Türkiyə Rusiya və Ukrayna arasında danışıqların nəticələrinin konstruktiv olacağını gözləyir
22 İyul 22:00 DünyaTürkiyə Rusiya və Ukrayna arasında keçiriləcək danışıqların üçüncü raundunun konstruktiv nəticələr verəcəyinə və dialoqun davam edəcəyinə ümid edir.
Olaylar xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası məlumat yayıb.
"Prezidentin sülh prosesində uduzan tərəf olmayacağı ilə bağlı bəyanatını xatırlatmaq istərdim. Biz nəyə ümid edirik? Atəşkəsə və regionda sülhə... Düşünürəm ki, bütün dünya bunu gözləyir", - deyə Türkiyə liderinin nümayəndələri bildiriblər.
Qeyd olunub ki, Türkiyə danışıqların təhlükəsizliyini təmin etməyə və prosesi dəstəkləməyə hazırdır.
Görüşün çərşənbə günü saat 20:00-da baş tutması gözlənilir. Lakin danışıqların dəqiq tarixi hələ rəsmi şəkildə açıqlanmayıb.
Xatırladaq ki, bundan əvvəl Rusiya və Ukrayna arasında iki raund birbaşa danışıqlar İstanbulda baş tutub. Həmin görüşlər nəticəsində əsir mübadiləsi həyata keçirilib və tərəflər münaqişənin həllinə dair memorandum layihələri üzrə müzakirələr aparıblar.