Sülh danışıqlarında vasitəçilər yox, tərəflər var - ÖZƏL
14:49 SiyasətSon dövrlərdə Azərbaycanla Ermənistan arasında birbaşa, vasitəçisiz danışıqların təşəkkül tapması diqqət çəkir. Xüsusilə Əbu-Dabi görüşü bu baxımdan mühüm bir dönüş nöqtəsi kimi yadda qaldı. Bu dəfə danışıqlarda nə Avropa İttifaqı, nə də Rusiya kimi ənənəvi vasitəçilər iştirak etdi. Tərəflər öz aralarında, üçüncü qüvvələrin təzyiqi və ya yönləndirməsi olmadan birbaşa ünsiyyət qura bildilər.
Azərbaycan və Ermənistan arasında vasitəçisiz danışıqların təşəkkül tapması regionda sülhə gedən yolda real irəliləyiş hesab oluna bilərmi, yoxsa bu, yalnız taktiki bir mərhələdir?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Artıq Azərbaycan və Ermənistan tərəfi əvvəlki təcrübədə olduğu kimi kimlərinsə iştirakçı və ya vasitəçi olduğu birlikdə deyil, ikili şəkildə sülh prosesi istiqamətində addımları müzakirə edirlər. Bu da baxış bucağımızdan asılı olaraq faydalı bir yanaşmadır. Çünki Azərbaycan-Ermənistan münaqişəsi zamanı, münaqişənin bütün tarixi dövrü ərzində ATƏT-in Minsk qrupu səviyyəsində, digər beynəlxalq təşkilatlar və ya ayrıca fərdi ölkələr kimi - vasitəçi qismində çıxış ediblər. Biz proses zamanı gördük ki, onların hər biri əslində Azərbaycan və Ermənistan arasında sülhə nail olmaqdan daha çox öz maraqlarını təmin etmək və bu maraqlardan çıxış etmək üçün bu danışıqlarda və formatlarda iştirak ediblər. Bu isə təbii olaraq, Azərbaycan-Ermənistan danışıqlarının pozulmasının əsas səbəblərindən birinə çevrilib. Ona görə də bu gün Azərbaycan və Ermənistan tərəflərinin bu addımı alqışlanmalıdır.
Bütün perspektivlərdən - hansı sahədən baxmağımızdan asılı olmayaraq - bu, gələcək üçün faydalı bir iş vəd edir. Çünki tərəflər belə olduqda biri digərini dinləyir, biri digərinə öz təkliflərini verir və bu təkliflər ətrafında fikir mübadiləsi, müdaxiləsiz, yalnız tərəflərin öz mövqeləri ilə davam etdirilir. Xüsusilə son vaxtlarda ikili danışıqlar perspektiv olaraq gündəmə gələndən biz görürük ki, Azərbaycan və Ermənistan arasında problemin həlli istiqamətində həqiqətən də ciddi addımlar atılmağa başlayıb.
Məsələn, ATƏT-in Minsk qrupu ilə görüşlərdə Azərbaycan və Ermənistan rəsmilərindən daha çox üçüncü ölkələrin nümayəndələri danışırdılar. Biz görürdük ki, burda söhbət Azərbaycanın maraqlarından getmir - Fransanın, Rusiyanın, Amerikanın maraqlarından gedir və bu da prosesi anlaşılmaz və əngəlli hala salırdı. İndi isə düşünürəm ki, artıq ikili müstəvidə bu danışıqların həyata keçirilməsi və atılan addımlar yaxın zamana deyil, bir neçə ilə nəzərdə tutulur - bəlkə daha da qısa bir zaman çərçivəsində. Bəzi mənbələr bunu ilin sonuna qədər mümkün sayırlar. Amma istənilən halda artıq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı maddələrin demək olar ki, əksəriyyəti, hətta bəlkə də hamısı razılaşdırılıb. Sadəcə bu maddələrin praktik şəkildə necə həyata keçirilməsi məsələsi qalır ki, bu da zamanla öz həllini tapacaq.
Zəngəzur dəhlizi məsələsi ətrafında olan fikir ayrılıqları üçün də ortaq bir mexanizm qurulacaq və Azərbaycan-Ermənistan sülh müqaviləsi prosesi öz məntiqi sonluğuna çatacaq".
Zeynəb Mustafazadə