Ərdoğan-Tramp tandemi 40 illik "terror layihəsi"ni bitirir: ABŞ Yaxın Şərqdə Türkiyə hegemoniyasını dəstəklədi
22 İyul 19:57 DünyaRəsmi Ankaranın Suriyadakı tarixi hərbi və siyasi-diplomatik uğuru Türkiyəyə bütün Yaxın Şərqdə geopolitik dividendləri öz aktivinə yazmaq üçün böyük şans qazandırır... Bu baxımdan, ABŞ-ın fəal iştirakı ilə Türkiyənin Yaxın Şərqin yenidən dizayn olunması prosesində həlledici geopolitik iradə sahibinə çevrilməsi qaçılmaz xarakter daşıyır...
Yaxın Şərqin yenidən dizayn olunması isə növbəti önəmli addım atılıb. Belə ki, NATO üzrə iki müttəfiq dövlət - ABŞ və Türkiyə PKK terror təşkilatının Suriya qolu olan, özünün əsl cinayətkar mahiyyətini SDF adı altında gizlətməyə çalışan silahlı qruplaşmaya 30 günlük möhlət barədə ultimatum verib. Bu müddət ərzində terrorçu SDF Suriyanın yeni hakimiyyəti ilə mütləq razılaşmalı və öz mövcud strukturunun bir hissəsini Suriya ordusunun tərkibinə qatmalıdır. Və xəbərdarlıq edilib ki, əks halda, indiki ssenari dəyişərək, daha radikal məzmun ala bilər.
Onu da qeyd etmək lazımdır ki, "Middle East Eye"nın məlumatına görə, ABŞ və Türkiyə tərəfindən verilən bu sərt ultimatumda SDF-nin bütün silahlı birləşmələrinin Suriya ordusunun tərkibinə qəbul edilməyəcəyi də xüsusi olaraq, vurğulanır. SDF-nin bəzi silahlı dəstələri tərksilah olunacaq və bütün hərbi-siyasi nəzarət isə məhz Suriya hökumətinə veriləcək. Bu, SDF üçün həm hərbi, həm də siyasi baxımdan, tamamilə demontaj anlamı daşıyır.
ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barraq isə açıq şəkildə bildirib ki, əgər, SDF ilə razılaşma alınmasa, onda bu qeyri-qanuni silahlı qruplaşmaya qarşı radikal alternativ variantlar da masadadır və dərhal işə salınacaq. Bu ultimatumun verildiyi bir vaxtda, Türkiyə rəsmiləri də Dəməşqdə keçirilən danışıqlarda SDF-ni prosesi uzatmamağa və üçtərəfli xoş niyyətdən sui-istifadə etməməyə çağırıblar.
Belə anlaşılır ki, ABŞ və Türkiyə terrorçu PKK-nın Suriya qolu olan SDF-nin gələcək taleyi ilə bağlı nəhayət ki, razılağa gəlməyi bacardı. Halbuki, Bayden adminstrasiyası terror təşkilatı olan SDF-ni ABŞ-ın Suriyada strateji tərəfdaşı elan etmişdi. ABŞ bu terror təşkilatını silah-sursat ilə təchiz edərək, hərbi təlimlər keçirdi. Və Bayden adminstrasiyasının bu davranışları ABŞ-Türkiyə münasibətlərində gərginlik yaradırdı.
Maraqlıdır ki, indi artıq ABŞ və Türkiyə terrorçu SDF məsələsində ilk dəfə ortaq, ortaq mövqe sərgiləyir. İndi ihər iki müttəfiq dövlət terrorçu SDF-ni nəzarətdən çıxmış bir təhlükə qaymağı kimi dəyərləndirir. Ona görə də, Türkiyə üçün əsas hədəf məhz terrorçu PKK-nın Suriya qanadının tamamilə sıradan çıxarılmasıdır. Ağ Ev isə bu terrorçu təşkilatla bağlı ABŞ-ın məsuliyyət yükünü azaldaraq, Suriya məkanında yeni nizam yaratmaq niyyətindədir.
Əgər, terrorçu SDF-nin tərksilahı və ya demontajı baş tutarsa, bu, Türkiyənin PKK-ya qarşı 40 illik mübarizəsində böyük siyasi və simvolik qələbəsi olacaq. Xüsusilə də, Suriya ərazisilərində fəaliyyət göstərən YPG-nin neytrallaşdırılması, Türkiyənin sərhəd təhlükəsizliyi baxımından, mühüm dönüş nöqtəsi sayılır. Bu proses rəsmi Ankaranın yalnız hərbi deyil, həm də siyasi-diplomatik müstəvidə genişmiqyaslı uğurlu nəticələr əldə etdiyini göstərir. İndi Türkiyə artıq öz təhlükəsizlik prioritetlərini ABŞ-s və Suriyaya tam qəbul etdirmiş nüfuzlu regional güc statusuna sahibdir.
Onu da qeyd etmək lazımdır ki, Türkiyənin bu geopolitik uğuru yalnız Suriyadakı pozitiv proseslərlə məhdudlaşmır. Belə ki, rəsmi Ankara son illərdə Liviya və Cənubi Qafqazda da aktiv hərbi-siyasi rola sahiblənib. Digər tərəfdən, Türkiyə Körfəz ölkələri ilə münasibətlərini ciddi şəkildə normallaşdıraraq, yaxınlaşmaya nail olub.
Eyni zamanda, Türkiyə Qara dəniz regionunda Ukrayna-Rusiya balansını qoruyub, saxlamağı bacaran nadir ölkə statusuna da sahibdir. Bütün bunlara paralel olaraq, indi terrorçu SDF-nin zəiflədilməsi və ya tamamilə tərksilahı olunması Türkiyənin "mərkəzi güc" kimi çıxış etdiyi yeni Yaxın Şərq konfiqurasiyasına uyğundur. Və bu, rəsmi Ankaraya regional vasitəçi, hətta geopolitik şərtləri müəyyən edən əsas geostrateji oyunçu rolunu da qazandıra bilər.
Göründüyü kimi, maskalanmış terror təşkilatı olan SDF-nin indi alternativ seçim etmək şansı əvvəlki dövrlərdən fərqli olaraq, məhduddur. Belə ki, bəzi qlobal güclər tərəfindən istifadə müddətini artıq tükətmiş bu terrorçu qruplaşma ya silahlı dəstələrinin bir hissəsini Suriya ordusuna inteqrasiya etdirəcək. Ya da xarici dəstəyini tamamilə itirmiş bu silahlı terror təşkilatı daha radikal variant üzrə tərksilah olunaraq, tamamilə demontaj ediləcək. Və Ağ Evin anons etdiyi "alternativ ssenarilər" isə ümumiyyətlə, Yaxın Şərqdə yeni hərbi dinamikanın əsasını da qoya bilər.
Əgər, bu proses baş tutarsa, onda rəsmi Ankara bu siyasi-diplomatik uğurundan yalnız Suriyada deyil, bütün Yaxın Şərqdə geopolitik dividendlərə çevirmək üçün böyük şans qazanmış olacaq. Bu, Türkiyənin regiondakı gələcək rolunu tamamilə yenidən müəyyən edə bilər. Və bu baxımdan, Yaxın Şərqin yenidən dizayn olunması prosesində həlledici mərhələnin başlandığını da düşünmək olar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert