Paşinyanın "bayram təbriki"nin əsl mahiyyəti: yenə də yalan

Diplomatiya aləmində sözlər tez-tez tüstü pərdəsi, jestlər isə əsas məqamdan diqqəti yayındırmaq vasitəsi olur. Bu, xüsusilə məğlub olan tərəfin məğlubiyyəti etiraf etmək yerinə, onu növbəti hücumdan əvvəlki pauza kimi təqdim etməyə çalışdığı hallarda belədir.

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə Prezidentini guya təbrik etdiyi və Azərbaycanla sülhə can atdığını ifadə edən son tviti Ermənistan və proerməni dairələrdə hətta eyforiyaya çatan bir coşqu ilə qarşılandı. Bir çoxları bunu Ermənistanın yeni dövrə qədəm qoymasının, real sülhə hazır olduğunun simvolu kimi təqdim etməyə tələsdi. Lakin əslində bu, diplomatik irəliləyiş deyil, incə hesablanmış siyasi mimikriya aktıdır.

Bu, sülh təşəbbüsü yox, diqqətlə düşünülmüş ikiüzlülükdür: təbrik sadəcə fon rolunu oynayır, əsas məqsəd isə köhnə, dərin köklü bir xəttə - revanş imkanını saxlamaqla məsuliyyətdən yayınmaq taktikasıdır.

"Konstruktivlik" maskasının arxasında bir daha strateji, məqsədli və institusional şəkildə təsbit edilmiş revizionizm gizlənir. Ermənistan siyasəti bu ikiqat məntiqdən qurtulmadıqca, Paşinyanın sözlərinə səmimi yanaşmaq qeyri-mümkündür.

Nikol Paşinyan çoxdan xarici imicin manipulyasiyası sənətində peşəkarlıq qazanıb. Xüsusilə Qərbin təzyiqi və ya daxili siyasi böhran dövrlərində o, məmnuniyyətlə "sülhpərvər" obrazına bürünür.

Ancaq bu obrazın arxasında nə siyasi iradə, nə də hüquqi məsuliyyət dayanır. Əksinə, onun arxasında tarixən sınaqdan çıxmış erməni taktikası durur: sözlə geri çəkilib, gələcəkdə revanş üçün manevr saxlamaq. Osmanlı imperiyası dövründə də erməni millətçiləri dövləti aldatmaq üçün sədaqət andı içir, ilk fürsətdə xəyanət edərək üsyan edirdilər. Bu gün də həmin taktika davam edir - X (sabiq Twitter) təbriki guya Türkiyəyə ünvanlansa da, Ermənistan Konstitusiyasında hələ də Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş müddəalar qalmaqdadır.

Paşinyan "yeni Ermənistan" deyil, elə o köhnə revanş layihəsidir. Təbriklər yollayan həmin şəxs 2019-cu ildə Vyanada Azərbaycan prezidenti ilə görüşdə Ermənistanın işğal olunmuş əraziləri qaytarmaq niyyətində olmadığını açıq bəyan etmişdi. "Qarabağ Ermənistandır və nöqtə" kimi təxribatçı, açıq-aşkar ilhaqçı şüarın müəllifidir, hansı ki, bu şüar Ermənistan siyasi leksikonunda hər cür kompromisdən imtina ilə eyniləşdirilir. Məhz o, işğal altında olan Azərbaycan şəhərlərində coşqu ilə rəqs edərək təkcə iştirak yox, işğalın bayramını nümayiş etdirirdi.

O, "yeni torpaqlar uğrunda yeni müharibə" adlı hərbi doktrinanın ilhamvericisi və ideoloqu idi ki, bu da regional təhlükəsizliyə birbaşa təhdid idi. Məhz onun siyasi məsuliyyəti altında 2020-ci ildə Gəncə və Bərdəyə ballistik raket zərbələri endirildi, nəticədə onlarla dinc sakin həyatını itirdi.

Bəs tvitin arxasında əslində nə dayanır? Paşinyanın guya qonşularla dinc yanaşı yaşamağa hazır olduğunu göstərən tvit və siyasi bəyanatlarının arxasında metodik, sistemli və təhlükəli diplomatik strategiya dayanır - ikiqat oyun strategiyası. 2020-ci ildən sonra Ermənistan rəhbərliyi xarici ritorikanı "sülh", "yeni dövr" və "regional inteqrasiya" anlayışları üzərində qurur, lakin qanunvericilikdə, institusional davranışda və simvolik aktlarda hələ də revanşizmə və mümkün qarşıdurmalara zəmin hazırlayır. Paşinyan xarici imic üzərində peşəkar kimi işləməyi bacarır.

Türkiyə və Azərbaycana yönəlik təbrik mesajları, "əlaqələrdə yeni səhifə", "sülh sazişinin imzalanması" barədə bəyanatlar beynəlxalq ictimaiyyət, xüsusilə ABŞ, Aİ və NATO üzvü olan bəzi dövlətlər qarşısında özünü konstruktiv tərəfdaş kimi göstərmək məqsədinə xidmət edir.

Bu isə İrəvan üçün iki əsas məqsəd daşıyır: birincisi, 2020-ci il məğlubiyyətinin fəsadlarını yumşaltmaq və təslimçiliyi "məsuliyyətli yanaşma" kimi göstərmək; ikincisi, danışıqlarda mövqelərini möhkəmləndirmək və beynəlxalq vəziyyət əlverişli olanda hadisələrin gedişini öz xeyrinə dəyişmək imkanı saxlamaq. Lakin bütün bu parlaq jestlərin arxasında hüquqi reallığın təsbitindən sistemli imtina dayanır.

Bu məqalə yazıldıqda Ermənistanın 1995-ci ildə qəbul olunmuş və 2005, 2015-ci illərdə dəyişikliklərə məruz qalmış Konstitusiyasında hələ də "Dağlıq Qarabağ Respublikası" anlayışına hüquqi istinad mövcuddur. Halbuki bu qurum faktiki olaraq ləğv olunub və de-yure heç bir dövlət - hətta Ermənistanın özü belə - onu tanımayıb.

Ermənistanın "Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmək öhdəliyini üzərinə götürdüyünü" təsbit edən müddəa hələ də rəsmi sənədlərdə qalır və Ermənistan diplomatiyasında hüquqi qeydlə kimi istifadə olunur. Bu isə o deməkdir ki, hərbi balans və ya siyasi konfiqurasiya dəyişdiyi halda, İrəvan "müdafiə öhdəliyinə" istinad edərək yeni iddialar üçün baza yaratmaq imkanını saxlayır. Azərbaycanın ərazi bütövlüyünün, o cümlədən Qarabağın tanınması Ermənistanın heç bir rəsmi hüquqi aktında yoxdur.

Nə parlamentin qərarında, nə prezident və ya baş nazirin sərəncamında, nə də digər rəsmi sənədlərdə beynəlxalq razılaşmaların istənilən iştirakçısının imzalayacağına bənzər bir formul yer almayıb. Paşinyanın 2023-cü ilin mayında Azərbaycanın 1991-ci il sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıdığını bildirdiyi bəyanat isə heç bir qanuni təsbitə çevrilməyib. Ermənistan bu gün də həmin bəyanatı gələcəkdə "hüquqi nəticəsi olmayan siyasi açıqlama" kimi rədd etmək azadlığını saxlayır.

2020-ci ilin 44 günlük müharibəsində məğlubiyyətdən sonra Ermənistan ATƏT-in Minsk Qrupunun formatının öz aktuallığını itirdiyini açıq şəkildə qəbul etdi. Lakin bu günə qədər:
 - Ermənistan Minsk Qrupundan rəsmi şəkildə çıxdığını bəyan etməyib və bu formata dair hüquqi və diplomatik aktları ləğv etməyib;
 - Ermənistan Xarici İşlər Nazirliyinin və digər rəsmi şəxslərin bəyanatlarında "vasitəçilik rolu", "beynəlxalq iştirakın zəruriliyi", "beynəlxalq zəmanət" kimi ifadələr hələ də səsləndirilir;
 - Ermənistan nümayəndə heyəti beynəlxalq tribunlarda - o cümlədən AŞPA və BMT-də çıxış edərkən vaxtaşırı Minsk Qrupuna istinad edir və onu "əvəzolunmaz format" kimi təqdim edərək bu quruluşun simvolik varlığını gündəlikdə saxlayır.

Bütün bunlar müəyyən strategiyanın tərkib hissəsidir. Effektivliyindən asılı olmayaraq, Minsk Qrupu Ermənistana danışıqları uzatmaq, prosesi abstrakt müstəviyə çıxarmaq və Qarabağın reinteqrasiyasına mane olmaq imkanı verirdi. Bu səbəbdən İrəvan həmin səhifəni hüquqi baxımdan bağlamağa tələsmir.

Ermənistanın daxili siyasi meydanında isə Paşinyan daha da ehtiyatla hərəkət edir. O, daim Qərbpərəst liberallar və radikal revanşistlər arasında balans saxlayaraq hər kəsə bir "ümid qırıntısı" təqdim edir:
 - Ermənistan daxilində Qarabağın "əzəli erməni torpağı" olması barədə mifin dekonstruksiyası istiqamətində heç bir maarifləndirici iş aparılmır. Dərsliklər, mədəni məhsullar və media etnonasionalist narrativi təkrarlamaqda davam edir;
 - Parlamentdəki revanşist qüvvələr, məsələn, "Hayastan" bloku, nə təcrid olunub, nə də marginallaşdırılıb - əksinə, siyasi proseslərdə iştirak edir və revanşa kollektiv ictimai tələbat formalaşdırır;
 - Xarici siyasətdə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prioritet kimi bəyan edilir, lakin eyni zamanda Ermənistan rəhbərliyi diasporda Azərbaycana qarşı "soyqırımı", "etnik təmizləmə" və digər hüquqi cəhətdən absurda əsaslanan kampaniyaları maliyyələşdirir, bu isə sülh sazişinin təməlini sarsıdır.

Paşinyanın davranışı nə siyasi qərarsızlıq, nə də taktiki manevr əlamətidir. Bu, simvolik güzəştlərlə institusional səviyyədə əvvəlki gündəliyin qorunmasını birləşdirən strukturlaşdırılmış diplomatik modeldir.

Sözdə "sülhün yeni epoxası", əməldə isə Konstitusiyaya hopdurulmuş revanşizm, qonşu dövlətin ərazi bütövlüyünün tanınmaması, institusional dəyişikliklərin məqsədli şəkildə ləngidilməsi, daxili revanşist lobbinin leqallaşdırılması, Qərb ölkələrində Azərbaycana qarşı yönəlmiş lobbi kampaniyalarının dəstəklənməsi var.

Ermənistan bölgədəki roluna dair heç bir siyasi yenidən dəyərləndirmə yolu keçməyib. Müharibədə məğlub olmasına baxmayaraq, bu ölkə nə Azərbaycanla qarşıdurmanın təməl səbəblərini yenidən nəzərdən keçirib, nə də gələcəkdə yeni qarşıdurma üçün zəmin yaradan hüquqi, simvolik və institusional mexanizmlərdən imtina edib.

Paşinyanın istənilən "sülh bəyanatı", əgər onu aşağıdakı konkret addımlar müşayiət etmirsə:
 - Konstitusiyadakı revanşist müddəaların ləğvi,
 - Azərbaycanın sərhədlərinin rəsmi şəkildə tanınması,
 - Minsk Qrupu ilə bağlı hüquqi öhdəliklərdən imtina,
 - "arsax" təbliğatının diaspor və mediada deplatformallaşdırılması,
sadəcə taktiki duman pərdəsindən başqa bir şey deyil.

Tarix dəfələrlə göstərib ki, erməni "sülhpərvərliyinin" arxasında tez-tez növbəti münaqişə mərhələsinin hazırlığı dayanıb. Bu gün də həmin tarix bir daha özünü təkrarlayır.

Bəs əsl sülh üçün nə lazımdır? Azərbaycana X-dakı təbriklər və ya siyasi jestlər lazım deyil. Bakıya hüquqi, aydın və yekun şəkildə təsbit olunmuş aşağıdakı şərtlər lazımdır. Yəni Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün hər hansı bir qeyd-şərtsiz hüquqi şəkildə tanınması; revanşist ideologiyadan - Ermənistanın siyasətində, qanunvericiliyində, ictimai diskursunda və təhsil sistemində - tamamilə imtina edilməsi; Ermənistan Konstitusiyasının dəyişdirilməsi və oradan Qarabağla bağlı istənilən spekulyasiyaya imkan verən ifadələrin çıxarılması; Azərbaycana üçüncü tərəflər, o cümlədən insan haqları dili vasitəsilə geosiyasi məqsədlər güdən Qərb institutları üzərindən hər hansı müdaxilə cəhdlərinin istisna olunması və ən nəhayət, tarixi, mədəni, etnik və mifoloji arqumentlər də daxil olmaqla, istənilən ərazi iddialarından qarantiyalı və geri dönməz şəkildə imtina gərəkdir.

Bu baş vermədiyi müddətcə Paşinyanın istənilən tviti onun əvvəlki siyasi kursunun davamıdır: beynəlxalq arenada "sülhsevər" obrazını qoruyaraq, eyni zamanda yeni təzyiq dalğasına, şantaja və ya diplomatik təxribatlara hazırlaşmaq.

... Sülh yalnız dürüstlük, öhdəlik və hüquqi şəffaflıq olan yerdə mümkündür.

Nikol Paşinyan mesajlarının üslubuna baxmayaraq, hələ də erməni revanşizminin girovudur, "yeni dövrün lideri" deyil. Onun təbriklərini alqışlamazdan əvvəl bir şeyi unutmaq olmaz: məhz o, sülhün olmaması üçün hər şeyi etmiş şəxsdir. Azərbaycana sözlər lazım deyil - ona əməllər lazımdır.

Və bu əməllər yoxdursa, siyasətdə sadəlövhlük çox baha başa gələ bilər.

Elçin Alıoğlu
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31