"Azərbaycan siyasətini başqasının razılığına deyil, öz maraqlarına əsaslanaraq qurur" – Mübariz Göyüşlü- ÖZƏL
15:47 SiyasətAzərbaycanın son dövrlərdə xarici siyasətdə fəallaşması çoxvektorlu diplomatiya xəttinə sadiqliyini nümayiş etdirir. İran, Çin və Avropa İttifaqı ilə münasibətlər inkişaf etdiyi halda, Rusiya ilə gərginlik müşahidə olunur. Prezident İlham Əliyevin Moskvadakı 9 May paradına qatılmaması da Bakı-Moskva münasibətlərindəki soyuqluğu göstərir.
Mövzu ilə bağlı siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan siyasətini başqasının razılığına deyil, öz maraqlarına əsaslanaraq qurur:
"Azərbaycan öz maraqlarını, öz milli dövlətçilik maraqlarını əsas götürərək xarici və daxili siyasətini bu prinsiplər üzərində qurur. Bu əsaslara əsasən siyasət həyata keçirilir. Biz hansısa xarici dövlətlərin - istər qonşumuz olsun, istər uzaq, istərsə də yaxın dövlətlər , onların razılığına və ya narazılığına görə deyil, ilk növbədə öz milli maraqlarımızı əsas götürərək siyasətimizi aparırıq. Təbii ki, bu kontekstdə biz şimal, cənub, şərq və qərb coğrafi istiqamətlərində yerləşən dövlətlərlə, o cümlədən qonşularımızla münasibətlərimizi yüksək səviyyədə saxlamağa çalışırıq və saxlayırıq da. O cümlədən Rusiya ilə bağlı məsələlərdə bizim onlara qarşı münasibətimizlə, onların bizə qarşı münasibəti adekvat deyil. Yəni biz mehriban, dinc, səmimi bir qonşuluq münasibəti qurmuşuq, təşəbbüs göstərmişik, amma qarşı tərəfin davranışları təbii ki, bizim haqlı narazılığımıza səbəb olur. Lakin buna baxmayaraq, biz bu münasibətləri düşmənçilik səviyyəsinə çatdırmırıq, iradlarımızı bildiririk və fəaliyyətlərimizi davam etdiririk. Həmçinin kimlər ki, Azərbaycanın maraqlarını nəzərə alırlar, biz onlarla əməkdaşlığı davam etdiririk.
Baxın, eyni məsələlər İranla da bağlı var idi, eyni məsələlər Avropa İttifaqı ilə də yaşanırdı və artıq bu məsələlərin hamısı çözülməkdədir. Onlar da Azərbaycanın gücünü, potensialını, haqlı iradlarını qəbul edərək mehriban qonşuluq münasibətlərini və əməkdaşlığı davam etdirirlər.
Düşünürəm ki, Rusiya ilə olan məsələlər də öz həllini tapacaq. Azərbaycanın balanslı xarici siyasəti davam edəcək və biz hər hansı bir gərginlik və ya ziyanlı tərəf müşahidə etməyəcəyik".
Zeynəb Mustafazadə