Özbəkistan Prezidenti Bakı sammitində türk dövlətləri arasında strateji tərəfdaşlıq haqda sazişin imzalanmasını təklif edib

Özbəkistan qarşıdan gələn Türk Dövlətləri Təşkilatının (TDT) Bakı Sammitində türk dövlətləri arasında strateji tərəfdaşlıq, əbədi dostluq və qardaşlıq haqqında sazişin imzalanmasını təklif edib.

Belə bir təkliflə Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev TDT-nin dövlət başçıları şurasının Budapeştdə keçirilən zirvə toplnatısında çıxış edib.

Özbəkistanlı dövlət başçısı qeyd edib ki, qısa müddət ərzində təşkilat çərçivəsində üzv ölkələr praktik və səmərəli nəticələr əldə ediblər.

"Bu yaxınlarda Daşkənddə keçirilən iqtisadi beyin mərkəzlərinin forumu bir daha əməkdaşlığımızın genişlənməsi üçün böyük potensialın mövcud olduğunu təsdiqlədi," - deyə Şavkat Mirziyoyev vurğulayıb.

Onun sözlərinə görə, Özbəkistan tərəfindən irəli sürülmüş bu saziş mövcud şəraitdə xüsusi aktuallıq kəsb edir.

"Şübhəsiz, bu sənəd xalqlarımızın yaxınlaşması üçün əsas olacaq və çoxtərəfli əməkdaşlıq üçün uzunmüddətli hüquqi baza yaradacaq," - deyə o bildirib.

Özbəkistan Prezidenti sazişin Bakıda bağlanmasının türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addım olacağını vurğulayıb. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31