Sahil Kərimli: Əliyev və Orban arasındakı dostluq Azərbaycan-Macarıstan əməkdaşlığını dərinləşdirir – ÖZƏL
21 May 17:36 Siyasət"Macarıstanla Azərbaycan arasında uzun illərdir ki, çox sıx əməkdaşlıq münasibətləri mövcuddur. Bu münasibətlərin inkişafında bir sıra amillər mühüm rol oynayır. Əsas amillərdən biri də Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Macarıstanın Baş naziri Viktor Orban arasında mövcud olan dostluq münasibətləridir. Məhz bu şəxsi münasibətlər iki ölkə arasındakı əməkdaşlığı daha da dərinləşdirir".
Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib. O qeyd edib ki, Macarıstanın Türk dünyası ilə əməkdaşlığı və Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığı iki ölkə arasında dostluq münasibətlərini daha da möhkəmləndirir:
"Macarıstanın türkdilli ölkələrlə, o cümlədən Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq etməsi, bu təşkilata müşahidəçi qismində qoşulması və son günlərdə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün Macarıstanda keçirilməsi bir daha göstərir ki, Macarıstan türk dünyasına ciddi töhfələr verir. Azərbaycanla Macarıstan arasında çoxşaxəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın əsas istiqamətlərindən biri iqtisadi münasibətlərdir. Xüsusilə də neft-qaz və enerji sahəsindəki əlaqələr qeyd olunmalıdır. Azərbaycanın təşəbbüsü və müəllifliyi ilə həyata keçirilən iri enerji layihələri Macarıstana da müsbət təsir göstərir. Hazırda Azərbaycanın Macarıstanın enerji təminatında xüsusi rolu var. Bu əlaqələrdə Azərbaycanın səmimi dostluq və qardaşlıq münasibətləri Macarıstan tərəfindən də yüksək qiymətləndirilir və qarşı tərəf tərəfindən rəğbətlə qarşılanır. Macarıstan, məlum olduğu kimi, Avropa İttifaqının üzvü olsa da, müstəqil və milli maraqlara əsaslanan siyasət yürüdür. Azərbaycanın dünyada artan nüfuzu və beynəlxalq imici fonunda bu əməkdaşlıq daha da genişlənməkdədir. Təbii ki, gələcəkdə də bu strateji tərəfdaşlıq daha da dərinləşəcək. Azərbaycanın həyata keçirdiyi pragmatik, səmimi və humanist siyasət bu münasibətlərin inkişafında və gələcəkdə daha da möhkəmlənməsində mühüm rol oynayacaqdır".
Səidə Ramazanova