Türkiyə XİN açıqlama yaydı: “Hücumlar dərhal dayandırılmalıdır”

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Suriyanın cənubundakı Suveyda şəhərinə endirdiyi hava zərbələrini qəti şəkildə pisləyən rəsmi bəyanat yayıb.

Globalinfo.az xəbər verir ki, açıqlamada bu hücumların bölgədə sabitliyi pozduğu və dərhal dayandırılmalı olduğu vurğulanıb.

"Biz İsrailin Suriyanın cənubundakı son hadisələrdə hərbi gücdən istifadə edərək iştirakını pisləyirik və bu hücumların dərhal dayandırılmasının vacibliyini vurğulayırıq", - bəyanatda bildirilib.

Nazirlik əlavə edib ki, Suriyada sabitlik və təhlükəsizliyin təmin olunması yalnız bu ölkənin deyil, həm də bütün qonşu dövlətlərin və regionun ümumi maraqlarına uyğundur. Bu səbəbdən Türkiyə, Suriya hökumətinin təhlükəsizliyin bərqərar edilməsi və ölkə daxilində mövcudluğunu gücləndirmə səylərini dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, Suriyanın dövlət xəbər agentliyi SANA-nın yaydığı məlumata görə, İsrailə məxsus döyüş təyyarələri Suveyda şəhərinin mərkəzini hədəf alıb. Hücum nəticəsində azı iki nəfərin yaralandığı bildirilib. Bölgədə gərginliyin davam etdiyi qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31