Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin rəhbərləri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər
2 İyun 15:02 MədəniyyətÖzbəkistanda səfərdə olan bir qrup Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin rəhbərləri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər.
Azərbaycan Respublikası təhsil nazirinin müavini İdris İsayevin başçılıq etdiyi geniş heyətə ilk öncə Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Mariflinin verdiyi məlumatda bildirilib ki, sözügedən Mədəniyyət Mərkəzi 2010-cu ildə yaradılıb və cənab Prezidentimiz İlham Əliyevin iştirakı ilə açılışı olub. Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət Mərkəzi qardaş Özbəkistanda istər Ümummilli Liderin irsinin təbliği, istər Azərbaycan mədəniyyətinin təbliği, öyrənilməsi, eləcə də iki ölkə və xalq arasında mədəni, ədəbi, elm, təhsil əlaqələrinin yaradılması və mövcud əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir. Bundan əlavə Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına və s. aid çox sayda nəşr layihələri həyata keçirilir, konsert proqramları, beynəlxalq konfranslar, simpoziumlar, ustad dərsləri, sərgilər təşkil edilir. Azərbaycan mədəniyyətini, tarixini daha effektiv təbliğini təşkil etmək məqsədilə Mədəniyyət Mərkəzində dörd muzey - Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi, Dostluq Muzeyi, Azərbaycan Xalçaları Muzeyi və kitabxana yaradılmış, rəqs, rəsm, Azərbaycan dili kursları eləcə də gənclərdən ibarət teatr truppası təşkil edilmişdir.
Ətraflı məlumat və isti qarşılanmaya görə bütün səfər heyəti atından Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edən İdris İsayev sözügedən mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda qonaqlarla xatirə fotosu çəkdirilib.