İLKBAXIŞ
13:07 MədəniyyətŞuşa Dövlət Musiqili Dram Teatrının direktoru və rejissoru ilə sayğılı münasibətimiz olsa da, nə Şuşanın işğalı dönəmində, nə də Zəfərsonrası bu teatrda olmamışdım; əlbəttə, könül istərdi, teatr öz doğma şəhərində səhnə qura, tamaşa göstərə, güldürə, düşündürə, ruhlandıra... Lakin mən Mədəniyyət Paytaxtımızın, Qafqazın Konservatoriyasının işğaldan öncəki dönəmini yalnız onu görənlərdən eşitdiklərim, oxuduqlarım əsasında təsəvvürümdə canlandıra bilirdim. Tanrıma, Dövlətimə, Xalqıma, Orduma şükür! - Şuşa azaddır, günbəgün dirçəlir, biz də gedirik, görürük-götürürük. Şuşaya gözəl teatr, teatra özəl tamaşalar, tamaşalara düşünən tamaşaçılar lazımdır.
Azərbaycan Respublikasının Əməkdar jurnalisti, yazıçı-publisist Zemfira xanım Məhərrəmli məni Şuşa Dövlət Musiqili Dram Teatrına - "Ümid İşığı"na dəvət edəndə sevindim. - İlk dəfə bu teatrda olacaq, Zemfira xanımın ilk səhnə əsəri və onun necə səhnələşdirilməsi, sənətçilərimizin işi ilə tanış olacaqdım. Açığı, əsərin mövzusu məni bu saydıqlarımdan az düşündürmürdü. Əsərlə tanışlıqdan sonra ilk qənaətim bu oldu ki, Zemfira xanım, onun ailəsi, mühiti belə bir mövzuya talib olmalıydı, əlbəttə. - Əlbəttə, mən "Ümid İşığı"nı bir ailə dramından daha üstün - toplumsal, xəlqi və hətta bəşəri qayğılara işıq salma eyləmi kimi gördüm. Uzağa getməyək, ilk növbədə, ölkəmizdə gənc ailələrdə və ümumən ailələrdə (iraq olsun) boşanma hallarının "yolverilən" həddən çox-çox artıq olması ilə bağlı narahatçılıqları vurğulamaq istərdim. Artıq rəsmi məqamların, sosioloqların, mediatorların, aydınların həyəcan təbili çaldığı boşanma, ümumən ailəiçi problemlər, doğumların azalması və s. kimi məsələlər yazıçılarımızın mövzusu olsun. Mövzusu olsun, görək, niyə belə olur, kökü-köməci bədii süzgəcdən keçib necə cilalanır, necə görünür? Çünki, bədii sözün, incəsənətin bu və bənzəri problemlərə ayna tutması - və də sərrast tutması, duyğu və düşüncəyə, fikr və nitqə, qərar və hərəkətlərə... təsir gücünə malikdir. Ədəbiyyat, teatr, incəsənət öz estetik dəyərləri ilə dayanıqlı, təsirli, üfüqgenişliyinə qanadlıdır.
Bəli, Azərbaycan teatr səhnəsi daha bir məzmunlu tamaşanın ilkbaxışına tanıqlıq etdi. - İlk kimi ilk, baxış kimi baxış, tamaşa kimi tamaşa... Şuşa Dövlət Musiqili Dram Teatrında Zemfira Məhərrəmlinin "Ümid İşığı" adlı bir hissəli lirik-psixoloji dramı tamaşaçılara təqdim olundu. Quruluşçu rejissor Nazir Rüstəmovun və teatrın baş rejissoru Anar Babalının səhnə tərtibatında hazırlanan tamaşa çağdaş ailə dramı fonunda dərin ictimai-mənəvi suallar doğurur.
Belə demək olarsa, sevgi ilə toplum arasında sıxışan gəncliyin, onların ailələrinin ruhi güc səviyyəsi və bir baxıma, səciyyəsi səhnədə axın edirdi...
Əsərin süjet xətti sevən iki gəncin - Yalçın və Nərgizin sevgi öyküsünə əsaslansa da, burada söhbət təkcə fərdi hisslərdən getmir. Tamaşada insan ruhunu sıxan toplum stereotipləri, ailəiçi ziddiyyətlər, iqtisadi və sosial baryerlər, eyni zamanda, ata-anaların "xoşbəxtlik" anlayışları ilə övlad arzuları arasında "doğan" uçurumları qabarıq şəkildə səhnələşdirilib.
Səhnədəki obrazlar və onların dialoqları, belə demək mümkünsə, həyatın içindən keçir.
Valideyn obrazları - özəlliklə Nərgizin atası Muxtar və anası Çöhrə - "klassik nəslin təcrübəsi" ilə "gənclərin azad iradəsi" arasında toqquşan iki dünyagörüşünün simvoluna çevrilir; ancaq əsərin ən önəmli gücü - quruluşun şeirlə, musiqi ilə və monoloqlarla zənginləşdirilmiş poetik strukturudur. Tamaşada yalnız dialoqlar deyil, həm də pıçıltılar, ləpələrin dili, Ayın işığı, (sevdalı günlərin birində Yalçının Nərgizə bağışladığı) "oyuncaq ayı"nın simvolik duruşu, sevgi ayrılığının poetik təzahürləri belə... tamaşaçını duyğuların dərinliklərinə çəkir.
Estetik forma, sosial anlam baxımından daha nələri vurğulamaq olar? -
"Ümid işığı" həm klassik Azərbaycan dramaturgiyasının gələnəklərindən bəhrələnir, həm də çağdaş dönəmin bəzən narahat, kövrək və görünür həm də qərarsız gəncliyinin portretini təqdim edir.
Səhnədə baş verənlər - gənclərin sevgisi, ailə təzyiqləri, fərdi seçimlər və sistemin diktəsi - bu günkü toplumun psixoloji portretini açır, sosial diaqnozunu qoyur.
Zəngin ailəyə qohum olmaq imkanı fonunda itirilən mənəvi dəyərlər, sevginin dəyərsizləşdirilməsi cəhdləri və s. toplumun uğradığı əxlaqi və psixoloji təzyiq kodlarını açır.
Aktyorların hər birinin öz üzərinə düşən səhnə məsuliyyətini yerinə yetirdiyi qənaətindəyəm; onların, demək olar, hamısının duyğusal və ya dramatik gərginliyi, düşündürücü və sarsıdıcı monoloqları, həmçinin "emosional dağılmalar"ı səhnənin dramatik yükünü daha da artırırdı. Bununla belə, Nərgizi, onun anasını və Yalçını Nərgizdən soyudan "azad gənc"i canlandıran aktyorlar obrazın emosionallığını tamaşaçılara daha yaxşı ötürə bilirdi.
Ümumən tamaşanın performansı, sanki "az imkanlarla çox nəticəyə" hesablanmış səhnə quruluşu, musiqi seçimləri uğurluydu; ən uğurlusu isə quruluşçu rəssamın işıqlandırmaya, işıq-kölgə təsirliliyinə odaqlanmasıydı.
Onu da vurğulayaq ki, "Ümid işığı" öz mövzusuna görə nə ilkdir, nə də yəqin ki, sonuncu olacaq
Azərbaycan dramaturgiyasındakı digər psixoloji dramları, örnəyi, İlyas Əfəndiyevin uyğunprofilli əsərləri yada sala bilərik; demək, müəllifin diqqət yetirdiyi məsələlər tam dünənki kimi olmasa da, bu gün də var; demək, irəligörüşlü aydınların reaksiyaları, toplumun üsul və vasitə arayışları davam etməli, alternativlərin ən yaxşısı tapılmalıdır.
Tamaşadakı sevgi və toplum təzadının yalnız Azərbaycanda deyil, bəşəri planda da güncəl olduğunu bir daha vurğulamış olaq.
Tamaşa yalnız teatr salonunda bitmir - o, tamaşaçının içində davam edir; onun ailəsinə, dostluqlarına, sevgisinə, vətəndaşlıq duyğusuna toxunur...
Əlbəttə, hər bir insanın içində Ümid işığı parlayır və parlamalıdır. Yoxsa, yaşamın məzmunu qalmaz.
Tamaşa, sövq-təbii, bədbinliklə yox, ümidlə bitir. Hər bir tamaşaçının içində gizli qalan "o işığa doğru yol" bədii bir metafor kimi təqdim olunur. Zülmət içində parlayan bir nöqtə - bəşəri anlamda, sevgidə, inamda və vicdanda yaşadılan ümid!..
Zemfira Məhərrəmlinin bu əsəri onun ədəbi və ictimai missiyasının təntənəli yekunu deyil, əlbəttə; məncə, biz "Ümid işığı"nı yeni mərhələyə açılan bir pəncərə, bir işıq kimi qəbul etməkdə haqlıyıq.
İlkbaxış münasibətilə müəllifi, yaradıcı heyəti və Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivini təbrik edir, tamaşaya uzun ömür və geniş auditoriya arzulayıram. Qoy, "Ümid işığı" - yalnız səhnədə deyil, həyatın özündə də olsun və doğrulsun!
Əkbər QOŞALI