İranın yeni vasitəçilik təşəbbüsü: Bakı və İrəvan bu təklifə necə yanaşacaq? – ÖZƏL
2 İyun 16:15 Siyasətİranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin son açıqlaması regionda maraqla qarşılanıb. Xətibzadə bildirib ki, Tehran Azərbaycan və Ermənistan arasında sülh və dialoqu təşviq etmək məqsədilə vasitəçi platforma təqdim etməyə hazırdır. Bu təklif İranın Cənubi Qafqazdakı diplomatik fəallığını artırmaq və bölgədəki proseslərdə daha yaxından iştirak etmək istəyinin göstəricisi kimi şərh olunur.
Tehranın bu bəyanatı, eyni zamanda, İranın uzun müddət səssiz qaldığı Bakı-İrəvan münasibətlərinə yenidən müdaxilə cəhdi kimi də dəyərləndirilə bilər. İran əvvəllər də müxtəlif regional məsələlərdə vasitəçilik iddiası ilə çıxış etsə də, bu kimi təşəbbüslərin real təsir gücü və davamlılığı ilə bağlı suallar açıq qalır.
"İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadənin Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təqdim etmək təklifi maraqlıdır. Ona görə ki, İran uzun müddət bu məsələlərə münasibət bildirmirdi, sanki susmuşdu. İndi isə görünür ki, bölgədə yenidən fəallaşmaq istəyir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. O qeyd edib ki, İranın vasitəçilik təklifi, Güney Qafqazda yenidən fəallaşmaq cəhdi kimi görünür, lakin hazırda nə Azərbaycan, nə də Ermənistan üçün belə bir vasitəçiyə ehtiyac yoxdur:
"Bu açıqlama belə bir nəticə çıxarmağa əsas verir ki, İran bu bəyanatla "Güney Qafqazda mən də varam" demək istəyir. Digər tərəfdən isə, mənim bildiyim qədərilə nə Azərbaycanın, nə də Ermənistanın İranın vasitəçiliyinə ehtiyacı yoxdur. Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasındakı münasibətlər artıq elə bir mərhələyə çatıb ki, müzakirələr aparılıb, sülh sazişi ilə bağlı bir çox işlər görülüb və görüşlər keçirilib. Hazırda vasitəçiyə xüsusi bir ehtiyac qalmayıb. Hətta bölgədə daha təsirli gücə malik dövlətlərin - Rusiya, Avropa İttifaqı və ABŞ-nin də aktiv iştirakına ciddi ehtiyac duyulmur. Yəni, nə Azərbaycan tərəfi, nə də Ermənistan tərəfi bu mərhələdə hər hansı bir ölkənin köməyinə və ya platformasına ehtiyac hiss etmir - o cümlədən də İranın. Bu baxımdan, məncə, İranın təklifi sadəcə növbəti bəyanatlardan biridir. Ola bilər ki, bu bəyanatın arxasında hansısa xoş niyyətlər və məramlar dayansın".
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında münasibətlər birbaşa dialoq səviyyəsindədir və İranın vasitəçiliyinə nə real ehtiyac, nə də ciddi maraq mövcuddur.
"Düşünmürəm ki, tərəflər bu bəyanata müsbət reaksiya verəcək və onu real təklif kimi dəyərləndirəcəklər. Dediyim kimi, Azərbaycan-Ermənistan münasibətləri artıq o səviyyəyə çatıb ki, tərəflər birbaşa ünsiyyət qura, istənilən məsələni birbaşa müzakirə edə bilirlər. Üstəlik, hazırda bu məqsədlə yaradılmış komissiyalar fəaliyyət göstərir, əlaqələr mövcuddur. Bu səbəbdən İranın bu təklifinə cavab yalnız nəzakət xatirinə bildirilən minnətdarlıq ola bilər, bundan artıq bir qarşılıq gözlənilmir. Digər tərəfdən isə, İranın regiona təsir imkanları da xeyli məhdudlaşıb. Mənim bildiyim qədərilə İranın təzyiq və təsir mexanizmləri hazırda mövcud deyil. Zəngəzur dəhlizi ilə bağlı vaxtaşırı bəyanatlar verirlər, lakin bu da əsasən İran ərazisindən keçən Araz dəhlizinin fəaliyyətini təmin etməyə xidmət edir. Hesab edirəm ki, Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsi və sülh sazişinin imzalanması baxımından İranın vasitəçiliyinə ehtiyac yoxdur".
Səidə Ramazanova