İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
13:27 Hadisəİran müharibə səbəbindən panikadadır. Bu da İran rejiminin yanlış addımlar atmasına səbəb olur. Prezident İlham Əliyevin İranın Azərbaycandakı səfirliyində olması, ən yüksək səviyyədə problemlərini dinləməsi bu halın baş verməsinə qarşı olmalıydı. İranda bəzi qüvvələr Azərbaycanla münasibətləri korlamağa meyillidir.
Hadisəylə ilə bağlı açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli bildirib ki, İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi.
Ekspert vurğulayıb ki, İran rəhbərliyi bir sıra məsələlərdə yanlışlığa yol verib:
"İran müttəfiq dövlətlərlə münasibətləri korlamağa davam edir. İran tərəfindən Naxçıvan ərazisinə atılan dronlarla bağlı molla rejiminin istənilən izahatı qəbul olunmazdır. İran bu addımı ilə sonuncu dayaqlarını da itirdi".
Hərbi ekspert Yaşar Aydəmirov isə İranın bu addımını çox böyük səhv adlandırıb:
"İran rejimi Naxçıvana dron hücumu etdi. Hücumun səhvən yaxud qəsdli edildiyini Azərbaycana açıqlamalıdır. İranın molla rejiminin bu yanlış qərarları qonşu dövlətləri qıcıqlandırır".
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.