Zəngəzur dəhlizi və Hindistan-Ermənistan əməkdaşlığı: reallıq və perspektivlər - ÖZƏL

28 mayda Laçında keçirilən üçtərəfli Zirvə görüşü Hindistan mediasında diqqət çəkib. Hindistanın nüfuzlu media orqanlarından olan "india.com" saytında paylaşılan məqalədə qeyd olunur ki, Hindistan, İran və Ermənistan arasında əməkdaşlıq güclənə bilər. Hindistan Zəngəzur dəhlizində Ermənistana dəstək verərsə, Azərbaycanın Avropaya quru çıxışı əngəllənə və Türkiyə-Azərbaycan-Pakistan ittifaqına zərbə vurula bilər.

Maraqlıdır ki,  Hindistanın Ermənistanla yaxınlaşması və Zəngəzur dəhlizinə qarşı mövqeyi regional güc balansına necə təsir edə bilər? 
Məsələ ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:

"Məqalə diqqət çəkir, amma olduqca qeyri-peşəkar bir yanaşmadır. Ona görə ki, bəli, Hindistan Ermənistanla razılaşıb, Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının planlarını poza bilər. Amma burada məsələ budur. Azərbaycan Zəngəzur dəhlizi ilə açılmasının cəsarətini göstərib, bunu dəfələrlə qeyd edib ki, dəhliz açılmasa belə, bu bizim üçün fərqi olmayacaq. Biz mövcud əlaqələri İran üzərindən təmin edə bilirik. Qaldı ki, Azərbaycanın   Gürcüstandan Avropaya çıxışı var və həm Qara Dənizdən, həm də Gürcüstan-Türkiyə üzərindən Avropaya çıxışımız mövcuddur.
Yəni, Zəngəzur dəhlizi olsun ya olmasın, biz çıxış əldə edə bilirik. Məqalədə qeyd olunsaydı ki, Gürcüstanla münasibətlər kontekstində Azərbaycanda problem var, bu daha məntiqli yanaşma olardı. Amma faktiki olaraq ortada bəhs olunan məsələ Zəngəzur dəhlizi ilə bağlıdır.
Qaldı ki, Ermənistan özü də o məsələdə prosesdən yayına biləcək ölkə deyil. Əslində, Ermənistanın yayınmaq kimi bir düşüncəsi olduğuna inanmıram. Sadəcə Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi ilə dair kiçik bir detal var ki, bunun həlli vacibdir.
Bu nədir? Azərbaycan yolun dəhliz əsasında açılmasını istəyir, Ermənistan isə sadəcə yol əsasında açılmasını istəyir. Yəni, ortadakı təməl texniki fərq bundan ibarətdir və prosesin səngiməsinin də səbəbi budur. Tərəflər bu məsələdə sadəcə ortaq razılığa gələ bilmirlər.
Amma digər məsələlər öz qaydasındadır. Hindistanın indiki məqamda buna alternativ layihə irəli sürməsi mənə o qədər də inandırıcı gəlmir.  Hindistan İranı və Ermənistanı kifayət qədər yaxşı tanımır.
Qaldı ki, coğrafiyanı da yaxşı tanımır. Yəni, bir layihə icra etmək istəyirsənsə, bunun çox xərcli olduğunu başa düşməlisən. Qaldı ki, qrup bağlantısı qurmaq... Azərbaycan bugün Hindistana daha çox problem aça bilər.
Nəinki Hindistan Azərbaycana? Məsələn, bizim Pakistanla əlaqələrimiz çox yaxşı vəziyyətdədir. Türkiyə-Pakistan-Azərbaycan tandemi Hindistanın Avropaya çıxışından, ən azı quru yolundan, çıxışını qarşısını ala bilər.
Dəniz yolundan çıxmaq əlbəttə mümkündür. Amma quru yolundan çıxmaq üçün Pakistan və Əfqanıstana ehtiyac var. Və bu coğrafiyanın çətinliyi Hindistan belə xərcli bir layihəyə daxil olmasına səbəb olacaqdır. O baxımdan bu iddia olduqca qeyri-peşəkar və arqumentləşdirilmə baxımından da zəifdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31