Paşinyanın bir həftə öncə dediklərini malalamağa çalışır-Özəl

"Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilə qədər imzalanacağı haqda oktyabrın 15-də dediklərini bu dəfə keçirdiyi brifinqdə malalamağa çalışması, səhv anlaşıldığını bildirməsi, göstərilən müddəti 3-4 il qabağa çəkməsi və bunun üçün hətta növbədənkənar seçkiyə də gediləcəyini istisna etməməsi səbəbsiz deyil. Əlbəttə, burada əvvəlki sözlərinin Azərbaycanda yaratdığı reaksiya çox mühüm rol oynayıb. Fəqət Paşinyanın düz bir həftə öncə dediklərini dəbbələməyə çalışmasının iki alt səbəbi də var. Bunları ona görə alt səbəb adlandırıram ki, hər ikisi məhz Azərbaycanın narazılığından doğub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Bizimlə sülhün 2031-ci ilə qədər sürüşdürülməsinin regionda savaş riskini artırdığını yaxşı anlayan hay toplumu, özəlliklə də sosial şəbəkədə bununla bağlı açıq narazılıq ifadə edirdi. Əminəm ki, Qərbdəki bəlli çevrələrdən də ona bu taktiki gedişinin yanlış olduğunu, Azərbaycanla gərginliklərə yol açacağını və Ermənistanın çox böyük həsrətlə gözlədiyi investisiyaların yolunu kəsəcəyi deyilib. TRİP-in məhz Azərbaycanla Ermənistan arasında sülh müqaviləsindən birbaşa asılı olduğunu da xatırlatsaq, yəqin etmək olar ki, Vaşinqtonda da Paşinyanın 2031-ci illə bağlı fikirləri narazılıq doğurub və rəsmi İrəvanın dəhlizin açılmasını ləngidən bəzi hərəkətlərinin heç də relyefin mürəkkəbliyindən irəli gəlmədiyini daha aydın görüblər.
Ümumiyyətlə, məndə belə bir əminlik yaranıb ki, Paşinyanla komandasındakılara yenə kimsə tələsməməyi məsləhət görüb və regionda vəziyyətin tam da olmasa, xeyli onların xeyrinə dəyişdiriləcəyi vədini verib. Və belə görünür ki, o, yaxasında "Real Ermənistan"ın maketini gəzdirsə də, beynində gəzdirdiyi "Böyük Ermənistan" xülyasıdır, dildə Azərbaycan və Türkiyə ilə normal qonşuluqdan danışsa da, içində Njde gizlənib. Ona görə də rəsmi İrəvana bu gedişlə "Real Ermənista"la da vidalaşmalı olacaqları anladılmalı,  1990-cı ilin 23 avqustunda  qəbul etdikləri Müstəqillik Bəyannaməsinin preambulasında  Ermənistan Respublikasını 1918-ci ildə yaranmış Ararat Respublikasının varisi saydıqları xatırladılmalıdır. Ararat Respublikasının ərazisi isə 29 743 kv. km. yox, cəmi 9 min kv. km. idi. 
Siz necə düşünürsünüz, əgər "Real Ermənistan" və bizimlə sülh onlara başqa yol buraxmamağımızın nəticəsi deyil, Paşinyanın öz hədəfidirsə, onda niyə elə bugünkü brifinqdə "Biz 2020, 2021, 2022 və 2023-cü illərdə baş verənləri və Rusiyanın bu hadisələr zamanı necə seyrçi rolunda qaldığını heç vaxt unutmayacağıq" deyirdi? Axı məhz o sadaladığı tarixdəki savaş və əməliyyatlardır onun yaxasına "Real Ermənistan"ın maketini asdıran.
Bax bunun özü də göstərir ki, əllərinə fürsət düşsə, Ermənistanın Baş naziri də, ölkəsindəki digər revanşistlər kimi regionu yenidən 2020-ci ildən əvvəlki vəziyyətinə qaytarmaq istərdi. Onun beynindəki müstəqil Ermənistan yox, məhz budur. Sülh məsələsində tərəddüdləri də az öncə qeyd etdiyim kimi, yəqin ona kiminsə bunun tam da olmasa, mümkünlüyünü aşılamasından doğur.
Əks təqdirdə Paşinyan sözügedən brifinqdə 2020, 2021, 2022 və 2023-cü illərdə baş verənlərə haqq qazandırar, həmin tarixlərdə ötən əsrin 90-cı illərindəki kimi davranmayan, yəni haylarla birgə, bir çox hallarda isə onların yerinə Azərbaycana qarşı vuruşmayan Rusiyadan narazılığını dilə gətirmək əvəzinə kiminsə diqtəsi və yardımıyla torpaqlarımızı ələ keçirdiklərinə, soyqırımı törətdiklərinə, etnik təmizləmə apardıqlarına, digər vəhşiliklərə görə bizdən üzr istəyərdi. Özü də, toplumu də bir də belə qələt etməyəcəklərini bildirərdi. Amma bir gün bildirəcəklər, proseslər ona doğru gedir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31