məhv edilməsi" barədə təbliğat aparırlar. Halbuki Qarabağda yerləşən qədim xristian abidələri ermənilərə deyil, Qafqaz Albaniyasına məxsusdur.
Ermənistanda Revanşist Qüvvələrin aktivliyi göz qabağındadır. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı da əhatə edən şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, ölkə daxilində revanşist dairələrin fəaliyyəti davam edir. Yanğın və digər hadisələr bəhanə edilərək anti-Azərbaycan təbliğat aparılır. Bu, bir daha göstərir ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı ərazi iddiaları tamamilə aradan qalxmayıb.
Nikol Paşinyan rəsmi açıqlamalarında Qarabağla bağlı iddialara son qoyulduğunu desə də, praktikada biz əksini görürük. Əgər Ermənistan doğrudan da Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, ölkə daxilində anti-Azərbaycan təbliğatın qarşısını qətiyyətlə almalıdır. Bu baş vermirsə, demək, Paşinyan özü də revanşist qüvvələrin fəaliyyətinə göz yumur və müəyyən maraqları bölüşür. Azərbaycan sülh prosesinə hazır olduğunu dəfələrlə nümayiş etdirib və kifayət qədər siyasi iradə ortaya qoyub. Lakin Ermənistanın təbliğat siyasəti davam edərsə, Azərbaycan aşağıdakı istiqamətlərdə fəaliyyətini gücləndirməlidir:
Qərbi Azərbaycanda vandalizm faktlarını beynəlxalq gündəmdə saxlamaq;
Qarabağdakı alban xristian abidələrinin mənşəyini elmi faktlarla sübut etmək və beynəlxalq ictimaiyyətə çatdırmaq;
Erməni revanşizminə qarşı ictimai diplomatiya və beynəlxalq mediada kampaniyaları gücləndirmək.
Qarabağda baş verən yanğınların erməni revanşist dairələri tərəfindən "erməni irsinin məhv edilməsi" kimi təqdim olunması Ermənistanın sülh prosesinə səmimi yanaşmadığını açıq göstərir. Əgər Ermənistan həqiqətən sülh və normal qonşuluq münasibətləri istəyirsə, ilk növbədə daxildə anti-Azərbaycan təbliğata son qoymalı və revanşist qüvvələrin fəaliyyətinə qadağa qoymalıdır".
Züriyə Qarayeva
Siyasi ekspert Züriyə Qarayevanın fikrincə, son günlər Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarının dağlıq relyefə malik sahələrində baş vermiş yanğınlar erməni mediasının əsassız iddialarına yeni bəhanə verib: "Təbii səbəblərdən qaynaqlanan bu yanğınlar barədə yayılan məlumatlarda, xüsusilə Ermənistan KİV-lərində, "narahatlıq" görüntüsü yaradılmağa çalışılır. Onlar bu hadisəni yenidən uydurma "artsax" məsələsinə bağlayaraq, guya "şərq sərhəd zonasında" yerləşən 100-ə yaxın tarix və mədəniyyət abidəsinin təhlükədə olduğunu iddia edirlər. Reallıqda isə bu iddialar həm hüquqi, həm də siyasi baxımdan tam əsassızdır. Azərbaycanın suveren ərazilərində baş verən hadisələrə İrəvanda oturan revanşist qrupların müdaxilə etməyə çalışması qeyri-ciddilikdən başqa bir şey deyil. Bu cür çıxışlar bir daha göstərir ki, bəzi dairələr hələ də keçmiş separatçı xəyallardan ayılmaq istəmir və sülh prosesinə zərbə vurmağa yönəlmiş təxribat xarakterli ritorikadan əl çəkməyiblər. Bütün bunlarla yanaşı, erməni tərəfi utanmazcasına beynəlxalq hüquqa və mədəni irsin qorunması haqqında konvensiyalara istinad edərək Azərbaycana qarşı əsassız tələblər irəli sürür. Halbuki Azərbaycan bu gün ərazilərində mövcud olan bütün tarix və mədəniyyət abidələrini qorumaq, bərpa etmək və gələcək nəsillərə ötürmək üçün ardıcıl və sistemli addımlar atır.
Ermənilərin Qarabağda törətdikləri vandalizm aktları isə bu gün sənədlərlə sübut olunmuş reallıqdır. Bu iddiaların məqsədi həm beynəlxalq ictimaiyyəti çaşdırmaq, həm də öz daxilində populist və revanşist əhval-ruhiyyəni diri saxlamaqdır. Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi halda, erməni mediasının bu cür əsassız və təxribatçı ritorikası sülh prosesinə ziddir və gələcək normal qonşuluq münasibətləri üçün ciddi maneədir". (Musavat.com)