Zeynal Əmrəliyev: Fransa Cənubi Qafqaz reallığını dərk etməyə başlayır – ÖZƏL

Fransa Prezidenti Emmanuel Makron mayın 16-da Albaniyada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısında çıxışı zamanı bildirib ki, Fransa Azərbaycan və Ermənistan arasında yekun sülhün əldə olunması və sülh sazişinin imzalanması istiqamətində atılan addımları dəstəkləyir.

Xatırladaq ki, həmin sammit çərçivəsində Makron Azərbaycan Prezidenti İlham Əliyevlə qısa görüş keçirib. 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra Fransa rəsmi Bakıya qarşı bir sıra qərəzli bəyanatlarla çıxış edib, o cümlədən BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul edilməsinə üç dəfə cəhd göstərib.

Makronun son çıxışı və Tiranada baş tutan görüş Fransa-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı sayıla bilərmi, yoxsa bu, sadəcə formal diplomatik jestdir?

"Fransa Prezidenti Emmanuel Makronun Albaniyada keçirilən zirvə toplantısında Azərbaycanla bağlı səsləndirdiyi fikirlər göstərir ki, Fransa artıq Cənubi Qafqaz reallığını dərk etməyə başlayır. ABŞ-də hakimiyyət dəyişikliyi baş verdikdən və Donald Trump yenidən hakimiyyətə gəldikdən sonra Fransanın da mövqeyində dəyişiklik olacağı ehtimal edilir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev bildirib. Siyasi şərhçi qeyd edib ki, ABŞ və regiondakı dəyişikliklər fonunda Fransa, Azərbaycanla münasibətləri yumşaltmağa və əməkdaşlığa üstünlük verməyə məcbur qalır:

"Co Bayden dövründə onun komandası əsasən ermənipərəst mövqe tuturdu və bu da Fransanı eyni mövqeni nümayiş etdirməyə təşviq edirdi. Lakin Donald Trump hakimiyyətə gəldikdən sonra Cənubi Qafqaz siyasətində dəyişikliklər etdi və bunun nəticəsində Fransanın da bu bölgəyə yanaşmasında müəyyən qədər dəyişiklik baş verdi. Eyni zamanda Parisdə anlayırlar ki, rəsmi Bakı öz mövqeyindən geri çəkilmir, Fransanın atdığı addımlara eyni dərəcədə cavab verir. Bu da Fransanı Azərbaycanla bağlı mövqeyini müəyyən qədər yumşaltmağa məcbur edib. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Fransada son zamanlar ABŞ-nin Avropaya qarşı münasibətinin kəskinləşməsi fonunda Avropa İttifaqında liderlik uğrunda rəqabət güclənib. Bu liderliyin əldə olunması üçün isə Azərbaycanla münasibətlər mühüm əhəmiyyət daşıyır".

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu Fransanı onunla münasibətləri normallaşdırmağa və strateji əməkdaşlığa yönəlməyə vadar edir.

"Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən biridir. Bu səbəbdən Azərbaycanla münasibətlərin normallaşdırılması, Avropada liderlik iddiası olan bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, Fransa bütün bu faktorları nəzərə almalıdır. Ümid edirəm ki, münasibətlərdə müsbət irəliləyiş olacaq və rəsmi Paris etdiyi səhvləri anlayaraq, Azərbaycanla əlaqələrin normallaşdırılması istiqamətində düzgün addımlar atacaq".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31