Qafqazda tarixi dönüş: Bakının təklifi vəziyyəti dəyişdi – Rusiya detalı
15 İyul 21:42 SiyasətRusiyanın həm Azərbaycan, həm də Ermənistanla münasbətlərində müşahidə olunan gərginlik, onun Cənubi Qafqazdakı rolu ilə bağlı müəyyən suallar doğurur. Xüsusilə Bakı və İrəvan arasında sülh danışıqlarının vasitəçisiz davam etdirilməsi, liderlərin müzakirələri tamamilə fərqli platformada keçirməsi, Moskvanın proseslə bağlı çağırışlarına diqqət edilməməsi mühüm amil kimi qiymətləndirilir.
Analitiklərin fikrincə, bu, artıq Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının ciddi şəkildə azalmasının göstəricisidir. Kreml son illərdə müxtəlif cəhdlərinə baxmayaraq regionun hər üç ölkəsi ilə münasibətlərinə zərbə vuracaq yanlışlara yol verib. Artıq bölgədə reallıq dəyişib və Moskva əvvəlki gücünü itirib.
Rusiyanın Cənubi Qafqazda yenidən əvvəlki kimi mövqelərə sahib olması mümkündürmü? Kreml bunun üçün hansı yollara əl ata bilər?
Globalinfo.az-a danışan politoloq Elşad Mirbəşiroğlu deyib ki, Cənubi Qafqaz ölkələri arasında konstruktiv əməkdaşlıq sistemi qurulmalıdır:
"Azərbaycan heç vaxt başqa bir dövlətin təsiri altında, onun diktəsinə tabe olaraq siyasət yürütməyib. Biz hər zaman müstəqil milli maraqlarımız çərçivəsində siyasət aparmışıq və bu, tərəfdaşlıq, əməkdaşlıq, bərabərhüquqlu prinsiplərə əsaslanıb. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra 3+3 yeni regional əməkdaşlıq platformasının yaradılması ideyasını irəli sürdü. Burada Rusiya, Türkiyə, İran və Cənubi Qafqazın üç dövləti - Azərbaycan, Gürcüstan və Ermənistanın yer alması təklif edildi. Bizim yanaşmamız regionda bərabər hüquqluluq prinsipi əsasında bütün iştirakçıların konstruktiv maraqlarına uyğun əməkdaşlığın qurulmasına yönəlib.
Cənubi Qafqaz strateji əhəmiyyəti olan bir bölgədir və burada həm regional, həm də regiondan kənarda yerləşən ölkələrin maraqları var. Onlar arasında Türkiyə, Rusiya və İran kimi dövlətlər yer alır. Əksər hallarda bu maraqlar arasında kəskin toqquşmalar baş verir. Hər aktor bölgəmizlə bağlı özünəməxsus baxışa sahibdir. Bu isə tamamilə təbii bir haldır. Onların təhlükəsizlik məsələləri də birbaşa bizim regionla bağlıdır".
Politoloq bildirib ki, Azərbaycan Cənubi Qafqazda barışdırıcı mövqe tutur:
"Lakin, regiondan kənarda yerləşən ölkələrin davranışlarına baxdıqda, onların əksər hallarda gərginlik yaratmağa cəhd etdiklərini görürük. Bir neçə faktı nümunə göstərmək olar: torpaqlarımızı azad etdikdən sonra çox sayda siyasi hücumlarla qarşılaşdıq. Amma ədalət naminə qeyd etmək lazımdır ki, Rusiya tərəfindən belə bir hücum və ya provokasiya xarakterli addımlar atılmadı. Təbii ki, ayrı-ayrı şəxslər fərqli baxışlarını ifadə edirdilər, amma bütövlükdə rəsmi səviyyədə Azərbaycana qarşı mövqe sərgilənmədi. Lakin, Qərb ölkələrində, xüsusilə Fransa parlamentində, Avropa Parlamentində və ABŞ Konqresində Bakıya qarşı bəyanatlar müşahidə olunurdu. Buna baxmayaraq, Azərbaycan hər zaman dövlət təmkini və müdrikliyi nümayiş etdirib. Biz regionda mümkün qarşıdurma və gərginliyi preventiv olaraq aradan qaldırmağa çalışırıq. Yəni, bunun qarşısını almaq üçün konkret addımlar atırıq. İstər İran, istər Rusiya, istərsə də regionun digər ölkələri olsun, yanaşmamız konstruktiv əməkdaşlıq sisteminin qurulmasına əsaslanır".
Mirbəşiroğlu qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda maraqları uzlaşdıraraq regional təhlükəsizlik sisteminin qurulmasına töhfə vermək istəyir:
"Regionda dövlətlər arasında konfrantasiyanın mövcudluğu çox təhlükəli olar. Etiraf etmək lazımdır ki, kənar dairələr də Cənubi Qafqazda belə bir konfrantasiyanın olmasında maraqlıdırlar. Məsələn, ABŞ Zəngəzur dəhlizini 100 il öz nəzarəti altında saxlamağı hədəfləyir. Belə bir təklifin hansı məqsədlə edildiyini müəyyənləşdirmək çətin deyil və bu, regionda əlavə gərginlik yarada bilər. Bizim istəyimiz Naxçıvanlə Azərbaycanın qərb rayonları arasında sərbəst və heç kimin nəzarəti olmadan əlaqə qurulmasıdır. Beləliklə rahat kommunikasiya əlaqəsi mövcud olacaq. Əgər həm Azərbaycan və Ermənistan arasında sülh prosesi, həm də Zəngəzur dəhlizi məsələsi rəqiblərin geosiyasi mübarizəsinə çevriləcəksə, bu, şübhəsiz ki, region üçün ciddi təhlükələr yaradır.
Azərbaycan öz güclü mövqeyinə və iradəsinə əsaslanaraq, regionda maraqların toqquşmasının qarşısını almağa çalışır. Bu baxımdan, bizim fəaliyyətimiz nə Rusiyaya, nə də başqa bir ölkəyə qarşı yönəlməyib. Biz konstruktiv münasibətlər və bərabər hüquqluluq prinsipi əsasında səmərəli əməkdaşlıq imkanlarını dəstəkləyir, bu istiqamətdə prinsipial addımlar atmağa çalışırıq. Rusiya qonşu dövlətdir və orada çox sayda soydaşımız yaşayır. Buna görə də Azərbaycan öz milli maraqları çərçivəsində tam müstəqil siyasətini davam etdirməlidir. Konstruktiv münasibətlər sistemini isə region ölkələri ilə inkişaf etdirməyə çalışır. Azərbaycanın bugünkü geostrateji mövqeyi və ümumilikdə regional diplomatiyası, milli maraqlarımızın qorunması şəraitində, Cənubi Qafqaz ölkələri arasında mehriban qonşuluq münasibətlərinin inkişafını şərtləndirir".