Niyə sülh sazişi Ermənistan–Azərbaycan arasında yeni müharibə riskini aradan qaldırmır?-Özəl
11:00 Siyasət"Ermənistan-Azərbaycan arasında hər hansı sülh mahiyyətli sənədin imzalanması gələcək müharibə riskinin aradan qalxmasına zəmanət vermir. Əvvəla, Vaşinqtonda 2025-ci ilin avqustunda 8-də paraflanmış sülh sazişi də klassik hüquqi-siyasi sülh müqaviləsindən əhəmiyyətli dərəcədə fərqlənir. Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edib və sovet hakimiyyəti illərində, Azərbaycanın razılığı olmadan verilmiş ərazilər üzərində Ermənistanın legitim hüququ da yoxdur və həmin paraflanmış sülh sazişi də faktiki həmin hüququ tanımır. "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "Azərbaycan Ermənistan Konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddialarını əks etdirən müddəaların aradan qaldırılmasını sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri kimi irəli sürüb. Konstitusiyaya müvafiq dəyişikliklər edilmədən hər hansı formada tərəflər arasında sülh razılaşmasının uzunmüddətli siyasi dayanıqlığı ola bilməz baxmayaraq ki, rəsmi İrəvan elə bu günlərdə konstitusiyada mümkün dəyişikliklər barədə açıqlamalar verdi.
Ermənistan-Azərbaycan arasında yeni müharibə riskinin əsas səbəblərindən biri Ermənistanda revanşist qüvvələrin güclənməsi və hakimiyyət dəyişikliyi ehtimalıdır, baxmayaraq ki, Paşinyan iqtidarı bu il iyunun 7-də keçirilən seçkidə də yenidən qalib gəldi. Zəngəzur dəhlizi və TRIPP layihəsi ətrafındakı ziddiyyətlər hakimiyyət dəyişikliyinə və Azərbaycanla münasibətlərin kəskinləşməsinə səbəb ola bilər. Həmçinin Rusiyanın Cənubi Qafqazda təsirini qorumaq istəyi, Ermənistanın Moskvadan uzaqlaşması, KTMT- da üzvlüyünün faktiki dayandırması, Qərbə yaxınlaşması və TRIPP layihəsi ətrafında yaranan geosiyasi rəqabət yeni münaqişə risklərini artırır. Moskvanın da Ermənistan-Azərbaycan ziddiyyətlərini dərinləşdirmək və məqsədinə istifadə etməsi ehtimalı yüksəkdir.
İranın da Ermənistanla bağlı mövqeyi, iqtisadi və geosiyasi maraqları, eləcə də kommunikasiyaların açılması İranın tranzit gəlirlərinə və regional nəqliyyat marşrutlarına nəzarət imkanlarına əhəmiyyətli təsirə malikdir. Eyni zamanda, TRIPP-la əlaqəli ABŞ-ın regionda gücləndirməsini və İran sərhədlərinə yaxınlaşmasını Tehran təhlükəsizlik təhdidi kimi görür.
Paraflanmış sülh sazişi imzalansa belə, onun icrası zamanı daxili siyasi qarşıdurmalar, konstitusion məsələlər, ərazi sahəsi, sərhədlərin delimitasiyası və nəqliyyat xətlərinin idarə olunması ilə bağlı narazılıqlardan Rusiya, İran və sair bəzi ölkələr maksimum istifadə niyyətləri özünü açıq göstərir.
Azərbaycanın öz hərbi və iqtisadi gücü və həmçinin Türkiyə ilə strateji ittifaqı regional güc balansının əsas şərtidir. Ermənistanın da bu birliklə qarşıdurmaya getməsi ciddi strateji risk yaratsa da, ona olunan xarici dəstək və hərbi yardım müharibə ehtimalını qoruyur. Paraflanmış sülh sazişinin imzalanması da müharibə ehtimalını aradan qaldırmır. Yeni müharibə revanşizmin güclənməsi, diaspor və kilsə faktoru, Ermənistanın silahlanması, TRIPP ətrafında geosiyasi rəqabət və Rusiya-Qərb-İran maraqlarının toqquşması yeni hərbi eskalasiya riskini ayaqda saxlayır.
Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatını kapitulyasiya aktı deyil, atəşkəs və sülh razılaşması kimi təqdim etməyə çalışır. Paralel, ABŞ, Rusiya, İran, Fransa, Hindistan, Çexiya, Yunanıstan və digər ölkələrdən silah tədarükünü genişləndirir, hərbi aviasiya və PUA-dron potensialını gücləndirir.
Donald Trampın dəstəyi ilə Rusiyanın Ukrayna müharibəsində qələbəsinin rəsmiləşdirilməsi ehtimalı və bunun Cənubi Qafqaza geosiyasi təsiri Ermənistan-Azərbaycan arasında yeni müharibə riskini ciddi şəkildə artıra bilər".