Avropada artan hərbiləşmə tendensiyası BMT-ni narahat edir- ÖZƏL
17:01 DünyaBMT-nin Sivilizasiyalar Alyansı üzrə baş katibinin ali nümayəndəsi Migel Anxel Moratinos Avropada siyasi düşüncənin hərbiləşməsi meyillərinin təhlükəli olduğunu bildirib. Olaylar.az xəbər verir ki, o, bu fikirləri TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibədə səsləndirib.
"Bu gün bəzi Avropa paytaxtlarında siyasi düşüncənin hərbiləşməsi artır. Bu, çox təhlükəli tendensiyadır," - deyə Moratinos vurğulayıb.
O, Avropanın sülh layihəsi olaraq formalaşdığını xatırladaraq, 1950-ci il Şuman Bəyanatı və 1957-ci il Roma Müqaviləsinə istinad edib. "Təkcə bəyanatın müqəddiməsində 'sülh' sözü yeddi dəfə qeyd olunur," - deyə o bildirib.
Moratinos qeyd edib ki, Avropa Kömür və Polad Birliyi (AKPB) Avropa İttifaqının qurulmasında ilk addım olub və əsas məqsəd bu strateji sahələrin müharibəyə deyil, Avropa xalqlarının rifahı və birliyi naminə xidmət etməsi idi.
"Birlik kənd təsərrüfatı texnikası, sənaye avadanlıqları, avtomobilqayırma üçün maşınlar və elmi tədqiqatların inkişafı üçün yaradılmışdı. İndi isə silah və hərbi texnika istehsalına qayıdırıq. Bu, qurucu ataların ideallarına ziddir. Ona görə də son dərəcə ehtiyatlı olmaq lazımdır," - deyə o əlavə edib.