Emin Ağalarov ciddiləşdi: Sea Breeza artıq Türkiyəyə gəlir — Bodrumda “kiçik Xəzər” qurulur
15 İyul 19:31 DünyaMusavat.com xəbər verir ki, Azərbaycanın xalq artisti, tanınmış biznesmen Emin Ağalarov uzun illərdir Xəzər sahilində həyata keçirdiyi möhtəşəm Sea Breeza layihəsini indi də Türkiyəyə daşımağa hazırlaşır.
Xatırladaq ki, Emin Ağalarov Bakının yaxınlığındakı Nardaran qəsəbəsində Xəzər dənizi sahilində böyük sahil şəhərciyi - Sea Breeza qəsəbəsini inşa etdirir. Layihə artıq Özbəkistanda da qurulma mərhələsindədir. Musavat.com-un daha əvvəl hazırladığı xəbərdə də qeyd olunurdu ki, Emin Ağalarov bu modeli digər ölkələrə yaymaq niyyətindədir.
İndi isə bu plan artıq Bodrum gerçəkliklərinə köklənib. Əgər ötən dəfə Emin Bodrumdan yaydığı videoda sadəcə "bəlkə burada da Sea Breeza tikərik" deyərək bunu anlıq əhval kimi səsləndirmişdisə, indi yayılan görüntülərdən bəlli olur ki, bu niyyət çox ciddi mərhələyə keçib.
Emin Ağalarovun bu gün yaydığı videoda o, helikopterlə Bodrumun üzərində dövrə vurur, uyğun ərazi axtarır və qarşısında Sea Breeza layihələrinin kağız üzərindəki eskizlərini nümayiş etdirir. Bu görüntülər onun artıq layihə üzərində praktiki işə başladığını sübut edir.
Beləliklə, görünür Ege dənizinin sahilləri də tezliklə Sea Breeza brendinin yeni ünvanına çevriləcək. Emin Ağalarovun Nardaran sahilində yaratdığı "kiçik Xəzər şəhəri" konsepsiyası indi "kiçik Ege şəhəri" formatında Türkiyədə də həyata keçiriləcək.