“The Telegraph”dan iddia: Bakı və İrəvan Rusiya təsirindən çıxır – Cənubi Qafqazda yeni geosiyasi düzən
15 İyul 19:06 SiyasətRusiya ilə Azərbaycan arasındakı münasibətlər son vaxtlar gərginləşib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu mövzu ilə bağlı Britaniyanın nüfuzlu The Telegraph qəzeti "İki düşmən Putinə qarşı birləşir: Ermənistan Azərbaycana qoşularaq Rusiyanın Qafqazdakı son kozirinə təhdid yaradır" başlıqlı məqalə dərc edib.
Qəzetin yazdığına görə, münasibətlərin qopması Moskva üçün real təhlükəyə çevrilib. Çünki Azərbaycanla 30 il müharibə aparmış Ermənistan indi öz köhnə düşməni ilə birlikdə Putini Cənubi Qafqazdan sıxışdırmağa çalışır.
Qəzet qeyd edir ki, iyulun 10-da İlham Əliyev və Nikol Paşinyan Zəngəzur dəhlizini müzakirə etmək üçün görüşüblər. Bu dəhliz Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirməli və Ermənistan ərazisindən keçərək Çinlə Avropa arasında ticarət marşrutunun - "Orta Dəhlizin" bir hissəsinə çevrilməlidir.
2020-ci ildə Ermənistanla Azərbaycan arasında imzalanmış atəşkəs sazişinə əsasən, bu marşrut Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarətində olmalı idi. Lakin bu razılaşma artıq təhlükə altındadır - Əliyev Moskvanı prosesdən kənarlaşdırmağa və dəhlizə Azərbaycanın tam nəzarətini təmin etməyə çalışır.
Böyük Britaniyanın Müdafiə Tədqiqatları Kral İnstitutunun beynəlxalq təhlükəsizlik proqramının direktoru Nil Melvin qeyd edir:
"Bu dəhliz Rusiyanın bölgədəki son əsas koziridir. Bu, Moskvaya həm Ermənistan, həm də Azərbaycanla münasibətləri tənzimləməyə və ticarət yollarına nəzarət etməyə imkan verir. Onun itirilməsi Kreml üçün ciddi zərbə olar."
Qəzet xatırladır ki, yaxınlarda Paşinyanla Türkiyə Prezidenti Ərdoğan İstanbulda görüşüblər. Bu, Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq, əlamətdar bir hadisə hesab olunur. Ərdoğan bəyan edib ki, Ermənistan Zəngəzur dəhlizi məsələsində "daha çevik mövqe" nümayiş etdirir.
Rusiya isə bölgədəki təsirini artıq itirməyə başlayıb. The Telegraph yazır ki, 2023-cü ildə Rusiya sülhməramlıları Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyata qarışmadılar. Bu əməliyyatdan sonra demək olar ki, bütün erməni əhalisi Qarabağı tərk etdi. Bu hadisələrdən sonra Paşinyan Qərbə üz tutmağa başladı və Bakı ilə münasibətləri normallaşdırmaq yollarını axtarmağa girişdi. O (yəni Paşinyan - red.) hesab edir ki, əgər Azərbaycan və Türkiyə ilə düşmən mövqedə qalarsa, Ermənistanın uzunmüddətli gələcəyi təhlükə altındadır.
Qəzetin gəldiyi nəticə belədir: Azərbaycan və Ermənistan - vaxtilə Sovet İttifaqının üzvü olan bu ölkələr - indi Rusiyasız yeni yol seçirlər.