Regionda müharibə təhlükəsi: Dörd ölkə səssiz oyuna başladı – Gizli detallar

Xəbər verdiyimiz kimi, iyulun 25-də İstanbulda İran və "Avropa üçlüyü"nün nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Görüşdə Böyük Britaniya, Fransa, Almaniya, eləcə də İran xarici işlər nazirliklərinin yüksək səviyyəli rəsmiləri iştirak edib. Tərəflər dialoqun gələcəkdə də davam etdirilməsi barədə razılaşıb. Maraqlıdır ki, danışıqlarla bağlı hələ də hər hansı bəyanat səsləndirilməyib. Görüş səssiz-sədasız yekunlaşıb.

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, sözügedən görüş kifayət qədər taleyüklü məsələ idi:

"Avropa rəsmiləri İrana təkcə jest üçün deyil, böhranın qarşısını almaq üçün son bir fürsətlə gəldilər. Mesaj aydın idi: nüvə fəaliyyətinizi məhdudlaşdırın, əks halda yeni sanksiyalara hazır olun. Bu, İranın onsuz da ağır vəziyyətdə olan iqtisadiyyatını daha da zəiflədə və ən təhlükəlisi, regionda hərbi eskalasiyanı tətikləyə bilər. Ümumiyyətlə, Tehran çox təhlükəli bir ip üzərində yeriyir. Uranın zənginləşdirmə səviyyəsi artıq silah istehsalına yaxınlaşır. İran hələ də bunun yalnız mülki enerji məqsədli olduğunu iddia edir. Lakin artıq nə Vaşinqtonda, nə Təl-Əvivdə, nə də Brüsseldə bu sözlərə inanan qalıb. Avropa güclərinin bu diplomatik səfəri 2018-ci ildən sonrakı xaosa qayıdışın qarşısını almaq üçün son cəhddir. Amma 2025-ci ildə risklər əvvəlki illərlə müqayisədə daha yüksəkdir".

rustem tagizade

Rüstəm Tağızadə

Ekspert bildirib ki, vəziyyəti daha da gərginləşdirən İsrailin mövqeyidir:

"Böyük ehtimalla İsrail kəşfiyyatı bu görüşləri real vaxtda izləyir. Təl-Əviv üçün diplomatiya faydalı görünə bilər, lakin gecikmə təhlükəlidir. Baş nazir Benyamin Netanyahu, koalisiyadakı sərt xətt tərəfdarlarının təzyiqi altında dəfələrlə "hərbi variant masadadır" bəyanatını verib. Bu dəfə əvvəlki illərdən fərqli olaraq, həm texnoloji imkanlar, həm də siyasi iradə mövcuddur. İsrailin İranın nüvə obyektlərinə qarşı hava zərbəsi və ya Stuxnet tipli bir kiberhücum həyata keçirməsi təkcə mümkün deyil, həm də çox real ehtimaldır. Tehran isə cavabsız qalmayacaq. Lakin bu, birbaşa İsrail torpağına deyil, daha çox regional proksilər vasitəsilə veriləcək: Livanda "Hizbullah", Suriyada və İraqda şiə milisləri, hətta Yəməndə husilər bu oyunda rol oynaya bilər. Bununla zəncirvari reaksiyanın yaranması mümkündür. Lokal zərbə regionda genişlənən bir münaqişəyə çevrilə, ABŞ-ın Körfəzdəki bazalarını cəlb edə və neft nəqlinə təsir göstərərək qlobal bazarları silkələyə bilər".

R.Tağızadə qeyd edib ki, Avropa İttifaqı (Aİ) iki od arasında qalıb:

"Bir tərəfdən hərbi eskalasiyanın qarşısını almağa çalışırlar, digər tərəfdən nüvə silahlarının yayılmasının qarşısının alınmasında zəif görünmək istəmirlər. Əgər İran danışıqları tərk edərsə, Brüssel istəməsə belə, yeni sanksiyalara dəstək vermək məcburiyyətində qala bilər. Lakin Avropa ölkələri danışıqlar qapısını açıq saxlamağa çalışacaqlar. Bəlkə də zənginləşdirmənin dondurulması müqabilində qismən sanksiya yumşaldılması təklif ediləcək. Bu, İsraili tam razı salmayacaq, lakin vaxt qazandıra bilər".

Politoloqun fikrincə, İran üçün bu, yüksək riskli bir "poker oyunu"dur:

"Ali dini lider Əli Xamenei yaxşı anlayır ki, hər hansı bir İsrail hücumu daxildəki rejim sabitliyini təhlükə altına ata, Qərbə qarşı zəif görünmək ölkədəki sərt mövqeli hakimiyyətin legitimliyinə zərbə vura bilər. Qısamüddətli dövrdə daha çox "səssiz diplomatiya" gözlənilir. Qətər, Oman və bəlkə də Türkiyə kimi ölkələr pərdəarxası vasitəçilik rolunu oynayacaqlar. Lakin əgər payıza qədər irəliləyiş əldə olunmasa, hərbi toqquşma riski kəskin artacaq. Əgər danışıqlar uğursuzluqla nəticələnərsə, ABŞ-da seçki kampaniyaları başlamazdan öncə, yəni payızın əvvəlində , İsrail tərəfindən gizli, hədəfli bir əməliyyat həyata keçirilə bilər. Məqsəd İranın nüvə proqramını ləngitmək, lakin genişmiqyaslı müharibə riskindən yayınmaq olacaq. Hələlik dünya nəfəsini tutub gözləyir. Kartlar Tehranın əlindədir. Amma mümkündür ki, İsrail artıq oyun qaydalarını dəyişib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31