“Fransa və Rusiya Rumıniya seçkilərinə müdaxilə etməyə çalışır” – Ramiyə Məmmədova – ÖZƏL
14:51 Siyasət"Rumıniyada keçirilən seçkilərin birinci turu ləğv edildi. Bu, əsasən üçüncü dövlətlərin seçki prosesinə müdaxilə etməsi ilə bağlı yayılan fikirlər fonunda baş verdi. İddialara görə, ilk olaraq Fransa tərəfindən - xüsusilə də Telegram platforması üzərindən - seçkilərə müdaxilə cəhdləri qeydə alınıb".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. O qeyd edib ki, Fransa və Rusiyanın Rumıniya seçkilərinə sosial şəbəkələr vasitəsilə müdaxilə etdiyi iddiaları narahatlıq doğurur:
"Məlumata görə, Fransa Avropa yönümlü namizədi dəstəkləyərək seçkilərin nəticələrinə təsir göstərməyə çalışıb. Bu, müəyyən dairələr tərəfindən Fransanın keçmişdə olduğu kimi kolonial yanaşma ilə Rumıniyanı siyasi təsiri altına almaq cəhdi kimi qiymətləndirilir. Telegram üzərindən aparılan manipulyasiyalarla Fransanın Rumıniya seçkilərinə dolayısı ilə təsir göstərməsi barədə narahatlıqlar var. Qeyd edilməlidir ki, bir il əvvəl Fransanın müəyyən dövlət qurumları ilə bağlı araşdırmalar aparılmış və bu çərçivədə Telegram platformasının Fransa hökumətinə satılması məsələsi gündəmə gəlmişdi. Həmin dövrdə razılaşma baş tutmasa da, görünür, Fransa müxtəlif yollarla bu platforma üzərindən təsir imkanlarını saxlamağa çalışır. İddialara əsasən, bu gün də Fransa öz maraqları çərçivəsində seçkilərə təzyiq göstərərək istədiyi namizədi dəstəkləyir. Eyni zamanda, Rusiyanın da Rumıniyada seçki prosesinə müdaxiləsi məsələsi gündəmdədir. Belə ki, keçmişdə SSRİ-yə daxil olan Rumıniyada bu gün də Rusiyanın müəyyən təsirlərini saxlamağa çalışdığı bildirilir. Xüsusilə TikTok platforması vasitəsilə informasiya manipulyasiyası yolu ilə seçkilərə müdaxilə edildiyi iddia olunur".
Siyasi şərhçinin sözlərinə görə, Fransa və Rusiya hələ də kolonial yanaşmadan əl çəkməyərək, Rumıniya kimi ölkələrdə seçki proseslərinə öz maraqları naminə müdaxilə etməyə çalışırlar.
"Rumıniya bu gün Avropa İttifaqının üzvü olsa da, həm Fransa, həm də Rusiya tərəfindən kolonial düşüncə ilə hələ də təsir altında saxlanılmağa çalışılır. Bu iki dövlət öz maraqlarına uyğun namizədlərin seçilməsinə çalışır və beləliklə, həmin şəxslər vasitəsilə Rumıniyada gələcək siyasətlərini formalaşdırmağa cəhd göstərirlər. Sonda qeyd olunmalıdır ki, nə Fransa, nə də Rusiya indiyədək öz kolonial ideyalarından tamamilə imtina etməyib. Bu səbəbdən də həmin ölkələrin müxtəlif bölgələrdə, xüsusilə də keçmişdə təsir dairəsində olmuş ölkələrdə seçki proseslərinə müdaxilə cəhdləri hələ də aktualdır".
Səidə Ramazanova