“Qərbi Azərbaycan məsələsi artıq qlobal miqyasda gündəmə gətirilməlidir…”— ÖZƏL
21 May 2025 12:34 SiyasətPrezident İlham Əliyev Ankarada keçirilən konfransa göndərdiyi müraciətdə bildirib ki, Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisi) azərbaycanlılar zorla çıxarılıb və bu insanlar doğma yurdlarına sülh yolu ilə qayıtmaq istəyirlər. O deyib ki, bu istək Ermənistana qarşı ərazi iddiası deyil, insan hüququdur. Prezident Ermənistanı bu prosesə mane olmamağa, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa və mədəni irsin qorunmasına şərait yaratmağa çağırıb.
Ermənistanın bu prosesə münasibəti regionda sülhə necə təsir edə bilər?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib ki, qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına geri dönməsi, onların sistematik şəkildə son onilliklər və hətta yüzilliklər ərzində uğradıqları haqsızlıqlara son qoyulması və hüquqlarının bərpa edilməsi təkcə tarixi bir həqiqət deyil, həm də tarixi bir zərurətdir: "Bu, eyni zamanda beynəlxalq hüququn təməl prinsiplərinə uyğun olaraq insan hüquqlarının təcəssümüdür.
Bu səbəbdən də, hazırda Azərbaycan Qərbi Azərbaycan məsələsinə daha həssas yanaşır. Bu haqsızlığın, hüquqsuzluğun və özbaşınalığın sona çatması üçün çalışır. Azərbaycan tərəfi həm dünya dövlətlərini, həm də məsul tərəf kimi Ermənistandan bu məsələyə daha adekvat yanaşmağı tələb edir. Bu məsələdə Azərbaycan tamamilə haqlıdır və nə Ermənistan, nə də onun havadarları və ya digər üçüncü tərəflər bu haqlı iddiaları və haqlı səsləri batırmağa çalışmamalıdır. Lakin təəssüflər olsun ki, biz necə bir riyakar dövlətlə və riyakar düşüncə tərzinə sahib bir xalqla üz-üzə olduğumuzu da yaxşı bilirik. Gözləniləndir ki, Ermənistan Azərbaycanın bu çağırışlarına cavab verməyəcək, qarşı çıxmağa çalışacaq. Azərbaycanlıların doğma yurdlarına qayıtması və hüquqlarının bərpası məsələsini müxtəlif yollarla təxirə salmağa, bu məsələdən imtina etməyə və monoetnik dövlət prinsipinə sadiq qalmağa davam edəcək.
Bu baxımdan, artıq bu məsələ Qərbi Azərbaycan məsələsi ilə paralel şəkildə daha ciddi araşdırılmalı və Azərbaycan öz üzərinə düşən vəzifələri yerinə yetirərək Qərbi Azərbaycandan zorla çıxarılan soydaşlarımızın hüquqlarının bərpası üçün daha sistemli və planlı fəaliyyət həyata keçirməlidir.Ən əsası isə, Prezidentin müraciətində də qeyd edildiyi kimi, Qərbi Azərbaycan məsələsi artıq qlobal miqyasda gündəmə gətirilməlidir. Bu məsələ bütün dünya dövlətlərinə - istər regiona təsiri olan, istərsə də təsiri olmayan dövlətlərə - olduğu kimi çatdırılmalıdır. Artıq bunun üçün planlı işlərin görülməsinin vaxtı çatıb.Ermənilərin bu barədə nə deməsi və necə hay-küy salması önəm daşımamalıdır. Bu məsələdə ermənilərin narazılığına görə geri addım atmaq olmaz. Tarixi bir haqsızlıq var və bu haqsızlığın aradan qaldırılması vacibdir. Necə ki, Azərbaycan Qarabağı işğaldan azad edərkən nə qədər beynəlxalq təzyiqlərlə üzləşdi, eyni ilə də Qərbi Azərbaycan məsələsi bu gün heç bir təzyiqə baxılmadan sistematik şəkildə gündəmdə saxlanılmalı və işlənməlidir.
Bu məsələ qlobal səviyyədə daha geniş şəkildə yayılmalı, Azərbaycanın haqları tanıdılmalı və təsdiqlənməlidir. Bu hüquqlar təsdiq olunduqdan sonra isə Qərbi azərbaycanlıların hüquqlarının birmənalı şəkildə qəbul edilməsi üçün Ermənistan üzərində daha ciddi təzyiq mexanizmləri hazırlanmalı və tətbiq olunmalıdır.Bu məsələ, əgər düzgün şəkildə idarə olunmasa, Qafqazda sülh quruculuğuna mənfi təsir göstərə bilər. Çünki Ermənistan indiyə qədər də sülh prosesini uzatmağa çalışıb və müxtəlif vasitələrlə bu niyyətini davam etdirib. İndi isə Ermənistan tərəfi Qərbi Azərbaycan məsələsini dünya ictimaiyyətinə Azərbaycanın qeyri-adi, ədalətsiz bir iddiası kimi təqdim etməyə çalışacaq.Azərbaycanlıların Ermənistana ərazi iddiası irəli sürdüyü görüntüsü yaradılmağa cəhd olunacaq və bununla da yenidən "məzlum Ermənistan" obrazı formalaşdırılacaq. Bu yolla həm Qərbi Azərbaycan məsələsini kölgəyə salmağa, həm də sülh prosesini bir müddət daha uzatmağa çalışacaqlar. Beləliklə, regiondakı status-kvonun dəyişməsi üçün yeni vaxt qazanmaq istəniləcək.Lakin artıq Azərbaycan əvvəlki qədər səbirli olmayacaq. Necə ki, 2020-ci ildən sonra ermənilərin vaxtı uzatmaq cəhdlərinin qarşısı alındı, indi də bu kimi mənfur niyyətlərin qarşısı alınacaq. Azərbaycanın həm Qarabağda, həm də digər tarixi torpaqlarında hüquqlarının bərpası üçün əməli addımlar atılacaq.Nəticə etibarilə, bu məsələ üzərində daha ciddi işlənməli, atılacaq addımlar planlaşdırılmalı, sistemləşdirilməli və ardıcıl şəkildə həyata keçirilməlidir."
Gülxanım Əliyeva