“Türkiyə qlobal rifah və təhlükəsizlikdə məsuliyyət daşıyan dövlət kimi çıxış edir” – Taleh Əliyev – ÖZƏL
31 İyul 13:36 Siyasət"Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli və ya uzunmüddətli atəşkəsin əldə olunması bu gün üçün real görünməsə də, tərəflər arasında danışıqların aparılması, ən azından humanitar razılaşmaların əldə edilməsi, xüsusilə həlak olanların cəsədlərinin dəyişdirilməsi kimi təşəbbüslərin reallaşdırılması baxımından İstanbulda keçirilən görüşlərin əhəmiyyəti böyükdür".
Bu fikirləri mövzunu Olaylar.az-a şərh edərkən Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bu görüşlərin qardaş Türkiyə ərazisində keçirilməsinin ən önəmli məqamı isə, heç şübhəsiz, Türkiyənin regional aktor kimi artan rolunun göstəricisi olmasıdır: "Türkiyə bu vasitəçilik missiyası ilə dünyanın bir nömrəli problemi hesab edilən Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə verməyə çalışır. Həm Qərb cinahında, həm də Rusiya və onun müttəfiqləri arasında etimada sahib olması, Türkiyənin bu rolda nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu baxımdan, görüşlərin Türkiyə ərazisində keçirilməsi Türkiyənin dövlət olaraq etibarlılığının, həmçinin mövcud geosiyasi proseslər fonunda onun beynəlxalq mövqeyinin gücləndiyinin göstəricisidir. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bu proseslərdə dövlətinin məsuliyyətini vurğulaması təqdirəlayiq haldır. Bu onu göstərir ki, Türkiyə təkcə şimal qonşuları arasında baş verən münaqişələrlə deyil, həm də Yaxın Şərqdəki münaqişələrin həllində kifayət qədər aktiv rol almağa çalışır".
Siyasi şərhçinin sözlərinə görə, Əsəd rejimi devrildikdən sonra Suriyadakı keçid hökuməti ilə hərtərəfli əməkdaşlığın genişləndirilməsi, Qəzzada baş verən proseslərə ilk gündən səssiz qalmaması, İranla ABŞ və İsrail arasında yaranan gərginliyin azaldılması istiqamətində oynadığı rol, eləcə də qısa müddətli də olsa Pakistanla Hindistan arasında yaşanan münaqişədəki mövqeyi onu göstərir ki, Türkiyə artıq yalnız öz xalqı və ərazisi üçün deyil, ümumilikdə dünyada rifahın və təhlükəsizliyin qorunub saxlanılmasında məsuliyyət daşıyan bir dövlət kimi çıxış edir. Bu istiqamətdə Türkiyə davamlı və ardıcıl addımlar atır. Bütün bunlar Türkiyə dövlətinin və hazırkı hökumətinin yeni dünya düzənində həm iddialı, həm də layiqli şəkildə aktiv rol almağa hazır olduğunu göstərir.
Səidə Ramazanova