Rusiyanın yumşaq gücü, yoxsa casus şəbəkəsi? –“Rus evi” mübahisəsi böyüyür- ÖZƏL
5 İyun 17:11 SiyasətAlmaniya Bundestaqının üzvü Roderix Kisevetter ölkədəki "Rus evi"nin bağlanmasını və daha çox rus diplomatının qovulmasını təklif edib. Son vaxtlar Azərbaycan, Moldova, Fransa, Suriya, Ermənistan və Qırğızıstan da bu yöndə addımlar atıb. Bu, "Rus ev"lərinin mədəni-humanitar yox, casusluq məqsədli olduğunu göstərir. Bəs Moskva bu siqnallardan nəticə çıxaracaqmı?
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib:
"Bu kimi təşkilatlar humanitar sahəyə aiddir və yumşaq gücün tətbiqi ilə birbaşa əlaqəlidir. Belə obyektlər, belə evlər öz təyinatı üzrə fəaliyyət göstərsələr, yaxşı hal olar. Siyasi və diplomatik aləmdə əlbəttə ki, bütün vasitələrdən istifadə olunur ki, ölkənin maraqları təmin olunsun. Məsələn, müxtəlif layihələr çərçivəsində insanlar yerli cəmiyyətə inteqrasiya olunsun, başqa ölkənin maraqlarını əks etdirsinlər və s. Əlbəttə, burada casusluq məsələləri də mövcuddur - bu sirr deyil. Biz bilirik ki, həm xaricdə, həm də Azərbaycanda müxtəlif mədəniyyət evləri var. Onlar hansı məqsədlə açılır, necə fəaliyyət göstərir, onların aktivləri, personalı, əməkdaşları necə istifadə olunur - bütün bunlar bəlli məsələlərdir. Burada yeni heç nə yoxdur. Amma bir məsələ var: məsələn, Rusiya öz nüfuzundan istifadə edir. Əgər Azərbaycan bunu açmaq istəyirsə, gərək Azərbaycanın da bu tədbirdə iştirakı olsun. Yəni, əgər Rusiya Azərbaycanda belə bir təşkilat açmaq istəyirsə, Azərbaycan da Rusiyada oxşar bir təşkilat aça bilməlidir.
Məsələn, biz görürük ki, Rusiya birtərəfli şəkildə öz maraqlarını əks etdirməyə çalışır və nəticədə birtərəfli hərəkətlərə yol verir.
Xatırlayırsızsa, Rusiyada Azərbaycanlıların Konqresinin fəaliyyətinə qadağa qoyuldu. Onu bağladılar və Rusiyanın Ədliyyə Nazirliyi bu məsələyə dair rəsmi qadağalar tətbiq etdi. Sonradan da imkan verilmədi ki, azərbaycanlılar orada təşkilatlansın, yeni bir qurum yaratsınlar. Halbuki o konqres sözün əsl mənasında yumşaq gücü təmsil edən bir qurum idi.
Aydındır ki, həmin təşkilat daxilində müxtəlif qruplar, fikir ayrılıqları var idi, onların hamısı da Azərbaycan maraqlarını düşünmürdülər. Hətta ermənilərlə münasibətlər qurulmuşdu və s. Amma belə təşkilatların fəaliyyətə başlaması, prosedur üzrə qeydiyyatdan keçməsi vacibdir. Çox təəssüf ki, Rusiya tərəfi Azərbaycanlıların Milli Konqresinin fəaliyyətinə imkan vermədi. Bir neçə müraciətdən sonra dedilər ki, bu təşkilat qadağan olunub və Rusiya Federasiyasında fəaliyyət göstərə bilməz. Halbuki onların heç bir siyasi məqsədi yox idi. Məqsədləri yalnız təhsillə, mədəni məsələlərin həlli və humanitar layihələrin icrası ilə bağlı idi.
Odur ki, Rus evinin Bakıda açılması ilə bağlı Rusiyanın belə bir istəyi varsa, əlbəttə ki, Azərbaycan dövləti bu məsələni nəzərdən keçirəcək və Ədliyyə Nazirliyi də buna münasibət bildirəcək. Digər tərəfdən, ikinci vacib məsələ ondan ibarətdir ki, Rus evləri vasitəsilə hansı məsələlərin həlli gündəmə gətiriləcək? Yerli əhali ilə münasibətlər necə qurulacaq? Yerli qüvvələrlə hansı layihələr həyata keçiriləcək və s. Bütün bunlarla bağlı tam şəffaflıq olmalı, məlumat bazası toplanmalıdır. Ondan sonra Azərbaycan tərəfi öz qərarını verə bilər. Odur ki, burada tələsikliyə yol verməyin heç bir mənası yoxdur. Sadəcə gözləmək lazımdır ki, situasiya buna uyğun olsun, yəni şərait yetişsin. Bir də ki, bizim Rusiya ilə iki tərəfli münasibətlərimiz var. Bu münasibətlər çərçivəsində Azərbaycanın da öz gözləntiləri, sorğuları və həllini gözləyən məsələləri var. Bütün bunlar adətən qəbul olunmuş qaydalara və güzgü prinsipinə əsasən həll olunur".
Zeynəb Mustafazadə