Ramiyə Məmmədova: “Azərbaycan heç vaxt Rusiya imperiyasının tərkib hissəsi olmayacaq” – ÖZƏL
21 İyul 2025 13:24 SiyasətRusiyada son dövrlər bəzi politoloqlar və deputatların çıxışları anti-Azərbaycan isterikasını alovlandırmaq məqsədi daşıyır. Onlar təhqir və hədələrlə çıxış etsələr də, dövlət bu ritorikanı açıq şəkildə pisləmir, bəzən hətta təşviq edir. Bu ritorika psixoloji mühit yaradır, cəmiyyəti radikallaşdırır və diasporlara qarşı nifrət toxumu səpir.
Rusiyada politoloq və deputatların anti-Azərbaycan ritorikası dövlətin real mövqeyini nə dərəcədə əks etdirə bilər? Bu cür isterik çıxışların ictimai rəyə və regional münasibətlərə mümkün təsirləri nə ola bilər?
"Son vaxtlar Azərbaycanla Rusiya arasında münasibətlərdə gərginlik xüsusilə bizim təyyarəmizin vurulmasından sonra daha da artıb. Bu, gözlənilən idi. Çünki biz Rusiya tərəfindən kompensasiya və izahat gözləyirdik, amma aylardır bu gözləntilər cavabsız qalıb. Təbii ki, belə vəziyyətdə münasibətlərdə gərginlik yaranması qaçılmazdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycanın haqlı tələblərinə cavab verilməməsi ilə yanaşı, Rusiya tərəfindən Azərbaycanlı miqrantlara qarşı sərt tədbirlərin görülməsi vəziyyəti daha da pisləşdirib: Bu hərəkətlərin fonunda Prezident İlham Əliyevin Şuşa Forumunda səsləndirdiyi fikirlər aydın cavab kimi dəyərləndirilə bilər. Prezident qeyd etdi ki, aylardır gözlədiyimiz reaksiyanı görmədiyimiz üçün Azərbaycanın Beynəlxalq Məhkəməyə müraciət etməsi məsələsi gündəmə gələ bilər. Əslində, Rusiya hələ də özünü imperialist dövlət kimi aparır. 70 illik sovet dönəmində digər respublikaları idarə etdiyi xülyasından çıxmaq istəmir. Rusiya düşünür ki, bu dövlətlər bir gün yenidən onun tərkibinə qayıdacaqlar. Ancaq reallıq başqa cürdür: bu xəyallar artıq dağılır və Rusiya müxtəlif təzyiqlərlə bu prosesin qarşısını almağa çalışır. Rusiya cəmiyyətinin bir hissəsi də bu imperialist fikirlərlə yaşayır. Onlar düşünür ki, Rusiya böyük dövlətdir və başqa dövlətlərə istədiyi kimi davranmağa haqqı var. Ancaq bu, belə deyil. Heç bir ölkə başqalarının suverenliyini pozaraq hörmətsizlik edə bilməz. Təyyarəmizin vurulması və buna cavab verilməməsi, əslində, Rusiyanın özünü "üstün" görməsinin nəticəsidir. Ancaq bu dövr artıq geridə qalır. Təkcə Azərbaycan deyil, digər ölkələr də artıq Rusiyanın bu münasibətinə cavab verməyi bacarır. Rusiya isə buna qarşı miqrantlara təzyiq göstərməklə və müxtəlif hadisələrlə güc nümayiş etdirməyə çalışır. Amma bu yanaşma nəinki effekt vermir, əksinə, öz zərərinə işləyir".
R. Məmmədova qeyd edib ki, Prezident İlham Əliyevin forumdakı çıxışında bir daha vurğulandı ki, Azərbaycan heç vaxt Rusiya imperiyasının tərkib hissəsi olmayacaq:
"Azərbaycan müstəqil siyasət yürüdür və qonşu ölkələrlə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətləri qurur. Rusiya da bu reallığı qəbul etməli və davranışını ona uyğun tənzimləməlidir. Regionda baş verən bir çox hadisələrin arxasında Rusiyanın əli var. Rusiya bu bölgədə sabitliyi pozan tərəf kimi çıxış edir. Onun imperiya düşüncəsi ilə çıxış edən politoloqlar, jurnalistlər, televiziya aparıcıları bu təbliğatın daşıyıcılarıdır. Amma bu təbliğat boş və nəticəsizdir. Azərbaycan bu təzyiqlərə emosional cavab vermədən, ağıllı və məqsədyönlü siyasəti ilə uğur əldə edir. Qarabağ məsələsində olduğu kimi, diplomatik yolla istədiyinə nail olur. Azərbaycanla Rusiya vətəndaşları arasında xalq səviyyəsində ciddi bir problem yoxdur. Əsas toqquşma dövlətlərarası siyasi maraqlardan qaynaqlanır. Hazırda Rusiyada təxminən iki milyon azərbaycanlı yaşayır və bu insanlar ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edirlər. Rusiya onları birdən-birə ölkədən çıxara bilməz. Həm də onların çoxu artıq Rusiya vətəndaşıdır. Əgər belə bir addım atılarsa, bu, Rusiyanın öz ziyanına işləyəcək. Çünki azərbaycanlılar Rusiyada bir çox sektorda əvəzolunmaz əmək qüvvəsidir.
Nəticə etibarilə, Rusiya bu ritorikanı dəyişməlidir. Onun cəmiyyəti, medianı və sosial şəbəkələri düşmənçilik ritorikasını deyil, dostluq və əməkdaşlıq mesajlarını yaymalıdır. Əks halda, bu proses beynəlxalq hüquqi müstəviyə keçə bilər və Rusiya üçün daha ağır nəticələrə səbəb olar".
Səidə Ramazanova