Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli tərəfdaşlıq əlaqələri — ÖZƏL

Azərbaycan son illərdə Macarıstanla əlaqələrini gücləndirir. Bu əməkdaşlıq təkcə siyasət və iqtisadiyyatla yox, həm də enerji, təhlükəsizlik və regiondakı birliklə bağlı məsələləri əhatə edir. Avropa İttifaqına üzv olan Macarıstan, Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır.
Maraqlıdır, Macarıstanla yaxın əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə necə təsir edir və bu, ölkənin xarici siyasətində hansı üstünlüklər yarada bilər?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib ki, 
"Qeyd etmək lazımdır ki, Macarıstan və Azərbaycan uzun müddətdir ki, çox yaxın tərəfdaşlıq əlaqələrinə malikdirlər və bu əlaqələr bir çox sahələri əhatə edir. Xüsusilə də enerji, ticarət, təhsil və turizm sahələrində əlaqələr geniş şəkildə inkişaf etməkdədir.Bundan əlavə, siyasi əlaqələr və dialoq kifayət qədər yüksək səviyyədədir. Macarıstan, Avropa İttifaqının və NATO-nun üzvü olaraq, Azərbaycanda tərəfdaşlıq edir ki, bu da Azərbaycanın Avropa və Qərblə münasibətlərinin möhkəmlənməsinə töhfə verən bir amildir.Nəzərə almaq lazımdır ki, Macarıstan Avropa İttifaqı daxilində kifayət qədər müstəqil siyasət yürüdən bir ölkə kimi tanınır. Bundan başqa, Azərbaycan və Macarıstan həm də Türk Dövlətləri Təşkilatının üzvləridir və əməkdaşlığımızın istiqamətlərindən biri də məhz bu platformadır ki, bu da olduqca önəmli bir hadisədir.
Yəni, bizim Macarıstanla qeyd etdiyimiz münasibətlərdən başqa, həm də qədim tarixi, mədəni və etnik-milli əlaqələrimiz mövcuddur ki, bu da tərəflər arasında əlaqələrin və bağların möhkəmlənməsinə stimul verən amillər sırasındadır."

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31