İran: “Uran zənginləşdirmək hüququmuzdan imtina etməyəcəyik” – ÖZƏL

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Vaşinqtonla nüvə danışıqlarındakı mövqeyinin "dominantlığın rədd edilməsi" olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

İmam Xomeyni məqbərəsində keçirilən tədbirdə çıxış edən Əraqçi uranın zənginləşdirilməsinin ölkə üçün əsas ehtiyaclardan biri olduğunu vurğulayıb. "Onlar deyir ki, sizin zənginləşdirmə imkanınız olmamalıdır - bu, dominantlıq aktıdır. Yalnız onların narahatlığına görə iran xalqı öz haqqından imtina etməlidir? Bu, qəbuledilməzdir", - deyə o bildirib.

Nazir əlavə edib ki, İran heç zaman nüvə silahına can atmayıb və ölkə bu məsələdə Ayətullah Xameneinin göstərişlərinə əsaslanaraq qətiyyətlə davranacaq.

Cümə günü Roma şəhərində İran və ABŞ arasında Tehranın nüvə proqramına dair danışıqların beşinci raundu keçirilib. Danışıqlara İran tərəfdən Abbas Əraqçi, ABŞ tərəfindən isə prezident Donald Trampın regional elçisi Stiv Vitkoff rəhbərlik edib.

Əraqçi qeyd edib ki, İran uran zənginləşdirmək hüququndan heç bir halda geri çəkilməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31