Elçin Xalidbəyli: Tehran anlayır ki, Azərbaycanla əməkdaşlıq Ermənistandan daha sərfəlidir – ÖZƏL

"Azərbaycan və İran arasında fikir ayrılıqları və maraq toqquşmaları hər zaman olub və yəqin ki, bundan sonra da olacaq. Ancaq vaxtdaşırı müəyyən qarşıdurmalar baş versə belə, istənilən halda münasibətlərin normal məcraya qaytarılması olduqca vacibdir. Çünki İran və Azərbaycan sərhəd qonşusu olan dövlətlərdir və bu iki ölkə arasında normal münasibətlərin mövcudluğu hər iki tərəfin maraqlarına cavab verir. Xüsusilə də müasir dünyada və beynəlxalq siyasi sistemin zəiflədiyi bir şəraitdə, iki qonşu ölkənin daha yaxından əməkdaşlıq etməsi vacib faktorlardan biridir. Hazırda əslində Azərbaycan və İran arasında real yaxınlaşma əlamətləri müşahidə olunmur. Sadəcə, iki dövlət arasında mövcud münasibətlərin böhranlı mərhələdən inkişaf mərhələsinə keçirilməsinə yönəlik qarşılıqlı addımlar atılır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan və İran münasibətləri inkişaf edir, Tehran isə artıq Ermənistanın siyasətinin öz maraqlarına uyğun olmadığını dərk etməyə başlayıb:

"Azərbaycan və İran münasibətləri inkişaf etdirmək, əməkdaşlığı genişləndirmək və gələcək tərəfdaşlıq perspektivlərinin önünü açmaq məqsədilə müxtəlif təşəbbüslərlə çıxış edirlər. Bu isə olduqca doğru və pozitiv bir istiqamətdir. Eyni zamanda, Azərbaycan və İran arasında münasibətlərdə əvvəllər müəyyən problemlər olmuş olsa da, artıq Rəsmi Tehran son vaxtlar anlamağa başlayıb ki, əslində Ermənistan İrana sərfəli bir siyasi-ideoloji xətt yürütmür".

Elçin Xalidbəyli qeyd edib ki, Ermənistan İranın rəqibləri ilə yaxınlaşsa da, Tehran anlayır ki, müstəqil siyasət yürüdən Azərbaycanla əməkdaşlıq həm geosiyasi, həm də iqtisadi baxımdan daha faydalıdır.

"Ermənistanın xarici siyasəti əsasən İranla ciddi problemləri olan dövlətlərlə yaxınlaşma prioritetləri üzərində qurulub. Ermənistan İranın beynəlxalq rəqibləri ilə daha yaxın münasibətlər saxlayır və Rəsmi İrəvan istənilən vaxt İranla problemi olan dövlətlərin təlimatları ilə İrana qarşı istənilən addımı ata bilər - hətta xəyanət belə edə bilər. Təbii ki, Rəsmi Tehran bunu anlayır və onu da görür ki, Azərbaycan heç bir xarici dövlətin təsiri altında deyil və tam müstəqil xarici siyasət yürüdür. Azərbaycan öz ərazisindən nə İrana, nə də başqa bir dövlətə qarşı istifadə olunmasına imkan yaratmır. Bu baxımdan Rəsmi Tehranın da maraqları Azərbaycan-İran münasibətlərinin mümkün qədər pozitiv məzmun daşımasına yönəlib. Bu münasibətlərin inkişafı həm iqtisadi sahədə, həm nəqliyyat-kommunikasiya sahəsində, həm də geosiyasi baxımdan həm Azərbaycana, həm də İrana olduqca sərfəli ola bilər".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31