Anti-Azərbaycan ritorikası təsadüfi deyil” – Kreml Z-blogerləri yönləndirir - ÖZƏL
22 İyul 16:55 Siyasət"Rusiyada istər müstəqil, istərsə də hər hansı media qurumlarında təmsil olunan şəxslərin anti-Azərbaycan çıxışları nəzarətsiz deyil. Çünki orada mahiyyət etibarilə diktatura rejimi mövcuddur və bu rejim hər şeyi nəzarətdə saxlayır".
Bu fikirləri politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında söyləyib:
"Əgər həmin jurnalistlərin çıxışları dövlətin maraqlarına, yaxud Putinin planlarına zidd olsaydı, onları çox rahat şəkildə sustura bilərdilər. Ən azından yuxarıdan göstəriş verilərdi, təzyiq göstərilərdi. Onlar da yaşadıqları rejimin şərtlərini bildikləri üçün susardılar. Deməli, burada Kreml özü hələlik onlara yaşıl işıq yandırıb ki, Azərbaycan əleyhinə danışsınlar.
Bəs bu çıxışlar nədən qaynaqlanır? Bu gün Rusiya çox yaxşı anlayır ki, Cənubi Qafqaz artıq onun təsir dairəsindən çıxır və daha müstəqil hərəkət edir. Burada təkcə Azərbaycan yox, Ermənistan və Gürcüstan da nəzərdə tutulur. Lakin bu müstəqillik atmosferinin əsas mənbəyi Rəsmi Bakıdır. Ermənistanın paytaxtı İrəvan, Gürcüstanın isə Tbilisi olsa da, Cənubi Qafqazda formalaşan yeni, daha sərbəst hava məhz Bakıda yaranıb.
Rusiyada hesab edirlər ki, bu prosesi dayandırmaq üçün ilk növbədə Bakını diz çökdürmək lazımdır. Onlar Cənubi Qafqazda gedən bu müstəqillik meyillərini özləri üçün təhlükə kimi qəbul edirlər və buna görə də Azərbaycana qarşı təbliğatı gücləndirirlər.
Bəziləri isə daha da irəli gedərək, Azərbaycanı Rusiyanın bir quberniyası adlandırırlar. Onlar hələ də elə bilirlər ki, bu, xanlıqlar dövrüdür - sanki Azərbaycan parçalanıb və müxtəlif şəxslərin, qrupların nəzarətindədir. Bəziləri də düşünür ki, 90-cı illərin xaotik dövrü hələ də davam edir və ermənilərin əli ilə Qarabağ məsələsini qızışdıraraq Bakını daxili böhrana sürükləmək mümkündür.
Amma dünya dəyişib. İndi nə 30 il əvvəlki 90-cı illərdir, nə də 200 il əvvəlki xanlıqlar dövrü. Dünya sürətlə dəyişir və yeni dünya düzəni qurulur. Bu düzəndə isə Rusiya artıq hegemon güc olmayacaq.
Rusiya nə ABŞ-lə, nə də Çinlə mübarizədə üstünlük qazana bildi. Hər ikisinə qarşı uduzdu. Bu strateji məğlubiyyətin bariz nümunəsi odur ki, Rusiya artıq iddia etdiyi çoxsaylı regionlarda təsir imkanlarını itirib.
O ki qaldı bu Z-blogerlərin Qafqazın gələcəyi ilə bağlı dediklərinə, orada bir acizlik var. Onların çağırışlarında "biz Qafqazı almalıyıq", "Qafqaz belə olmalıdır, elə olmalıdır" kimi fikirlər səslənsə də, bu günün reallığında bu, mümkün görünmür.
Çünki Cənubi Qafqazda artıq Çin reallığı var, ABŞ də var. Hətta bunlara ehtiyac olmadan belə, burada Türkiyə reallığı mövcuddur. Tarixən Cənubi Qafqaz üç əsas güc mərkəzinin təsirində olub. Rusiya son 200 ilin aktiv oyunçusudur. Ondan əvvəl və bərabər olaraq isə Azərbaycan və Anadolu dövlətləri - xüsusilə Osmanlı - bu bölgədə mühüm rol oynayıblar.
Bu gün həmin Azərbaycan və Anadolu dövlətçiliyi təcrübəsi yenidən Cənubi Qafqazda güclənir və ön plana çıxır. Bu, tarixi bir zərurətdir və öz təsdiqini tapmaqdadır.
Z-blogerlər nə deyirlər desinlər, artıq Azərbaycan bir dünya aktoruna çevrilməkdədir. Bu günə qədər yürüdülən ağıllı və uzaqgörən siyasət davam edərsə, Azərbaycan qısa müddətdə həm diplomatiya mərkəzinə, həm də əsas tranzit mərkəzlərindən birinə çevrilə bilər.
Və bu baş verdikdən sonra Rusiyanın Z-blogerləri də artıq Cənubi Qafqaz əleyhinə danışanda iki dəfə düşünəcək".
Zeynəb Mustafazadə