Prezident İlham Əliyevdən Ermənistana mesaj

"Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır"

Tarix boyu qonşu dövlətlərin torpağında gözü olan Ermənistan öz ərazisini genişləndirməkdən ötrü bütün qanunsuz, qeyri-insani vasitələrdən istifadə edib. "Ermənistan yalnız ermənilər üçündür" prinsipini rəhbər tutan haylar digər xalqları ərazilərindən zorla çıxarmaqdan belə çəkinməyiblər. Ən çox zorakılığa məruz qalan isə azərbaycanlılar olub. Nəticədə Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımılarından böyük əziyyət çəkib. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatıb. Ermənilər tərəfindən aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır.

Hazırda Azərbaycan dövləti beynəlxalq hüquqa əsaslanaraq indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün məqsədyönlü addımlar atır. Bu məqsədlə təsis edilmiş "Qərbi Azərbaycan İcması" Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. İcmanın fəaliyyəti beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Tarixi faktlar sübut edir ki, azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. 

Türkiyənin Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və "Azərbaycan-Türkiyə Evi" İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə "Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi" mövzusunda keçirilən beynəlxalq konfrans da elə bu məqsədə xidmət edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə qeyd edib ki, Ermənistan minilliklər boyu Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin mədəni irsini, qədim yaşayış məskənlərini, məscidlərini, ziyarətgahlarını və qəbiristanlıqlarını məhv etmişdir: "Ermənistanın bu destruktiv addımları həmin ərazilərdən Azərbaycan xalqının izini silmək və regionun tarixini yenidən yazmaq məqsədi daşımışdır". Xatırladaq ki, azərbaycanlıların Ermənistandan qo

vulması prosesi 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Bu aktların, o cümlədən 1918-21-ci illərdə "Ermənistan respublikası" adlanan qurumların, Sovet İttifaqının, ələlxüsus, Zəngəzur daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox bölgələri Ermənistana vermiş və yüz min azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atmış SSRİ-nin bədnam rəhbəri İosif Stalinin və Ermənistan SSR-nin 1987-91-ci illərdə törətdiyi əməllərin nəticələri hələ də qalmaqdadır. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbirstanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib. Azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri Ermənistanda dövlət səviyyəsində şöhrətləndirilir.

Prezident İlham Əliyevin müraciətində qeyd olunub ki, 2020-ci il Vətən müharibəsində qazanılmış şanlı Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı Qərbi azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaratmış və onların daha mütəşəkkil qaydada fəaliyyət göstərməsinə imkan vermişdir. Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir: "Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir".

Sözün həqiqi mənasında bəşər tarixində presedenti olmayan bu haqsızlıq Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaratmış və onları Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazilərinə qarşı iddialara, güc tətbiqinə, hərbi işğala, əlavə kütləvi miqyaslı etnik təmizləməyə və insanlıq əleyhinə digər cinayətlərə həvəsləndirib. Azərbaycan Respublikasının Ermənistanın hərbi hücumu və işğalına qarşı 2020-ci ildə apardığı özünümüdafiə əməliyyatının qələbə ilə başa çatması ədalətin bərpa olunması istiqamətində mühüm addım olub və iki ölkə arasında sülh imkanlarını artırıb. Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir. Odur ki, azərbaycanlıların geri qaytarılmasının təmin olunması üçün beynəlxalq səviyyədə hüquqi bazanın yaradılması vacib şərtdir. 

Prezident İlham Əliyev müraciətində Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmalarının hüquqi baxımdan mümkün olduğunu və prosesin həyata keçirilməsinin yollarını da göstərib: "Təəssüf ki, Ermənistan cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, "böyük Ermənistan" xülyası, həmin ölkənin konstitusiyasında  Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur. Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, azərbaycanlılara məxsus mədəni irsin bərpası və qorunması üçün addımlar atmalı, bu məqsədlə UNESCO-nun monitorinq missiyasına icazə verməli, qayıdış mövzusunda İcma ilə dialoqa başlamalıdır. Ermənistan qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir. Bu məsələ ilə əlaqədar Ermənistan rəhbərliyinin İcmanın nümayəndələrini qəbul etməsini gözləyirik".

Azərbaycan tərəfi dəfələrlə ən yüksək beynəlxalq tribunalardan azərbaycanlıların geri qayıtmaları ilə bağlı konkret fikrini bəyan edib, üstəlik bunun hüquqi yolunu da açıqlayıb. Lakin rəsmi İrəvan və onun havadarları hamişə olduğu kimi manupuliyasiya edərək Azərbaycanın bu təklifini də öz istəklərinə uyğun yozaraq "Ermənistana qarşı ərazi iddiası" kimi dəyərləndiriblər. Prezident İlham Əliyev isə qeyd edib ki, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir: "Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir".

Dövlət başçısının müraciətindən aydın olur ki, Azərbaycan tərəfi iki əsr ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi qəbul etmir və bu ədalətsizliyin nəticələrini rədd edir. Həmçinin, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir. Sözsüz ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində 
Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri təmin ediləcək və Ermənistan tərəfi bunun üçün təhlükəsizlik zəmanəti vermək zorunda qalacaq. 

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31