İran Baş Qərargahı ABŞ-ni Yaxın Şərqdə “yeni Vyetnam və ya Əfqanıstan”la hədələdi – ÖZƏL
17:02 Dünyaİran Silahlı Qüvvələrinin Baş Qərargahı Vaşinqtonun Yaxın Şərqdə mümkün səhv addımları halında ABŞ üçün "yeni Vyetnam və ya Əfqanıstan" ssenarisinin baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Olaylar.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
"ABŞ-nin regiondakı pozucu hərəkətləri istənilən halda onlar üçün yeni Vyetnam və ya Əfqanıstana çevriləcək", - deyə Baş Qərargahın bəyanatında bildirilir.
İran ordusu, həmçinin, ABŞ-nin təhdid və səhv addımlarına cavab veriləcəyini bəyan edib. Daha əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri ölkənin silahlı qüvvələrinin maksimum döyüş hazırlığı vəziyyətində olduğunu və təhlükəsizliyin təmin edilməsi istiqamətində planların həyata keçirildiyini bildirmişdi.
Bəyanat, CNN-in ABŞ rəsmilərinə istinadla İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək üçün mümkün hazırlıqlara başladığı barədə məlumat yaymasından sonra səsləndirilib.
Bununla bağlı İran Xarici İşlər Nazirliyi BMT və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) İsrailin təhdidlərinə qarşı İranın nüvə obyektlərini qorumaq üçün tədbir görməyə çağırıb. Tehran, həmçinin, İsrailin hücumu halında ABŞ-nin bu addımda birbaşa şərik hesab ediləcəyini və İrana qarşı istənilən təhdid və hücumlara qətiyyətlə cavab veriləcəyini vurğulayıb.