Sarkisyan məhkəmə qarşısına çıxarılır – Yeni ittiham
21 May 16:00 SiyasətErmənistanın üçüncü prezidenti Serj Sarkisyan yeni cinayət işi üzrə ittiham olunur və bu gün ilk dəfə olaraq məhkəmə qarşısına çıxarılacaq.
Olaylar.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Serj Sarkisyanın Ermənistanın müdafiə naziri olduğu dövrdə 20 ilə yaxın davam edən torpaq alqı-satqısı ilə bağlı qanunsuz sövdələşmədə iştirakı iddia olunur.
Konkret olaraq, o, İrəvanın İsakov prospektində yerləşən torpaq sahələrinin dəyərindən aşağı qiymətə satılaraq, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın nəzarətində olan "Toyota-Yerevan" şirkətinin balansına keçməsində ittiham edilir.
Sarkisyanın vəkili isə yayılan ittihamların reallıqla heç bir əlaqəsinin olmadığını və siyasi motivli olduğunu bildirib.
Xatırladaq ki, Serj Sarkisyan 30 iyun 1954-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. O, 1989-1993-cü illərdə separatçı "Dağlıq Qarabağ Özünümüdafiə Qüvvələri Komitəsi"nə rəhbərlik edib. 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri, daha sonra isə milli təhlükəsizlik və daxili işlər naziri vəzifələrində çalışıb. 2000-2007-ci illərdə yenidən müdafiə naziri olub. 2008-ci ildən 2018-ci ilə qədər Ermənistan Respublikasının prezidenti və daha sonra qısa müddətə baş nazir postunu tutub.
Sarkisyan həmçinin 1992-ci ildə Xocalı faciəsində iştirak edən silahlı birləşmələrin təşkilatçılarından biri kimi də tanınır.
P.S. Bu kimi halların beynəlxalq səviyyədə araşdırılması və müharibə cinayətlərinə görə məsuliyyətin təmin olunması, Azərbaycanın illərdir tələb etdiyi ədalətin bərpası baxımından əhəmiyyətlidir. Serj Sarkisyan kimi şəxslərin cinayətlərinin ifşa olunması, regionda sülhün və ədalətin təmin olunmasına xidmət edir. (Milli.az)