Əhaliyə hava ilə bağlı VACİB XƏBƏRDARLIQ - bu səhvləri etməyin

Son günlərdə ölkə ərazisində güclü istilər müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 12-15-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-39 dərəcə, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 35-39, bəzi yerlərdə isə 41 dərəcəyə qədər yüksələcək. Dağlıq rayonlarda isə 27-32 dərəcə isti gözlənilir. Belə hava şəraitində gün vurması və günəş yanığı riskləri artır.

Professor Adil Qeybulla Musavat.com-a açıqlamasında əhaliyə mühüm tövsiyələr verib.

Həkim bildirib ki, qlobal istiləşmə nəticəsində bu gün dünyada iqlim ciddi şəkildə dəyişib. Onun sözlərinə görə, Yer kürəsinin istilik tənzimləmə mexanizmləri pozulub. İstilər həyat üçün birbaşa təhlükə təşkil etmir, lakin qorunmaq və bəzi qaydalara əməl etmək vacibdir.
Adil Qeybulla qeyd edib ki, isti hava şəraitində bədəndə buxarlanma yolu ilə sürətlə su itkisi baş verir və daxili temperatur yüksəlir. Bu iki amil nəticəsində günvurma və istilik vurması baş verir. Burada ultrabənövşəyi şüaların təsiri də rol oynayır.

Həkim əlavə edib ki, insan orqanizminin istiliyə qarşı müəyyən müqavimət imkanları mövcuddur. Orqanizmdə kompensator mexanizmlər var. Dərinin və damarların genişlənməsi, istiliyin tər vasitəsilə bədəndən xaric olunmasına səbəb olur. Ancaq bu proseslər əbədi deyil. İnsan günəş altında 20-30 dəqiqədən artıq qaldıqda bu mexanizmlər pozulur. Nəticədə daxili temperatur yüksəlir. Normalda həyati təhlükəsiz temperatur 37 dərəcəyə qədərdir. Bundan yuxarı qalxarsa, həyat üçün təhlükə yaranır. Uzunmüddətli yüksək temperatur biokimyəvi prosesləri pozur, qan laxtalanması artır, mikrosirkulyasiya pozulur, hipoksiya yaranır, təzyiq düşür və huş itkisinə səbəb olur, - deyə o xəbərdarlıq edib.

Həkim ilk yardım tədbirlərini də açıqlayıb. Əgər insanı soyuq tər basır və huşunu itirirsə, dərhal sərin yerə aparılmalı, alnına və bədəninə yaş dəsmal qoyulmalıdır. Daha sonra isə həkim müayinəsi mütləqdir, - deyə o vurğulayıb.

Professor həmçinin insanların isti havada soyuq su istifadəsinə də diqqət çəkib. O bildirib ki, Soyuducudan buz kimi su içilməsi soyuqdəyməyə səbəb olur, bronxit və faringit yarana bilər. Su mütləq sərin və otaq temperaturunda olmalıdır, - deyə o tövsiyə edib.
Adil Qeybulla isti havada küçəyə çıxarkən suyun mütləq götürülməsini vacib sayır. Xüsusilə uşaqlar üçün bu şərtdir. Çünki uşaqların bədənlərinin su tutumu yetkin insanlara nisbətən azdır və isti altında huşlarını itirə bilərlər. Su adi, qazsız və sərin olmalıdır. Su qəbulu artırılmalıdır ki, metabolik və həyati proseslər normal davam etsin, - deyə həkim qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31