“Azərbaycanla münasibətlərin inkişafı radikalları narahat edir” – Əli Zülfüqaroğlu – ÖZƏL

Tehranlı karikaturaçı Hadi Heydərinin paylaşdığı karikatura İranda geniş narazılıq doğurub. Karikaturada Prezident Məsud Pezeşkian "Birlik" sözünün yazıldığı eşşəyə tərs mindirilmiş şəkildə əks olunub. Təbriz mətbuatı və ictimaiyyət nümayəndələri bu görüntünü yalnız Pezeşkianın deyil, eyni zamanda türk millətinin kimliyinə qarşı yönəlmiş təhqiramiz və irqçi yanaşma kimi dəyərləndiriblər. Karikatura həm də provokativ xarakteri ilə diqqət çəkib.

"İranda bu cür hallar ilk dəfə deyil baş verir. Dəfələrlə ölkə daxilindəki mühafizəkar və radikal qruplar Azərbaycanla İran arasında münasibətlərin pozulması və gərginliyin davam etməsi üçün bu tip addımlar atıblar. Türk millətinə qarşı təzyiqlər göstərilib, halbuki İran əhalisinin yarısı azərbaycanlı türklərdən ibarətdir".

Bu sözləri Olaylar.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. Siyasi şərhçi bildirib ki, İranda SEPAH daxilində radikal qrupların müəyyən etdiyi xarici siyasət faktiki olaraq uğursuzluğa düçar olub. İranın Yaxın Şərqdəki dayaqlarının dağıdılması, eləcə də SEPAH-ın yüksək rütbəli generallarının daxildə Mossad tərəfindən aradan götürülməsi, ölkənin yürütdüyü yanlış xarici siyasətin nəticəsi kimi qiymətləndirilə bilər. Halbuki İranın əsas düşmənləri daxildə formalaşır.

Ə. Zülfüqaroğlunun sözlərinə görə, İran əvvəllər özünə qarşı təhlükələri sərhədlərindən kənarda neytrallaşdırmaq taktikasını seçmişdi. Lakin son proseslər göstərdi ki, bu taktika iflasa uğrayıb: "Artıq İran nəinki sərhədləri yaxınlığında, hətta daxildə də ciddi təhdidlərlə üz-üzədir. Prezident Pəzeşkian da dəfələrlə bəyan edib ki, ölkədə daxili və xarici siyasət sahəsində mütləq şəkildə islahatlara ehtiyac var. Bölgə dövlətləri ilə, eyni zamanda Qərblə münasibətlərin normallaşdırılması və İranın ənənəvi siyasətindən imtina etməsi vacib şərtlərdəndir. Pəzeşkian açıq şəkildə bildirib ki, əgər bu şəkildə davam etsələr, İranın parçalanması qaçılmaz olacaq".

Siyasi şərhçi qeyd edib ki, İran daxilində, xüsusilə SEPAH çevrəsində Pezeşkiana qarşı ciddi təzyiqlər var: "Ənənəvi siyasətin davam etməsini istəyən dairələr çalışırlar ki, prezidentə qarşı basqılar artırsınlar və onu nüfuzdan salan kampaniyalar həyata keçirsinlər. Son günlər atılan addımlar, "birlik" adı altında verilən mesajlar, əslində, İranla Azərbaycan arasında münasibətlərin inkişafını əngəlləməyə hesablanıb. İranın radikal qrupları düşünürlər ki, əgər Azərbaycanla münasibətlər inkişaf etsə, bu, ölkədə sağlam düşüncənin güclənməsinə səbəb ola bilər və bu da onların korporativ maraqlarına ziddir. Bu səbəbdən həmin qruplar dövlət maraqlarını nəzərə almadan, İranın Azərbaycan və digər bölgə ölkələri ilə diplomatik münasibətlərini sabotaj etməyə çalışırlar. Təsadüfi deyil ki, Prezident Pezeşkian bir neçə gün öncə bəyan etdi və diplomatlara tapşırıq verdi ki, Azərbaycan və digər bölgə ölkələri ilə münasibətlərə yenidən baxılsın və bu əlaqələr inkişaf etdirilsin. Bu yanaşmaya qarşı çıxan qüvvələr isə bir tərəfdən qarayaxma kampaniyaları aparır, digər tərəfdən isə daxildə sabitliyi pozmağa yönəlik addımlar atırlar. Yəni, biz bu gün İranda islahatçı düşərgəyə qarşı təzyiqlərin genişlənməsini müşahidə edirik. Bu, ilk növbədə İran üçün təhlükə xarakteri daşıyır. Əgər Pezeşkianın qarşısı alınmasa və o, cəsarətli addımlar atmağa davam etsə, İranın beynəlxalq mövqeyinin möhkəmlənməsi üçün əhəmiyyətli nəticələr əldə edilə bilər. Əks halda, əgər Pezeşkianın siyasi iradəsi sarsılsa və SEPAH daxilindəki radikal dairələr ənənəvi kursu davam etdirməyə nail olsalar, o zaman İran çox ciddi təhlükələrlə qarşılaşacaq".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31